1993, 1998, 2003 və 2008-ci il prezident seçkilərində "siyasi aktivlik" qismində çıxış edən dırnaqarası "ənənəvi müxalifət" həmin "aktivliyini" bu gün də göstərməkdədir. Sirr deyil ki, hər bir cəmiyyətdə, o cümlədən, Azərbaycanda siyasi mübarizənin daşıyıcısı təşkilatlanmış müxalifət qüvvələridir. Digər tərəfdən, siyasi aktivliyin əsas göstəricisi olan müxalifət-xalq kütləsi birliyində aparıcı tərəf də müxalif siyasi partiyalardır. Ancaq özlərini müxalifət adlandıran qaragüruhçu qüvvələr, əslində, bu faktora, ümumiyyətlə, aid deyillər. Çünki müxalifət o vaxt müvəffəqiyyət qazana bilər ki, siyasi mübarizənin mahiyyətini geniş kütlələrin dəyərinə çevirə bilir. Etiraf etmək lazımdır ki, 1993-cü ildən bu günə kimi Azərbaycan cəmiyyəti mövcud müxalifətdən aktiv siyasi mübarizə üçün fərqli motivlər eşitməyib. Məhz bunun nəticəsidir ki, mövcud müxalifətin dəstəkləməsi və aktiv mübarizə üçün yeni siyasi dəyərlərin formalaşması da mümkün ola bilməzdi.
2003-cü ildə də müxalifətin siyasi mübarizəsində əsas motiv kimi hakimiyyətin dəyişdirilməsi cəhdi götürülmüşdür. Siyasi prosesləri az-çox izləyənlər, yəqin ki, bu reallığı təsdiq edərlər: ictimai etimad qazana bilməyən bəzi müxalifət partiyaları hər dəfə seçkilərdən sonra üzləşdikləri ağır məğlubiyyətdən diqqəti yayındırmaq niyyəti ilə qarşıdurma və iğtişaş ilə nəticələnən aksiyalara meyillənirlər. Bu yolla sadəlövhcəsinə siyasi proseslərə təsir imkanı qazanacaqlarını, məhdud saylı tərəfdarlarını qoruyub saxlayacaqlarını düşünən "radikallar", son nəticədə, daha acınacaqlı və rüsvayçı vəziyyətlə üzləşirlər. Əvvəlcədən verdikləri "gurultulu", populist bəyanatlar müqabilində icazəsiz aksiyaya şirnikləndirici vasitələrlə cəmi 200-300 nəfəri zorla çıxaran bir neçə radikal müxalifət partiyasının cəmiyyətdə ciddi sosial dayaqlarının olmadığı tam təsdiqini tapdı. Həmin qüvvələrin xüsusi hazırlıqlı, təlim keçmiş "dəstələri" qeyri-qanuni aksiya zamanı insanlar arasında təşviş yaratmaq, vəziyyəti süni şəkildə gərginləşdirmək məqsədi ilə zorakı hərəkətlərə yol versələr də, asayiş keşikçilərinin sayıqlığı nəticəsində məkrli məqsədlərinə nail ola bilmədilər.
Digər əsas məqsəd xaricdən daha çox qrant almaq, maliyyə imkanları əldə etməkdir. Hər zaman şəffaflıqdan, təmizlikdən dəm vuran dağıdıcı müxalif partiya rəhbərləri öz maliyyə mənbələri barədə ictimaiyyəti məlumatlandırmaqdan açıq-aşkar imtina edirlər. Lakin son dərəcə dəbdəbəli, kübar həyat tərzi keçirən bəzi müxalif partiya sədrlərinin hansı maliyyə vəsaiti hesabına yaşaması cəmiyyətə heç də sirr deyil! 2005-ci ildə AXCP (i) sədri Əli Kərimovun nəzarətində olan "Yeni fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirlinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi faktının sübuta yetirilməsi təhlükənin real miqyasını üzə çıxarmışdı. Fəqət, indi də cəmiyyətə məlum deyil ki, heç bir faydalı işlə məşğul olmayan Ə.Kərimov ailəsini Londanda hansı maliyyə imkanları hesabına saxlayır, övladlarına hansı vəsaitlə bu ölkədə yüksək təhsil verir. Lakin zaman-zaman müəyyən xarici dairələrdən və qeyri-hökumət təşkilatlarından aldığı dəstəyə görə bu gün onun rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hətta müxalifət düşərgəsində də ciddi şübhələr mövcuddur. Hər dəfə gülünc görünən cəfəng təbliğatın şahidi oluruq: seçkidə rüsvayçı məğlubiyyətə düçar olub xalqın dəstəyini itirən, səhvlərindən nəticə çıxarıb yeniləşməyən aqressiv müxalifət hansısa ölkədə ictimai-siyasi sabitliyin pozulmasından sadəlövhcəsinə sevincək olur. Dərhal isterik təsir bağışlayan mənasız təbliğat işə düşür, analoji inqilabların, anarxiya, xaos və hərc-mərclik mühitinin guya Azərbaycanda da təkrarlanacağı iddia edilir. Ac toyuq yuxuda darı görən kimi, Azərbaycanın aqressiv müxalifəti də inqilab həsrətindədir.
