PDF Oxu

Araşdırma

  • 1 139

Uğursuz alternativ axtarışı

Destruktiv düşərgə ziddiyyətlər burulğanına düşüb

Uğursuz alternativ axtarışı

Pafoslu çıxışlar, radikal ovqat, fərqli fikirlərə dözümsüzlük destruktiv düşərgəni təmsil edən əksər müxalifət mənsubları üçün xarakterik xüsusiyyət sayılır. Bu düşərgədə birinin söylədiyini digərinin qəbul etməməsi, üçüncünün isə, sadəcə, təkzib etməsi adi haldır. Məsələn, "vahid namizəd" məsələsində razılığa gələ bilməyən radikal ovqatlılar indi də boykot oyununu gündəmə gətirməyə çalışırlar. "İctimai Palata"da 2-3 ay davam edən uğursuz müzakirələrdən sonra "vahid namizəd" mövzusu, artıq demək olar ki, tam gündəmdən çıxıb. İndi nihilistlər və ya dağıdıcılar düşərgəsində müəyyən qruplar müxalifətin növbəti prezident seçkilərini boykot etməsi ideyasını qabartmağa səy göstərir, düşərgə çevrəsində müvafiq rəy formalaşdırmağa çalışırlar.

"Boykot zərurəti"ndən dəm vuranlar

Bu ideyanın kimlər tərəfindən gündəmə gətirildiyi açıqlanmasa da, müvafiq təşəbbüsün AXCP (i) mənsublarına aid olduğu aydın görünür. Çünki seçkilərdə iştirak məsələsi ilə bağlı yetərincə ziddiyyətli, biri digərini inkar edən fikirlər məhz bu qurumun təmsilçilərinin dilindən səslənir. Belə ki, AXCP (i) sədri Əli Kərimov, əvvəlkindən fərqli olaraq, bu ərəfədə bir qədər susmağa, gözləmə mövqeyi tutmağa üstünlük verir. Bunun müqabilində isə müvafiq partiyada funksionerlərin hərəsinin ağzından bir avaz gəlir.

Məsələn, partiyada "yuxarı eşalon"un fiqurlarından sayılan Nurəddin Məmmədli ilə Xalıq Bahadır daha çox "boykot zərurəti"ndən dəm vururlar. N.Məmmədli ümumilikdə kütləvi aksiyaların tərəfdarı kimi çıxış edir, müxalifətin seçkidə iştirakının məqsədəuyğun olmadğını bildirir, dolayısı ilə bu düşərgənin seçkidə iştirak və az-çox nisbi uğur qazanmaq potensialının sıfıra bərabər olduğunu etiraf edir. X.Bahadır isə müxalif düşərgənin vahid namizədlə seçkiyə qatılmalı olduğunu, əks halda isə, seçkidə iştirakın mənasız olduğunu söyləyir.

Digər üzdə olan funksionerlər - Həsən Kərimovla Fuad Qəhrəmanlı isə, əksinə, istənilən halda seçkidə iştirakın vacibliyini vurğulayırlar. F.Qəhrəmanlı Ə.Kərimovu həm "İctimai Palata"nın, həm də AXCP (i)-nin "ən real namizədi" kimi təqdim etməyə çalışır. H.Kərimov isə onunla eyni soyadını daşıyan AXCP (i) sədrinə alternativ görmədiyini bildirir.

Xəbərdarlıq, yoxsa partiyadaxili təzyiq?

Bütün bunlara Müsavatdan gələn reaksiya da olduqca maraqlıdır. Müsavat başqanlığına iddialı olan Arif Hacıyev isə bununla bağlı destruktiv düşərgənin təmsilçilərinə açıq-aşkar təhdidi xatırladan xəbərdarlıq edib: "Mən bir çox məsələlərə güzəştli yanaşıram. Ancaq müxalifəti 2013-cü il seçkilərində siyasi prosesdən kənarda saxlamaq cəhdləri olacaqsa, yəni 2008-ci il prezident seçkilərində olduğu kimi, siyasi prosesdə iştirak etməmək yolu ilə fəaliyyət göstərmək təklifləri olacaqsa, mən buna qarşı daha kəskin və birmənalı mövqe ortalığa qoyaraq, buna yol verməməyə çalışacağam. Bu məsələlərlə əlaqədar mənim kimi düşünən insanların sayı isə çoxdur".

Qeyd edək ki, A.Hacıyev bu fikri "Yeni Müsavat" qəzetinə verdiyi açıqlamada söyləyib. Xatırladaq ki, destruktiv düşərgə indiyədək 2 dəfə 1998 və 2008-ci illərdə prezident seçkilərində iştirakdan imtina edib, başqa sözlə, "boykot" qərarı verib. Lakin müxaliflərin fəal əks-təbliğatına, "qara piar"ına baxmayaraq, boykot çağırışı seçicilər, eləcə də, müxalifət partiyaların əksəriyyəti tərəfindən dəstəklənməyib. Əksinə, boykot çağırışı edənlər hər iki halda seytnot vəziyyətinə düşərək, məhdud elektoratlarını tam itiriblər. Bu mənada, üçüncü dəfə "boykot" qərarı vermək destruktiv düşərgə üçün tam təcridolunma və siyasi iflas anlamına gəlir.

Əslində, A.Hacıyevin bu açıqlaması Müsavat başqanı İsa Qəmbərova yönələn partiyadaxili təzyiqin təzahürü kimi də yozula bilər. Çünki ötən prezident seçkilərində iştirak etməyən İ.Qəmbərov bu dəfə də namizədliyinin irəli sürülməsində elə də israrlı, maraqlı görünmür.

