Müxalifət mətbuatının qərəzli cəhdləri özünü doğrultmadı
Mayın 7-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələnin üzərindən 3 aydan artıq zaman keçməsinə baxmayaraq, artıq dövlət tərəfindən görülən tədbirlər öz səmərələrini verməkdədir. Belə ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyinin səyləri nəticəsində qısa müddət ərzində araşdırmalar və yoxlamalar aparıldı və çox az bir zaman kəsimində əhalinin təhlükəsizliyi üçün münbit şərait yaradıldı. Onu da xatırladaq ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçmuş, ya da qəzalı vəziyyətə düşmüşdü. Eyni zamanda, çoxlu sayda sosial obyektə, məktəb binalarına da ciddi ziyan dəymişdi.
Zəlzələ bölgəsində həyata keçirilən kompleks tədbirlər daim diqqətdə saxlanılır
Xüsusilə, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün Zaqatala və Qax rayonlarına səfərlər etmiş, təbii fəlakətin vurduğu ziyanla və əhalinin vəziyyətilə maraqlanmışdı.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və əlaqədar qurumların rəhbərləri də, mütəmadi olaraq, zəlzələ bölgəsində işlərin gedişi ilə tanış olur, müəyyən tövsiyə və tapşırıqlarını verirlər. Nəticədə, zəlzələ bölgəsində həyata keçirilən kompleks tədbirlər təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər daim diqqətdə saxlanılır. Artıq işçi qrupları tərəfindən indiyədək Zaqatala, Qax, Balakən rayonları və Şəki şəhərində, ümumilikdə, 32 mindən artıq fərdi evə və ictimai binaya baxış keçirildiyi barədə məlumat verilib. Tikinti təşkilatlarının verdiyi son məlumatlara görə, hazırda bu rayonlarda 3220 fərdi evin, habelə, 35 məktəb və bir institut filialı binalarının tikintisinə başlanıb. 2647 qəzalı fərdi ev artıq tam sökülüb. Tikintisinə başlanan fərdi evlərdən 2190-da bünövrə çalasının qazılması, 1709 evdə bünövrənin betonlanması, 1293 evdə isə daş-hörgü işləri aparılır. Eyni zamanda, məktəb binalarının inşasının sentyabrın 15-dək başa çatdırılması üçün tikinti işlərini maksimum səviyyədə gücləndirməyin vacibliyini bir daha diqqətə çatdıran nazir deyib ki, lazım gələrsə, əlavə işçi qüvvəsi cəlb ediləcək.
Müxalifət mətbuatı təbii fəlakətdən mənfəət qazanmağa cəhd göstərir
Lakin təəssüflə qeyd etməl lazımdır ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi tükənməz diqqət və qayğısı daim müxalifətin dağıdıcı qanadına mənsub olan mətbuat səhifələrində qısqanclıqla qarşılanır. "Azadlıq", "Yeni Müsavat" kimi mətbu orqanları sahiblərinin xarici havadarlar qarşısında "hörmətə" minməsi üçün əllərində olan bütün rəzillik vasitələrinə əl atırlar. Söz yox ki, burada da mənfəət əldə etmək kimi amillər dayanıb. Təbii fəlakət zonasında aparılan işlərin yekunlaşdığı bir zamanda dağıdıcı müxalifət ünsürlərinin yenidən üzə çıxmaları belə qənaətə gəlməyə imkan verir.
Müxalifət "liderləri" bir dəfə də olsun həmin bölgələrə səfər ediblərmi?
Eyni zamanda, dağıdıcı müxalifət qütbü və düşərgənin "liderləri" seçkiqabağı dividend əldə etməyə səy göstərirlərsə, bu zaman sual yaranır ki, nəyə görə zəlzələ baş verdiyi andan etibarən, nə AXCP (i) sədri Əli Kərimov, nə Müsavat başqanı İsa Qəmbərov, nə də ki, digər müxalif partiya yetkililəri bir dəfə də olsun həmin bölgələrə səfər etməyiblər? Məgər gecə-gündüz "xalq"-"millət" deyə car çəkənlər onlar deyillərmi? Yaxud onların "humanistlik meyarları" yalnız seçkilərdən-seçkilərəmi ölçülür? Əlbəttə ki, bütün mənalarda söyləmək mümkündür ki, ən xırda sosial problemi belə, şişirdərək dividendlər axtarışına çıxan "liderlər" bu vasitələrlə özlərini həm Azərbaycan, həm də dünya ictimaiyyəti içində xar edirlər. Təbii ki, bu, onların öz işləridir. Ancaq necə deyərlər, siyasi rəqabəti də şərəflə aparmaq lazımdır. Lakin şərəf və ləyaqət mövcud deyilsə, onda siyasi mübarizədən kənara çəkilmək daha məqsədəuyğun olardı.
RÖVŞƏN RƏSULOV