İranın hökumət qüvvələri zəlzələ bölgələri üçün başladılmış xeyriyyə aksiyalarını dayandırmaq tələbi irəli sürüblər
Avqustun 11-də İranın zəlzələ baş verən bölgəsində- soydaşlarımızın kompakt yaşadığı kənd və qəsəbələrdə vəziyyət kritik həddə qalmaqdadır. Təəssüf ki, xalqın belə bir ağır məqamında onunla bir yerdə olmayan İranın hakim dairələri də təbii fəlakət bölgəsinə münasibətdə biganəliklərini, etinasız davranışlarını sürdürməkdədirlər. Belə ki, İranın bəzi xəbər saytlarının yaydığı məlumatlara görə, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətindəki fəaliyyət, soydaşlarımızın etiraz səslərini ucaltmaları Təbrizdə azərbaycanlı fəallarla polis arasında ciddi qarşıdurma ilə nəticələnib. Belə ki, bir qrup etirazçının Təbrizin Heydərabad məhəlləsində zəlzələdən zərərçəkənlərə yardım məqsədilə kampaniya təşkil etməsi gizli polisin və "Bəsic"in (hakimiyyət tərəfdarı könüllüləri) etirazına səbəb olub. Hökumət qüvvələri xeyriyyə aksiyasını dayandırmağı tələb ediblər.
Bu ərəfədə İran hökuməti zəlzələnin vurduğu ziyanın məbləğini açıqlayıb. "Mehrnews" saytına açıqlama verən Şərqi Azərbaycan əyalətinin qubernatorunun müavini Məhəmməd Əşrəf bildirib ki, ilkin qiymətləndirmələrə görə, zəlzələnin vurduğu ziyan 650 milyon ABŞ dolları təşkil edir. O, bu məbləğin arta biləcəyini də istisna etməyib. M.Əşrəfin sözlərinə görə, Şərqi Azərbaycan vilayətində zəlzələ nəticəsində 307 kəndə ziyan dəyib, zəlzələ zonasının 4 şəhərində isə binalar çatlayıb. Zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Bu barədə isə Şərqi Azərbaycan vilayətinin Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb. Xəbərdə bildirilir ki, bölgədə meydana gələn son zəlzələdə Əhər, Vərzigan, Heris və Təbrizə bağlı 180 kəndə ziyan dəyib: "Hazırda 50 min 415 nəfər təhlükəsiz yerlərdə məskunlaşdırılıb, 2606 nəfər xilas edilib, yaralı vəziyyətdə xilas edilən 1226 nəfər isə müalicə olunur".
"Demək, bu adamın kökü də şübhəlidir"
Vərzigandan olan azərbaycanlı millət vəkili İran parlamentində deyib ki, yerli məsul şəxslər saatlar keçsə də, münasibət bildirmədilər:"Əhər özü böyük bir mahaldır. Bu boyda mahalda cəmi bir xəstəxana var. Baxmayaraq ki, bu mahalda çıxarılan misi, uranı bir vaxtlar erməni ilə rusa satırdılar, indi isə çinlilər daşıyıb aparır. Bu böyüklükdə mahalda, zəngin bölgədə cəmi bir xəstəxana var. Xəstəxanın da təcili yardım maşınları yox imiş".
İran hakimiyyətinin bu davranışı kəskin tənqid edilməkdədir. Bir sıra sosial-şəbəkələrdə bildirilib ki, İranın baş ruhanisi Xamneyi milliyyətcə azərbaycanlı olsa da, məqsədi fars çovinizminə xidmət etməkdir: "O, başqa yerdə bir hadisə olsa, "Hizbullah"çı, yaxud hansısa terrorçunun başı qanasa, boğazını yırtar. Üç gündür bu boyda hadisə baş verib, dünən bir balaca açıqlama ilə çıxış edib, guya başsağlığı verib. Sən nə cür müsəlmansan, nə cür şiəsən, nə cür türksən, nə cür dövlət başçısısan ki, öz müsəlmanın, öz şiənin, öz türkünün, öz dövlətinin vətəndaşı qırılıb, kəndlər xaraba qalıb, amma sən dillənmirsən. Ağzını açıb demirsən ki, ay camaat, girişin kömək eləməyə, sağ qalanları xilas etməyə. Demək, bu adamın kökü də şübhəlidir".
Qeyd edək ki, İran prezidentinin zəlzələ bölgəsinə səfər etməməsi, bunun əvəzində, Məkkəyə konfransa qatılması da dünya ictimaiyyətində ciddi narazılıqlarla qarşılanıb. Xarici mətbuatda bu addımı rəzalət kimi dəyərləndirən yazarlar İranın hakim dairələrinin susqunluğunun anlaşılmadığını qeyd ediblər.
Bütün bu kimi əməllərdən də bəlli olur ki, bu gün özlərini müsəlmanların hamisi adlandıran panfarsist rejim belə rəzil addımları ilə bilavasitə hansı məqsədlərə xidmət etdiklərini kifayət qədər açıqlamış olurlar. Bu kimi addımlar isə, ilk növbədə, islam adına yaraşmayan haldır.
QİSMƏT ZƏNGİBASARLI