Son zamanlar bir sıra müxalifət yönümlü mətbuat səhifələrində, eləcə də, digər qeyri-ciddilikləri ilə seçilən qəzetlərdə dövlət orqanlarında çalışan məmurlara, tanınmış simalara, elm adamlarına, ictimai-siyasi xaimlərə qarşı qeyri-obyektiv, qərəzli, böhtanlarla dolu yazılar dərc edilməkdədir. Həmin yazılarda həqiqətə söykənməyən yalan informasiyalar dezinformasiya şəklində ictimai fikirlərdə çaşqınlıq yaratmaq məqsədi daşıyır ki, bu da sağlam düşüncəli cəmiyyətin və kütləvi toplumun haqlı etirazları ilə nəticələnir. Xüsuslə "Azadlıq", "Yeni Müsavat", "Bakı xəbər" kimi qaranlıq keçmişləri olan müxalifət qəzetləri bu işdə xüsusi canfəşanlıq göstərirlər. Ancaq təbii ki, bu cür ürəkbulandırıcı böhtanlar heç bir rezonans doğurmur, əksinə, həmin mətbu orqanların rəzlətlərini ifşa edir.
"Qeyri-səhih, yoxlanılmamış qərəzli informasiyaların arxasında dağıdıcı müxalifət mətbuatının dayanması heç də təəccüblü görünməməlidir"
Belə ki, tanınmış ictimai-siyasi xadim, Azərbaycan elmində xüsusi çəkisi olan, eyni zamanda, millət vəkili kimi fəaliyyət göstərən Hüseynbala Mirələmov haqqında adıçəkilən mətbu orqanlarda gedən yazılar bütün mənalarda onların hansı "səviyyəyə" malik olduqlarının göstəricisidir.
Bu baxımdan, məsələ ilə bağlı millət vəkili Hüseynbala Mirələmovun fikirlərini öyrəndik. H.Mirələmov qəzetimizə verdiyi açıqlamasında vurğuladı ki, bir çox qəzetlər istintaq orqanı kimi "filan obyekt sənindir" sualları ilə məni bezdiriblər:"Çox vaxt acığımdan deyirəm "bəli, mənimdir". Əslində, belə qeyri-səhih, yoxlanılmamış qərəzli informasiyaların, sualların arxasında dağıdıcı müxalifət mətbuatının dayanması heç də təəccüblü görünməməlidir". Millət vəkili, həmçinin, məsələyə bir neçə aspektdən toxunaraq, bildirdi ki, bu kimi iyrənc məlumatlarla "gündəlik qəzet nüfuzlarını" itirmək istəməyən "Azadlıq", "Yeni Müsavat" adlı qəzetlər tükəndiklərini məhz bu kimi qərəzli yazıları ilə etiraf edirlər: "Eyni zamanda, xatırlatmaq istərdim ki, hələ 2010-cu il parlament seçkiləri ərəfəsində baş tutan debatlarda dağıdıcı müxalifətin dövlətçiliyimizə, xalqımıza qarşı törətdikləri xəyanətlər ifşa edilərkən, onlar həmin ifşalara qarşı heç bir arqumentlərlə çıxış edə bilmədilər. Çünki həqiqət bir tərəzidir və bu tərəzinin çəkisini pozmaq müxalifət təmsilçilərinin gücündə deyil. Müxalifətdə olduqları dövrlərdən bu günə qədər yalnız Azərbaycanı xarici qüvvələrə necə satmaq haqqında fikirləşən bu cür populizm həvəskarlarına satqın damğası daha çox yaraşır".
"Bu ölkənin qanunları var və hər bir kəs bu qanunlar qarşısında bərabərdir"
Dağıdıcı müxalifət mətbuatında hər dəfə bir "ideya"nın formalaşmasını təhlil edən millət vəkili qeyd etdi ki, əslində, onların belə şeylərə qapılmaları arxasında daha bir neçə məsələ dayanıb: "Görünür, indi hər hansı bir hadisənin baş verməsi onlarda "ideya" formalaşdırıb və hazırda onlar öz mətbuatların vasitəsilə həmin dırnaqarası ideyalarını gerçək etməyə cəhd göstərirlər. Amma unudurlar ki, mənə, yaxud da digər hörmətli dövlət və ictimai-siyasi xadimlərə qarşı sərgilədikləri ürəkbulandırıcı hərəkətlərə görə, onlar da nə vaxtsa cavab verəcəklər. Çünki bu ölkənin qanuları var və hər bir kəs, o cümlədən, mən də bu qanunlar qarşısında bərabərik".
"Mən siyasətçi, yazıçı və elm adamıyam" deyən millət vəkili ona qarşı yönəlmiş qeyri-ciddi ittihamlara münasibət sərgiləyərkən bildirdi ki, onun heç zaman şəxsi biznesi olmayıb: "Hər zaman çalışmışam ki, elmə töhfələrim olsun. Bu baxımdan, yuxarıda vurğuladığım kimi, hər kimsə, hətta mənim ən yaxın qohumum olsa belə, dövlətin tətbiq etdiyi qanunlara qarşı çıxarsa, həmin qanunların qarşısında cavab verməlidir. Çünki demokratik dövlətimizdə qanunlar öz mövcudluğunu təməlli şəkildə qoruyub-saxlayır. Bizlər isə vətəndaş olaraq, bu qanunlara riayət etməliyik".
"Cinayət törədən şəxsin ətrafından sui-istifadə etmək, bundan şəxsi mənfəətləri naminə dividend əldə etmək, məncə, insanlığa, şərəfə, ləyaqətə yaraşmayan hərəkətdir".
Hüseynbala Mirələmov xatırlatdı ki, yaxın qohumu ilə bağlı baş vermiş hadisə onu təəssüfləndirir. Ancaq belə hadisələrin şişirdilmiş formada cəmiyyətə təqdim etməkdənsə, aparılan istintaqın nəticələri ilə tanış olmaq daha məqsədəuyğun olardı: "Təbii ki, cinayət törədilirsə, həmin cinayətin bir cəzası da olacaq. Amma kimliyindən asılı olmayaraq, cinayət törədən şəxsin ətrafından sui-istifadə etmək, bundan şəxsi mənfəətləri naminə dividend əldə etmək, məncə, insanlığa, şərəfə, ləyaqətə yaraşmayan hərəkətdir".
Sonda millət vəkili, bir daha qeyd etdi ki, bu gün ölkədə və cəmiyyətdə olmayan nüfuzlarını bu kimi populist hərəkətləri ilə bərpa etmək istəyində olan müxalifətin qaragüruhçu mətbuatı bununla heçə nə əldə edə bilməyəcəklər. Çünki Azərbaycan xalqı kimin kim olduğunu daha yaxşı bilir.
RƏFİQƏ KAMALQIZI