PDF Oxu

Araşdırma

  • 1 244

Ermənistana yardım Ukraynanı ciddi problemlərlə üz-üz qoya bilər

Ermənistana yardım Ukraynanı ciddi problemlərlə üz-üz qoya bilər

Bu günlərdə Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığı təsdiqləyən daha bir fakt ortaya çıxıb. Bu fakt silah satışına dair iki ölkənin müvafiq orqanları arasında imzalanmış müqavilədir. APA-nın əldə etdiyi 5/107-k saylı, 26 avqust 2011-ci il tarixli müqavilə Ukraynanın "Ukrspetseksport" Dövlət Şirkətinin törəmə müəssisəsi olan "Ukrinmaş" Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə Ermənistanın "DG Arms Corporation" şirkəti arasında bağlanıb.

Müqaviləni "Ukrinmaş"ın direktor müavini Oleq Kostenko və "DG Arms Corporation" şirkətinin Direktorlar Şurasının sədri Davit Qalstyan imzalayıblar. Müqaviləyə əsasən, "DG Arms Corporation" "Ukrinmaş"dan 298 min dollar dəyərində 12,7x108 mm-lik 800 000 ədəd patron (264 min dollar) və 12,7x108 mm-lik patron üçün 200 000 ədəd patron həlqəsi (34 min dollar) alıb.

Ermənistan şirkəti aldığı hərbi əmlakı Birləşmiş Ərəb Əmirlərinə satmalıymış. Müqaviləyə əsasən, satıcı - "Ukrinmaş" yükü Albaniyanın paytaxtı Tirana şəhərindəki aeroporta çatdırmalı və orada alıcıya verməliymiş. Müqavilənin şərtinə görə, çatdırılmış hərbi əmlakın son istehlakçısı Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələridir.

Qeyd edək ki, bir müddət əvvəl də Ukraynanın Ermənistana gizli silah satması barədə məlumatlar yayılıb. Həmin silah satışının da məhz "Ukrspetseksport" Dövlət Şirkəti ilə "DG Arms Corporation" şirkəti tərəfindən həyata keçirildiyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda əksini tapıb.

Ukraynanın Ermənistanla bu müstəvidə əlaqələrinin qurulması, təbii ki, heç bir halda anlaşılan deyil və Azərbaycanla münasibətlərdə səmimi olmadığının göstəricisidir. İşğalçı ölkəyə silah satılması ilə bağlı gizli planın üstü açıldıqdan sonra Ukrayna tərəfi bununla bağlı təkzib versə də, yeni məqamların ortaya çıxması məsələnin daha ciddi olmasından xəbər verir. Necə deyərlər, "od olmayan yerdən tüstü çıxmaz". Bəlkə də Ukrayna tərəfinin dediyi kimi, yayılan məlumatlar düzgün deyil, amma bu məlumatların yayılması belə iki ölkə arasında bu sahədə əlaqələrin olmasından xəbər verir. Azərbaycan tərəfi isə məsələni araşdırmaq niyyətində olduğundan, hələ ki, öz mövqeyini bildirməyib. Lakin məsələnin öz təsdiqini tapıb- tapmayacağından asılı olmayaraq, Azərbaycan-Ukrayna münasibətlərinə təsirsiz ötüşməyəcək.

Bu problemin və Ukrayna-Ermənistan münasibətlərinin belə səviyyəyə çatmasının nədən qaynaqlandığına diqqət yetirmək lazımdır ki, burada da iki əsas amil diqqəti cəlb edir. Birincisi, bu münasibətlər Viktor Yanukoviçin prezident seçilməsindən sonra diqqət mərkəzinə çevrildi. Onun Ermənistanla və ölkədə yaşayan ermənilərlə səmimi münasibəti, onlara müəyyən azadlıq verməsi, şəraitlərini yaxşılaşdırması ermənipərəst siyasətin bir göstəricisidir. Daha doğrusu, Rusiya meyilli siaysətin. Bu gün az qala Rusiyanın bir vilayətinə çevrilmiş Ermənistana yardım etmək Rusiyanın siyasətini dəstəkləmək deməkdir. Çünki indiki dövrdə Ermənistana Rusiyadan başqa dəstək verən, onun mövcudluğunu təmin edən bir qüvvə yoxdur. Görünür, Ukrayna hökuməti bununla Rusiyaya sədaqətini göstərməyə çalışır və yaxud elə bunların hamısı Rusiyanın tapşırığıdı.

İkinci bir amil isə ermənilərin Ukraynadakı diasporunun fəaliyyəti ilə əlaqələndirilə bilər. Yəni bir sıra ölkələrdə fəaliyyət göstərən erməni diasporunun hökumət nümayəndələri ilə gizli əlaqələrinin olması Ukraynada da özünü göstərə bilər. Yəni ehtimal var ki, Ukraynada yaşayan çoxsaylı erməninin Ukraynada bəzi hakimiyyət dairələrinə təsir göstərmək qabiliyyəti var ki, bundan da silah alınmasında istifadə olunur.

Lakin bu amillərə baxmayaraq, Ukrayna tərfi heç bir halda bu addıma yol verməməli və Azərbaycanla münasibətlərdən ona gələn xeyiri düşünməlidir. Əks-təqdirdə, bu münasibətlərə çox ciddi zərbə dəyə bilər. Bununla yanaşı, belə bir addım atmaqla Ukrayna beynəlxalq sənədələrin tələbələrini də pozmuş olur ki, bu da cinayət əməli kimi qiymətləndirilə və Ukrayna dövləti üçün ciddi problemlər yarada bilər.

MURAD

Digər xəbərlər