"Ermənistan kriminal-oliqarx sisteminin itaətkar orqanı olan məhkəmə Ermənistan Milli Konqresinin gənc fəalları barəsində insafsız və qanunsuz qərar qəbul edib. Bu, sistemin özünə güvənmədiyinin bir daha sübut etdi."
Bu fikirlər "Sardarapat" siyasi hərəkatın hazırladığı bəyanatında yer alıb. Sənəddə deyilir ki, cəmiyyətin özəyi olan gənclər ətrafında yaranan vətəndaş cəmiyyətini özü üçün ciddi təhlükə sayan Ermənistan hökuməti özünü qorumaq məqsədi ilə son vasitə kimi zorakılığa və böhtana əl atır. Hazırkı hakimiyyət gənclərin hüquq və qanunlarını kobudcasına pozaraq, onları cinayət məsuliyyətinə cəlb edir. Hədə-qorxu gəlməklə gəncləri susmağa vadar edən hökumət sanki bu hərəkətləri ilə onlardan qısas almış olur.
Əhalinin 75 faizindən çoxu istirahət etmək imkanından mərhum olub
"Sardarapat" hərəkatının təşəbbüs qrupu sonda vətəndaş fəallarını, ilk növbədə, gəncləri dövlət hüquq-mühafizə sistemindən xalqı qorxutmaq aləti kimi istifadə edən cinayətkar məmurların hədələrindən qorxub geri çəkilməməyə və onlara qarşı birlikdə mübarizə aparmağa çağırır. "Ermənistanın düşdüyü ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq əhalinin 75 faizindən çoxu istirahət etmək imkanından mərhum olub". Bunu isə Yerevanda mətbuat konfransı keçirən İstehlakçılar Assosiasiyasının sədri Melita Akopyan deyib. O bildirib ki, Ermənistanın iqtisadi vəziyyəti hər ötən ilə nisbətən daha da pisləşir: "Əhalinin yerli turizm mərkəzlərində istirahət etməsi mümkün deyil. Oradakı qiymətlər çox bahadır. Vətəndaşların isə gəlirləri olduqca azdır. Ermənistan əhalisinin yalnız 1 faizi yay aylarında istirahət etmək imkanına malikdir. Qalanlar isə bu haqda heç düşünmür. Ona görə də əhali "daimi yorğunluq" sindromundan əziyyət çəkir. Bu sindrom isə, öz növbəsində, ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur" .
QİSMƏT ZƏNGİBASARLI