Son illərdə Ermənistanda daxili vəziyyət daha da gərginləşib. Separatçı rəhbərlərin atdığı sistemsiz addımlar ölkəni böhrandan xilas edə bilmədiyi üçün hakimiyyətin gələcək taleyi müxtəlif suallar doğurur. Ermənistanın həm daxili, həm də xarici siyasəti bir-birinin ardınca güclü zərbələr almaqdadır.Bu zərbələr ermənilərə bir sıra məqamları anlatsa da, Ermənistanın dövlət kimi ciddi təhlükələrlə üzlədiyini təsdiqləyir. Xarici siyasəti konstruktiv müstəviyə gətirmək işinin mürəkkəbliyi məlum olur. Bunun əsas səbəbi nə Rusiyada, nə də Qərbdədir. Rəsmi İrəvanın keçən əsrin 90-cı illərinin əvvəllərindən apardığı siyasi kursun dövrün tələblərinə uyğun gəlməməsi onun indiki qeyri-müəyyən vəziyyətinin səbəbidir.
Hazırda bütün bu ziddiyyətlərdən çıxış yolu axtaran rəsmi İrəvan çılğın, məntiqsiz və uğursuz addımlar atır. Ölkə mediasının həmin prosesə reaksiyası bunu təsdiqləyir. "Lragir" qəzeti S.Sarqsyanın öz hakimiyyətini xilas etmək üçün çalışdığını vurğulayır (1). Bu dəfə hakimiyyətdə qalmaqla Ermənistan dövlətçiliyini məhv olmaqdan qurtarmağın üst-üstə düşdüyünü qeyd edir. Yəni məsələ prinsipial mərhələyə gəlib çatıb: Ermənistan dövləti iflasa uğraya bilər. Bu o deməkdir ki, indiyə qədər rəsmi İrəvanın yeritdiyi xarici siyasət kökündən yanlış olub."Zhamanak" qəzeti isə Rusiyanı "təhlükəli havadar" adlandırıb. Rusiya Ermənistanı mütəmadi olaraq "xarici siyasətdə risklərə atır" (2). Bunun səbəbi Ermənistan rəhbərliyinin səriştəsiz "qərbpərəst" və "rusiyapərəst" siyasəti paralel aparmasındadır. Ancaq Londonda fəaliyyət göstərən tanınmış "Chatham House" siyasi tədqiqatlar mərkəzi Ermənistanın xarici siyasətinin bütün problemlərinin kökündə ölkənin iqtisadiyyatının Rusiyaya satılmasını görür. Mərkəz bunu Ermənistanın suverenliyinin başlıca problemi sayır (3).Bütövlükdə, Qərb diplomatiyası Ermənistanın yeritdiyi siyasəti çox ziddiyyətli hesab edir. "Lragir" qəzeti istehza ilə "hakimiyyət həm də müxalifətdir" yazır (4). Qərb diplomatları rəsmi İrəvanın ziddiyyətli siyasətini eyni zamanda qərbpərəst və rusiyapərəst olmağa çalışmasında görürlər. Bunu onlar riyakarlıq kimi qiymətləndirirlər. Açıq deməsələr də, verdikləri suallardan onu anlamaq olur.Bəzi analitiklər isə rəsmi İrəvanın ümumiyyətlə, dövlətin suverenliyini ayaqlar altına atdığı fikrindədirlər. Bunun əsas göstəricisi "Ermənistanın boğaza qədər xarici borc içində olmasıdır" (5). Ona görə də xarici siyasətdə hansı istiqamətə üstünlük verilməsindən asılı olmayaraq, Ermənistan asılı dövlət kimi qalacaq.Göründüyü kimi, ziddiyyətlər kəskinləşib və Ermənistan dilemma qarşısındadır. Bu tezis Ermənistanın dövlət kimi geniş miqyaslı böhran zolağına düşdüyünü sübut edir.Bir sıra erməni analitiklərin Rusiyanı günahkar kimi göstərmək cəhdinin əsası yoxdur. Çünki Ermənistan təməldən özünü Moskvanın ağuşuna atıb. Rusiya erməni dövlətinə havadarlıq edib. Eyni məntiqlə ermənilər Qərbi xilaskar kimi görmək istəyirlərsə, yenə yanılırlar. Bir məsəl var: "Gəmi batanda onu ilk tərk edən siçovullar olur". Ancaq Ermənistanın Qərbə bu cür reveransı onu xilas edə bilməyəcək. Rusiyanı çətin zamanda ucuz satan ölkə Qərbə qarşı da eyni hərəkəti edəcək.Görünür, Ermənistanda bəzi analitiklər vəziyyətin dolaşıqlığını hiss edirlər. Onlar Ermənistanın ətrafında geosiyasi situasiyanın gərginləşdiyini açıq yazırlar (6). Əvvəllər bu cür ritorikaya erməni mətbuatında rast gəlinməzdi. Deməli, "bıçaq sümüyə dirənib". Lakin çıxış yolu kimi sağlam bir fikir yenə gözə dəymir. Məsələn, O.Mandakuni Rusiya-Türkiyə əməkdaşlığına qarşı rəsmi İrəvanın Ermənistan-İran-Gürcüstan geosiyasi xəttini qoya biləcəyi kimi absurd ideya ortaya atır.Əvvəla, İran Qərbin hədəfində olan ölkədir. Əgər Ermənistan Rusiyanı atıb Qərbə sığınmaq istəyirsə, İranın burada yeri haradadır? İkincisi, Gürcüstan regionda ABŞ-a yaxındır. Rəsmi Tbilisini həmişə bu kursa görə bəzi dövlətlər tənqid edirlər. Onların sırasında Ermənistan da var. Üçüncüsü, Ermənistan, İran və Gürcüstan hansı parametrlərə görə regionda Rusiya-Türkiyə əməkdaşlığı ilə rəqabət apara bilər?
