Sığınacaq üçün müraciət edən erməni vətəndaşlarının dəlilləri dəyişməz olaraq qalmaqdadır
Bu günlərdə erməni vətəndaşının Azərbaycan Prezidentinə məktubu böyük əks-səda doğurması ilə yadda qaldı. Erməni uşağının düşdüyü vəziyyətdən və Ermənistan rəhbərliyinin ona qarşı münasibətindən şikayət etməsi, yalvararaq kömək istəməsi, əslində, bir sıra mətləbləri də açıb ortaya qoymuş oldu.
Məlumdur ki, bu gün Ermənistan böyük bir səfalət içərisindədir və ölkədə böhran artıq özünün kritik həddinə çatmışdır. Vətəndaşların isə bununla bağlı xarici ölkələrə üz tutması, onlardan yardım, sığınacaq istəməsi ənənəvi bir hal almışdır. Son zamanlar isə ermənilərin Azərbaycan dövlətinə, Prezidentinə müraciət etməsi maraq doğurmaya bilməz. Düşmən dövlətdən yardım istəmələri onların acınacaqlı vəziyyətlərini əks etdirməklə yanaşı, Azərbaycan dövlətinin də yüksək inkişafından xəbər verir. Bu gün ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar, sürətli inkişaf bütün dünyaya bəllidir. Azərbaycan regionun aparıcı dövlətlərindən olmaqla yanaşı, dünyaya inteqrasiya edən və böyük dövlətlər qarşısında öz sözünü deyə bilən ölkələrdəndir. Təsadüfi deyil ki, son illərdə əldə olunan uğurlar ölkəmizin inkişaf etmiş ölklər içərisində yüksək reytinq qazanmasına səbəb olmuşdur. Statistik göstəricilər və əhalinin rifah halının günü-gündən yaxşılaşması ölkəmizin inkişafını göstərən əsas amillərdir. Hər il yeni iş yerlərinin açılması, insanların məvaciblərinini artması ölkə rəhbərliyinin seçdiyi siyasi və iqtisadi xəttin düzgün olmasından xəbər verir.
Ölkəmizdə, həmçinin, insan hüquqlarının qorunması və azadlıqlarının təmin olunması istiqamətində də görülən işlər öz bəhrəsini verir. Bunu beynəlxalq ictimaiyyət də təsdiqləyir. Ölkə vətəndaşları və xarici sakinlər ölkəmizdə tam əmin-amanlıq şəraitində yaşayır və işləyir.
Görünür, elə erməniləri də Azərbaycana cəlb eləyən səbəblər bunlardır. Çünki bütün bunlarla müqayisədə Ermənistanda böyük bir anarxiya, xaos və özbaşınlıq hökm sürməkdədir. Ölkə rəhbərliyinin seçdiyi işğalçılıq mövqeyi, eyni zamanda, ölkə daxilində yeritdiyi yaramaz siyasət Ermənistanı günü-gündən geriyə aparır və ölkənin inkişaf perspektivləri, demək olar ki, qalmayıb. Bunu sübut edəcək əsas fakt isə ölkə əhalisinin durumudur. Bu durumu isə onlar özləri etiraf edir və Ermənistanın artıq yaşamaq üçün əlverişsiz bir ölkəyə çevrildiyini deyirlər.Ermənistandan xaricə insan axını bir daha bunu deməyə əsas verir. Bununla bağlı son günlərdə açıqlanan bir statistik məlumata müraciət etsək, vəziyyətin nə yerdə olduğunu görərik. Ötən ay Belçikanın Qaçqın və vətəndaşlığı olmayan şəxslər üzrə Ali Komissarlığına sığınacaq üçün müraciət edənlərin siyahısına ermənilər başçılıq etmişdir. İyulda 31 Ermənistan vətəndaşı bu Avropa ölkəsindən sığınacaq istəmişdir.
Ermənistan KİV-nin verdiyi xəbərə görə, ümumilikdə cari ilin ilk 7 ayı ərzində Belçikadan sığınacaq istəyən ermənilərin sayı 256 nəfər olmuşdur. Ermənistan vətəndaşları müraciət çoxluğuna görə Afrikanın kasıb ölkələri ilə eyni mövqedə qərar tuturlar. Sığınacaq üçün müraciət edən Ermənistan vətəndaşlarının dəlilləri də dəyişməz olaraq qalmaqdadır. Onlar əsasən, səfalət və siyasi əqidəsinə görə təqib olunmaqdan şikayət edirlər.
2009-cu ildə 1100, 2010-cu ildə 986, 2011-ci ildə isə 691 erməni sığınacaq üçün Belçika krallığına müraciət etmişdir. Bir faktı da əlavə edək ki, Avropa ölkələrinə qanunsuz yolla gələn və gizlənərək yaşayan ermənilərin sayı qanuni gələnlərdən qat-qat çoxdur. Sonuncuların isə statistikasını aparmaq mümkün deyildir.
Bu məlumatdan da göründüyü kimi, hər bir erməni əlində imkan olan kimi ölkəni tərk edir. Tərk edə bilməyənlər isə dünya ölkələrinə, hətta müharibə vəziyyətində olduqları Azərbaycana da müraciət edərək, onlardan yardım istəyirlər. Bu isə, o deməkdir ki, ermənilər Azərbaycandan çox Ermənistan rəhbərliyini özlərinə düşmən görürlər.
MURAD