Bu gün Azərbaycan dövlətinin hərtərəfli inkişafı məlumdur. Bu inkişaf özünü hərbi sahədə də göstərir. Müasir Azərbaycan ordusunun bu gün dünyanın qabaqcıl dövlətlərinin orduları ilə rəqabətə girməsi və inkişafına görə ildən-ilə irəliləməsi dövlət tərəfindən hərbi sahəyə olan diqqət və qayğının nəticəsidir.
Azərbaycanın ərazilərinin işğal altında olması və atəşkəs rejiminin elan olunmasına baxmayaraq, müharibə vəziyyətinin davam etməsi dövlətin hərbi sahəyə, onun silahlanmasına və potensialının artırılmasına daim nəzarət etməsi və bunu diqqətdən kənar qoymamasına rəvac verən əsas səbəblərdir. Təbii ki, Azərbaycan dövləti bununla bağlı hər il dövlət büdcəsindən hərbiyə ayrılan vəsaiti artırır ki, bu da digər məsələlərlə yanaşı, silah-sursatın alınması, eyni zamanda, silah istehsalının artmasına xidmət edir. Azərbaycan ordusu bu gün ən müasir silahlarla təmin olunur və təsadüfi deyil ki, ölkə daxilində də silah istehsalı günü-gündən genişləndirilir. Bunu keçirilən son paradlarda da görmək olar.
Amma görünür, Azərbaycanın bu cür silahlanması kimlərinsə mənafeyinə uyğun gəlmir. Bunu BMT Baş katibinin bir neçə gün bundan öncə yayımlanmış son hesabatının məzmunu bir daha təsdiqləmiş oldu. Pan Gi Mun adından yayılan hesabatda Azərbaycanın sürətlə silahlandığı qeyd olunur. "Regional və qeyri-regional səviyyələrdə adi silahlandırmalara nəzarət" adlı hesabatda Azərbaycanın razılaşmanı pozaraq, daha çox silah aldığı qeyd olunur. Azərbaycanın təhlükəli silahlanma yarışına başladığı göstərilir. "Avropada adi silahlandırmalar haqqında müqavilənin həyata keçirilməsi haqqında rəsmi informasiyaya əsasən, Azərbaycan sayı müqavilə ilə məhdudlaşdırılan silahlanmanın 3 növü üzrə nəticələri keçib."
Hesabatda, həmçinin, Azərbaycanın öz hərbi büdcəsini son illərdə əhəmiyyətli dərəcədə artırdığı və "daimi aqressiv ritorikası" iki xalq arasında uçurumu və gərginliyi artırdığı qeyd olunur. Hesabat müəllifləri bu vəziyyətin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqlar prosesini təhlükə altında qoyduğunu yazır.
Hesabatın bütün hallarda qərəzli olduğu və anti-Azərbaycan xarakteri daşıması birmənalıdır. BMT baş katibinin belə bir hesabatının arxasında nəyin durması və ümumiyyətlə, belə bir bəyanatın verilməsinin səbəbinin hansı amillərə bağlandığı müəmmalı olaraq qalır. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli də məsələyə münasibət bildirərkən bəyanatı başa düşməyin çətin olduğunu və Pan Gi Munun Azərbaycanı ittiham edərkən məsələnin mahiyyətinə varmadığını qeyd etdi.
"BMT baş katibinin Azərbaycanın sürətlə silahlanması ilə bağlı narahatlığını ifadə edən bəyanatını başa düşmək çətindir. Bəli, əslində, bu, bir həqiqətdir ki, bütün dünyada prinsip etibarilə sürətlə silahlanmanın səviyyəsi artıb və bir çox hallarda dövlətlər onların ərazilərinə hücum təhlükəsi olmadığı təqdirdə belə, öz silah-sursat arsenalını genişləndiriblər. Xüsusilə, söhbət böyük dövlətlərdən gedir. Məsələn, Birləşmiş Ştatlar ötən il təkcə silah satışından 50 milyard dollarlıq qazanc əldə edib və dünyada birinci yerdə gedir. Rusiya isə dünyada ikinci yerdədir. Dünyada istehsal olunan silah-sursatın 30 faizi ABŞ-ın payına düşürsə, bunun 13 faizi Rusiyanın payına düşür. Yəni bu dövlətlər, əslində, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və BMT Təhlükəsizlik Şurası da dünyada sülhə və təhlükəsizliyə qarant olan bir qurumdur. Ona görə, xüsusilə, bu fikri vurğulamaq istəyirəm ki, Azərbaycanı bu məsələdə ittiham edərkən BMT-nin baş katibi məsələnin mahiyyətinə varmalı idi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ərazisi təcavüzə məruz qalmayan Azərbaycan dövləti və təhdidlərin hədəfinə çevrilməyən Azərbaycan dövlətindən söhbət gedərdisə, onda Pan Gi Munun bu mövqeyini başa düşmək olardı. Amma BMT Təhlükəsizlik Şurası, eyni zamanda, həmsədrlər də qeyd edirlər ki, münaqişə yalnız və yalnız sülh yolu ilə həll olunmalıdır. Ermənistan da öz mövqeyini dəyişmir və işğalçılıq siyasətini davam etdirir. Belə olan təqdirdə, təbii ki, Azərbaycan dövlətinin öz hərbi potensialını gücləndirməsi məntiqlidir və belə də olmalıdır. Azərbaycanı bu məsələdə ittiham edən tərəflər zəhmət çəksinlər münaqişənin həllində Ermənistanın mövqeyini dəyişə, onu kompromisə gətirə bilsinlər. Belə olan təqdirdə, təbii ki, Azərbaycanın hərbi arsenalını genişləndirməyə ehtiyac olmayacaq. Pan Gi Munun hesabatında bu məsələ öz əksini tapırdı ki, Azərbaycan silahlanmaya meyilli olsa da, bunun motivləri var və təsadüfi deyil. Bu fikirlər, təəssüf ki, hesabatda öz əksini tapmayıb.
Hesab edirəm ki, Azərbaycanın sürətli silahlanması indiki halda beynəlxalq prinsiplərə zidd deyil. Çünki Azərbaycanın ərazisi işğal altındadır və BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, ərazisi işğal olunmuş dövlətin kollektiv və fərdi şəkildə öz təhlükəsizliyini qorumaq hüququ var. Azərbaycan isə bu təhlükəsizliyini həyata keçirmək üçün, təbii ki, silahlanmalıdır. Bu baxımdan, Azərbaycanın bu addımı tamamilə BMT nizamnaməsinə uyğundur və burada heç bir hüquqi pozuntu yoxdur.
BMT-nin baş katibi gərək onu da vurğulayardı ki, rəhbərlik etdiyi qurumun Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etsə də, heç birisi yerinə yetirilməyib. Əgər obyektiv mövqe nümayiş etdiririksə, onu da göstərməliyik ki, BMT nizamnaməsinin 25-ci maddəsində aydın şəkildə yazılıb ki, BMT TŞ-nin qəbul etdiyi qərarların yerinə yetirilməsi icbaridir. Yəni, məcburi xarakter daşıyır. Amma, bu yerinə yetirilmir. BMT-nin baş katibi gərək bu prosedurların işləmədiyinə diqqət yönəldərdi. Təəssüf ki, bu yanaşmalar yoxdu. O, sadəcə olaraq, Azərbaycanın sürətlə silahlanmasından narahatlığını ifadə edir. Bu məsələ digər bir dövlətə münasibətdə düzgün yanaşma olsa da, Azərbaycana münasibətdə düzgün deyil."
Murad İSMAYILZADƏ