Bu suallar Ermənistan-İran-Gürcüstan geosiyasi xəttinin absurd bir ideya olduğunu göstərir. Əslində, ermənilərin xəyali əməkdaşlıq modelindən başqa varianta ümidləri yoxdur. Çünki Ermənistan hakimiyyəti özünü və ölkəsini bataqlığa sürükləyən siyasət yeridib və indi də bu kurs davam edir. Erməni mətbuatında bu fikri təsdiq edən yazılara rast gəlinir.S.Sarqsyanın Ermənistandakı siyasi partiyalarla apardığı oyunlar hakimiyyəti saxlamaqda ona yardım edir (7). Ölkəni korrupsiya, işsizlik, qanunsuzluq bürüyüb. "Avrasiya" əməkdaşlıq Fondunun Ermənistanda keçirdiyi sorğunun nəticələrinə görə, sahibkarların 90%-i korrupsiyanı ciddi maneə hesab edir. Ev təsərrüfatı ilə məşğul olanların isə 84%-i bu fikirdədir. Erməni siyasətşünasları ölkədə yoxsulluq səviyyəsində yaşayanların sayının artdığını təsdiq edirlər. Regional tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan Ermənistan əhalisinin 36%-nin kasıbçılıq içində yaşadığını bildirib. Bu, 1,2 milyon erməninin yoxsul olması deməkdir. Ayrıca erməni uşaqların 40%-i kasıbçılıq içindədir. Yəni Ermənistanda hər 10 uşaqdan 4-ü yoxsul ailədə yaşayır. R.Kirakosyan kömyə diasporu çağırır. Görünür, o, Ermənistan dövlətindən əlini üzüb.Bütün bunlar erməniləri xarici ölkələrə qaçmağa məcbur edir. Xarici siyasətdəki uğursuzluqlar çoxalır. Ona görə də vətəndaşların etirazları artır. S.Sarqsyan iqtidarı isə onların heç birini yerinə yetirə bilmir. Ona görə də rəsmi İrəvan partiya üzvləri tərəfindən təşkil edilmiş bəzi tələbləri yerinə yetirməklə situasiyanı nəzarətdə saxlamağa çalışır. Müxalifət də ona bu işdə yardım edir. Deməli, müstəqilliyin ilk günlərindən bu yana Ermənistan iqtidarı daxilində "siçan-pişik oyunu aparılıb" (8).Ermənistanın siyasi dairələrində və ictimai rəyində dolaşan bu cür fikirlər ölkənin çıxılmaz vəziyyətə düşdüyünü əyani göstərir. Ermənilər hansı tərəfə addım atmağın lazım gəldiyini müəyyənləşdirə bilmirlər. Onlar Rusiyadan tam üzülüşə bilməzlər. Yəqin ki, bunu Ermənistandakı bəzi siyasətçilər başa düşürlər. Dağlıq Qarabağdakı separatçı rejimlə bağlı siyasi eyforiyaya qapılmağın zərərini onların da dərk etməsi vaxtı çatıb. Çünki bədnam "seçki" prosesinin qanuni olduğunu iddia etməklə səmərəli xarici siyasət qurmaq mümkün deyildir.ABŞ və Avropa ölkələri "DQR"-dəki seçki hoqqabazlıqlarını tanımadıqlarını bəyan ediblər. Yəni Ermənistan Qərblə real əməkdaşlıq etmək arzusundadırsa, özünün xarici siyasətinə köklü dəyişiklik etməlidir. Bunun əlamətləri hələ özünü göstərmir.Üstəlik, Rusiyanın da rəsmi İrəvanla əvvəlki ritorika ilə danışacağını gözləmək bizcə, doğru deyil. Yaxın və Orta Şərqdəki proseslər göstərir ki, Moskva Türkiyə siyasətində xeyli dəyişikliklər edib. Artıq qarşılıqlı əməkdaşlığın real təməllər üzərində qurulması zərurətə çevrilib. Suriyada böhranın həll edilməsindən sonra İran ətrafında vəziyyət daha da gərginləşəcək. Rusiya bu məqamı nəzərə alır. Ermənistan faktoru bu cür qlobal geosiyasi tendensiyalar fonunda rəsmi İrəvanın təqdim etmək istədiyi müstəvidə görünmür.Ermənistan geosiyasi aspektdə mürəkkəb bir situasiyaya düşüb. Ondan çıxış yolunu tapa bilmir. Səslənən bəzi ideyalar absurdluğu ilə fərqlənir. Görünür, erməni siyasi şüuru hələ ətrafda baş verənləri tam dolğunluğu ilə dərk edə bilməyib. Separatçı rəhbərlər ultramillətçi ideoloji mövqedən çəkilmək istəmirlər. Milli təhlükəsizliyi məhz bu məqamla əlaqələndirməkdə davam edirlər. Ermənistan dövlət olaraq xarici aləmə açıla bilmir. Bu isə daxili vəziyyəti daha da gərginləşdirir.Rəsmi İrəvanın ümumiyyətlə, bu kimi vəziyyətdən çıxış yolu tapa biləcəyi şübhəli görünür. Qonşu ölkələrə qarşı təcavüzkar siyasətdən əl çəkmədən Ermənistanın geosiyasi vəziyyətində dəyişikliyin olacağını gözləmək sadəlövhlükdür. Bunu erməni siyasətçilərdən başqa hər kəs anlayır. Yəni ermənilərin bütün problemlərinin həlli bir məsələdən asılıdır – xarici siyasətdə aqressivlikdən əl çəkmək! Bu baş verməsə, istənilən addım uğursuz olacaq. Bu, aksiomdur.
Newtimes.az