Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəllərindən
başlayaraq, hər zaman qonşu İranın maddi və mənəvi dəstəyindən kifayət qədər
yararlanıb. Sonrakı dövrlərdə İran və Ermənistanın dövlət və hökumət
nümayəndələrinin qarşılıqlı səfərləri, iqtisadi sahədə reallaşdırılması nəzərdə
tutulmuş yeni layihələrin icrası, Ermənistandakı infrastrukturun dirçəldilməsi
məqsədilə İran tərəfindən həyata keçirilən tədbirlər yeritdiyi işğalçılıq
siyasəti ucbatından regionda təklənən Ermənistana ikinci bir nəfəs verdi. Son
illərdə İranın Ermənistanla siyasi, hərbi, iqtisadi, enerji, turizm, rabitə,
yeraltı sərvətlərin istismarı sahələrində və ticarət dövriyyəsi üzrə
əməkdaşlığına dair çoxsaylı faktlar toplanıb.
Farslar ermənilərdən öz məqsədləri üçün istifadə edir
Hazırda düşmən ölkənin iqtisadiyyatı faktiki iflic
vəziyyətindədir və Ermənistanın dövlət borcu ilə büdcə kəsirinin həcmi artmaqda
davam edir. Buna görə də ermənilər İranla layihələrini problemdən çıxış
yollarından biri sayır. Çünki Ermənistanın xaltasını əlində saxlayan Rusiya
belə bu ölkəyə satdığı xam neftlə, təbii qazın həcmini azaltmaqla yanaşı,
tariflərini dəfələrlə artırıb.İranın isə ermənilərə qarşı "məhəbbətinin"
arxasında başqa məqsədlər dayanıb. Bunlardan biri, demək olar ki, əsası Cənubi
Qafqazdakı proseslərə təsir imkanlarıdır. Farslar həmişə ermənilərdən istifadə
ediblər və indi də belədir. Tehranın Ermənistanla layihələrində zəruri
investisiyaların hamısını İran qarşılayır və yalnız sonradan əldə ediləcək
gələcək gəlirlərin hesabına İran öz vəsaitini geri qaytaracaq. Buna bir
dövlətin başqasına yardımının sivil forması deyilir. Təbii ki, bütün bunlar
təmənnasız olunmur. İranın başlıca məqsədi Ermənistana ciddi təsir,
layihələrdən sonra isə təzyiq imkanlarına yiyələnmək, Yerevanın Qərbin təsir
dairəsinə düşməsinə imkan verməməkdir.
Sərhəddəki azad ticarət zonası
Hətta bir müddət öncə İranın bu ölkədəki yeni səfiri Məhəmməd
Rəisi Ermənistanın baş naziri Tiqran Sarkisyanla görüşündə İranın Ermənistanla
əlaqələri inkişaf etdirmək üçün heç bir şeydən çəkinmədiyini vurğulayıb, hətta
bildirib ki, iki ölkə arasındakı əlaqələrin hər sahədə inkişafı üçün İran hər
cür əməkdaşlığa açıqdır.Bundan bir neçə gün sonra isə İranın azad ticarət zonası
naziri Sadiq Nəcəfi Ermənistan sərhədindəki Nurduz bölgəsində 30 hektarlıq
ərazinin azad ticarət zonasına çevrildiyini bəyan edib. İki ölkə
münasibətlərinin yaxşı olduğunu deyən iranlı nazir ikili siyasi
münasibətlərində bu bölgənin azad ticarət zonası elan edilməsindən sonra daha
da güclənəcəyini bildirib. Sadiq Nəcəfi, həmçinin, Nurduz sərhəd zonasında
beynəlxalq vəhşi təbiət parkının yaradılacağını da deyib.
İran və Ermənistanın birgə layihələri
350 milyon dollarlıq layihə olan Mehri su-elektrik
stansiyasının tikintisi İran tərəfindən həyata keçiriləcək, çəkdiyi xərc isə
sonradan HES-də istehsal ediləcək elektrik enerjisi vasitəsilə ödənəcək. İranla Ermənistan arasında yüksək gərginlikli
elektrikötürmə xətti də tikiləcək. 130-140 milyon dollarlıq layihə ilə bağlı
işlərə İranın "Sanir" şirkəti bu il başlayacaq. Daha bir layihə isə İranla Ermənistan arasında
160-180 milyon dollarlıq neft boru kəməridir. Bu layihəni də iranlılar maliyyələşdirəcək.
Tehranın xərcləri sonradan Ermənistanın kəmərdən əldə edəcəyi gəlir hesabına
ödəniləcək.Bundan
əlavə, Ermənistandakı 9200 kilometrlik qaz kəməri xəttinin 60 faizinin yararsız
olması səbəbindən İran tərəfi bu şəbəkəni bərpa
etməyi öhdəsinə götürüb. Bundan əlavə, Ermənistanın Mehri rayonunda
tikilməsi nəzərdə tutulmuş və dəyəri 2 milyard ABŞ dolları olan
"Nairiti" neft emalı zavodunun tikintisi İran tərəfindən
maliyyələşdiriləcək. İl ərzində 7,5 milyon ton neft emal edəcək sözügedən zavod
üçün xammal İrandan gətiriləcək.
Neçə İran
şirkəti ermənilərə xidmət göstərir?
Göstərilənlərdən
əlavə, Azərbaycanın Ermənistan işğalı altındakı Kəlbəcər rayonundakı Zod qızıl
yataqlarından işlənilməsi üçün filizin, habelə, respublikamızın işğal olunmuş
digər ərazilərindən tikinti materiallarının "Nurduz-Mehri" körpüsü və
nəzarətsiz ərazilər vasitəsi ilə ötürülməsi kanalından yararlanmaqla
Ermənistandan İrana ikili təyinatlı materiallar göndərilməsi praktikası
indiyədək davam etməkdədir. Bu zəmində fəaliyyət göstərən "Şəhid
Dəstiğeyb" şirkəti əsasən Ermənistana ərzaq məhsullarının ixracı ilə
məşğuldur. Əvəzində isə Ermənistandan bu şirkət vasitəsi ilə Kəlbəcərin qızıl
yataqlarından İrana xammal, eyni zamanda, ikili təyinatlı materiallar gətirilir
və Kerman şəhərinə aparılaraq, orada emal olunur. İranla Ermənistan dəmiryol
xətlərini birləşdirəcək Mərənd-Culfa-Mehri layihəsi də Ermənistan üçün həyati
əhəmiyyət daşıyır. Bəzi məlumatlara görə, hazırda Ermənistanda ticarət
sahəsində fəaliyyət göstərən 600-dən çox rəsmi qeydiyyatdan keçmiş İran şirkəti
vardır.
Cabir