Bu gün hakimiyyətin siyasətini əsassız olaraq "bəyənməyənlər", ağa qara deyənlərə - AXC-Müsavat cütlüyünün tör-töküntülərinə 1993-cü il mayın 25-də keçirdikləri müşavirədə səsləndirdikləri bəzi fikirləri xatırlatmaq lazımdır. Ölkənin dövlət katibinin "respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir", baş prokurorun "iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır", Gömrük Komitəsi sədrinin "Xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir", Ali Məhkəmə sədrinin "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir" etiraflarında AXC-Müsavat iqtidarının əsil mahiyyəti, acgözlüyü və xalqa xəyanəti açılır. İctimaiyyətə yaxşı tanış olan bəzi sitatları bir daha xatırladaq.
Əbülfəz Elçibəy: "Münaqişəni aradan qaldırmaq indi çətin deyil. Müqavilə imzalayacağıq, bir müddət onu gizli saxlayacağıq, bir 10 gündən, 20 gündən sonra onu açıq elan eləyərik. Bu, əslində, mənim təklifimdir. Ermənistana çatdırmışam ki, nədir axı bu böyük dövlətləri salmısan, arada bizi qırdırır və biz bir-birimizi qırırıq. İndi deyirəm ki, Zəngilandan çıxsınlar, otursunlar sərhədlərdə, kəndləri qaytarsınlar. Sonra Qazaxdan, Tovuzdan çıxacaqlar, biz də sərhədləri qıraqlardan bağlaya-bağlaya gəlib çıxacağıq Qarabağa. Onunla da problemi həll edəcəyik. Respublikada talançılıq baş alıb gedir. Nizami demişkən, əgər oğurlanan maldan gözətçinin xəbəri yoxdursa, demək, gözətçinin orada əli var. Burada milis orqanıdır, prokuror orqanıdır və bir də məhkəmə orqanıdır. Burada oturan orqanların əli həmin cinayətdə var. Bunu nə ilə izah edərdiniz? Bax, hamımız buradayıq. Demirik hüquqi dövlət qururuq... Onda bu ölkəni niyə dağıdırsan? Başa düşmürəm... Xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır. Azərbaycanın rayonlarında benzin tapılmır. Amma Ermənistan Azərbaycan neftini aparır, özü də tonla. Bunu adi vətəndaş da bilir... Prokurorluq da, məhkəmə də, xahiş edirəm, buna cavab versin: bu gün bu respublika niyə dağılır?"
Əli Kərimov: "Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar (mən hələ ən azını deyirəm - Ə.K.) hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq. ...İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır. Bir misal çəkim: dəmir yolunda bir cinayət işi qaldırılıb və məlum olub ki, 198 sisternə qədər şərab məmulatı qeyri-qanuni şəkildə respublikadan kənara çıxarılıb. Görün neçə orqan bununla əlaqəlidir: şərab zavodundan başlamış dəmir yoluna, gömrük, sərhəd, polis orqanlarına qədər və s. və i. a. Çox yaxşı bilirsiniz ki, bu tipli cinayətlər Azərbaycanda indi çox geniş yayılıb. Ancaq vəzifə cinayətkarlığına qarşı mübarizə bizim respublikada qənaətbəxş səviyyədə deyil".
İxtiyar Şirinov: "Dövlət aparatında, hüquq-mühafizə orqanlarında rüşvətxorluq həddindən artıq çoxdur. Bunu açıq deməliyik və belələrinə qarşı mübarizə aparmaqda zəiflik göstəririk. Nə qədər ki, dövlət aparatında sağlam əhval-ruhiyyə yaratmamışıq, belə vəziyyət davam edəcəkdir".
1993-cü ildə zavallı qiyafəsində söylədikləri etirafları unudaraq bu gün özlərini "peşəkarlar", "xalqa daha uğurlu sabah bəxş edəcək vətənpərvərlər" sifətində təqdim etməyə cəhd göstərənlər yanılırlar! Çünki hafizələrdə öləziməyən xatirələr, həmçinin, bu arxiv materialları onların əməllərini xalq üçün daim canlı yaddaş vasitəsi kimi qoruyub saxlayır.
R.Hüseynova