Müsavatda birincilik savaşı...

Başqanlığa iddialı olan A.Hacıyev isə bu vəziyyətdən maksimum yararlanmağa çalışır. Doğrudur, onun bu açıqlamanı razılaşdırılmış şəkildə, məqsədli ziddiyyət görüntüsü yaratmaq niyyəti ilə verməsi heç də istisna deyil. Lakin son illər Müsavatda özünü qabarıq şəkildə göstərən fikir ayrılıqlarını - partiyanın tanınmış funksionerlərindən Musa Qasımovun, Rasim Musabəyovun, Qabil Hüseynlinin, Sülhəddin Əkbərin və digərlərinin partiyanı tərk etməsini nəzərə alsaq, ziddiyyətlərin mövcudluğu və getdikcə dərinləşməsi kifayət qədər real sayıla bilər. Müsavata yaxın media isə baş verənləri dolayısı ilə AXCP (i)-yə yönəlmiş xəbərdarlıq kimi təqdim etməyə səy göstərir.

Müəmmalı öhdəçiliklər

AXCP (i) mənsubları, xüsusən, X.Bahadır bunu "hərənin bir öhdəçiliyi var" deyərək, A.Hacıyevin üzərinə götürdüyü öhdəçiliklərlə izah edir. Bu öhdəçiliyin nədən ibarət olması açıqlanmasa da, Müsavat təmsilçisinin incə bir şəkildə öhdəçiliyə uyğun danışmaqda ittiham edilməsi aydın görünür.

Başqa sözlə, X.Bahadır, əslində, A.Hacıyevin kimlərinsə sifarişini yerinə yetirməkdə günahlandırır. Baş verənləri indi "ACP"-nin sədri olan S.Əkbərin keçmiş partiyadaşına təsiri ilə əlaqələndirənlər də tapılır. Lakin bu iki şəxs arasında münasibətlərin həmişə soyuq olmasını nəzərə alsaq, indiki halda belə bir təsirin və ya hər hansı gizli anlaşmanın mümkünlüyü istisna edilir.

Növbəti fikir ayrılıqları

Bununla yanaşı, eks-spiker Rəsul Quliyevin tərəfinə keçən "ACP" sədri müsavatçıların müəyyən qismini öz ətrafına cəlb etməyə müvəffəq olub. Belə vəziyyətdə İ.Qəmbərovun partiya daxilində mövqeyi əhəmiyyətli dərəcədə zəifləyib. A.Hacıyevin partiyadaşları ilə amiranə tonda danışması, Müsavat başqanının mövqeyini nəzərə almaması bu partiya daxilində növbəti fikir ayrılıqlarının start götürməsinə işarədir. İstisna deyil ki, İ.Qəmbərov seçkiyə qatılsa belə, A.Hacıyevin partiyadaxili təzyiqi ifadə edən müvafiq açıqlamaları səngiməyəcək. Çünki bu partiyada hər kəs nə İ.Qəmbərovun, nə də hər hansı digər müxalif namizədin növbəti seçkilərdə uğur qazanmaq şansı olmadığını yaxşı bilir.

Odur ki, labüd uğursuzluqdan sonra bu şəxsin istefasına nail olmaq və çoxdan iddiasında olduğu başqanlıq postunu ələ keçirmək A.Hacıyevə daha asan olacaq. Əks halda o, keçmiş AXCP (i) mənsubları Qulamhüseyn Əlibəyli, Asim Mollazadə, Cəmil Həsənli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, köhnə AMİP-çi Əli Əliyev, sabiq partiyadaşı Sülhəddin Əkbər kimi yeni bir partiya yaradaraq, başqa bir siyasi bloka, məsələn, "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"na ("DCUMH") transfer oluna bilər.

"DCUMH"-"İP" qarşıdurması

Qeyd edək ki, "DCUMH" indiki halda "İctimai Palata"ya real alternativ sayılan müxalif qruplaşmalardan hesab edilir. Demək olar ki, destruktiv düşərgədən qopan bütün narazılar burada toplaşıb. "ACP" və ALDP bu qurumu tərk etsə də, burada iştirak edən müxalif partiyaların sırası "İP"-lə müqayisədə daha genişdir. Müsavatın parçalanacağı təqdirdə, A.Hacıyevin də öz ətrafı ilə birlikdə bu quruma qatılması istisna deyil. Eyni zamanda, "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli də bildirir ki, indiki halda vahid namizəd ideyası müxalifət üçün qəbuledilən və real deyil: "Bu yaxınlarda İctimai Palata daxilində vahid namizədlə bağlı kiçik müzakirə aparıldı. Amma bu, İctimai Palatada birləşən iki partiya arasında ciddi narazılığa səbəb oldu. Hətta münasibətlər müəyyən təhqirlər və ittihamlar səviyyəsinə çatdı. Bu baxımdan, hesab edirəm ki, müxalifət qüvvələrinin hamısının birlikdə vahid namizəd ideyası ətrafında çıxış etməsi mümkün deyil".

Bu açıqlamadan bəlli olur ki, "DCUMH"-la "İP" arasında ciddi fikir ayrılıqları mövcuddur. Müvafiq siyasi qruplaşmaların bir digərini qəbul etmir, əksinə, potensial rəqib kimi, gözdən salmağa və tədricən sıradan çıxarmağa çalışır. Baş verənlərin fonunda destruktiv düşərgənin növbəti ziddiyyətlər burulğanına düşdüyü aydın görünür. Belə şəraitdə dağıdıcıların alternativ axtarışı, uğursuzluğa, müvəffəqiyyətsizliyə düçardır.

NAİB

Digər xəbərlər