Xarici asılılıq vəziyyətində olan işğalçı ölkədə xalqın narazılığı güclənir
İnkişaf göstəriciləri baxımından MDB məkanında son pillələrdə yer alan Ermənistanın sosial-iqtisadi sahədə üzləşdiyi problemlərin miqyası durmadan artır. Artıq bu ölkənin özündə də açıq etiraf edilir ki, hadisələrin belə gedişi Ermənistanın bir dövlət kimi məhvini şərtləndirir. O da xüsusi olaraq vurğulanır ki, mövcud problemlərin həlli üçün hakimiyyət hər hansı konsepsiya va ya tədbirlər planına malik deyil. Bu vəziyyətdə ölkədə əhalinin hakimiyyətdən sosial narazılığının daha da güclənməsi, hətta qeyd olunan zəmində sosial iğtişaşların yaşanacağına dair elə erməni ekspertlərinin özləri tərəfindən həyəcan təbili çalınmaqdadır.
Digər tərəfdən, həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regionda özünü təcrid vəziyyətinə salmış Ermənistanın bölgədə həyata keçirilən transmilli layihələrdən kənarda qalması, zəif xarici iqtisadi əlaqələrə malik olması da durumu ağırlaşdıran faktorlardan sayılır. Ermənistan parlamentinin deputatı Ara Nranyan bildirir ki, yaxın perspektivdə həlli mümkünsüz görünən bir çox problem növbəti ildə də ölkə üçün olduqca ağır keçəcəyini qaçılmaz edir. Onun sözlərinə görə, inflyasiyanın yüksək səviyyəsi, işsizlik, sosial vəziyyətin günü-gündən ağırlaşması, hakimiyyətin səriştəsiz idarəçiliyi və bu qəbildən olan digər amillər həm də ciddi təhlükələr vəd edir. Bu kontekstdə deputat yenə makroiqtisadi sabitliyin qorunub saxlanmasını mümkün saymadığını, cəmiyyətdə sosial narazılığın yüksələn xətt üzrə inkişaf edəcəyini, hətta vəziyyətin idarəolunmaz həddə çatacağını proqnozlaşdırır.
Analoji mövqedən çıxış edənlərin sayının durmadan artması isə bir daha Ermənisitanda xaotik durumun ağırlaşmaqda olduğunu bariz şəkildə nümayiş etdirir. Ermənistan parlamentinin digər deputatı Lilit Qalstyana görə, ölkənin acınacaqlı vəziyyətə düşməsində hakimiyyətdəki mövcud oliqarx sisteminin də rolu az olmayıb: "Yalnız şəxsi mövqelərini güdən oliqarx məmurların dövlət əmlakını acgözlüklə talan etməsi, qlobal maliyyə böhranının ölkəyə təsirlərinin azaldılması üçün heç bir addım atılmaması Ermənistanda yaşanan tənəzzülü dönməz bir mərhələyə gətirib çıxarmaqdadır. Bunu təkcə ölkədə yox, beynəlxalq səviyyədə də aydın şəkildə bəyan etməyə başlayıblar".
Deputat Ermnistanın xarici asılılığının get-gedə gücləndiyini və buna bariz nümunə kimi xarici borcların miqdarının davamlı olaraq artmasını göstərib. Onun sözlərinə görə, cari il ərzində bu borcun miqdarı 5-6 milyard dolları keçəcək və qeyd olunan hədd Ermənistanın ümumi daxili məhsulunun artıq yarısı deməkdir: "Xarici borc miqdarının ümumi daxili məhsula real nisbəti artıq iqtisadiyyat qanunlarına görə təhlükəli bir həddədir. Qarşıdakı müddətdə vəziyyətin daha da pisləşməsi fonunda xarici borcun həcminin daha da artması və beləliklə, ölkənin xaricdən asılılığının güclənməsi gözlənilir. Çünki iqtisadi inkişafa yol açan heç bir hal müşahidə olunmur. Biznesdən tutmuş dövlət idarəçiliyinə qədər hər sahədə tənəzzül yaşanır. Qiymətlər durmadan artır, inflyasiyanın qarşısının alınması mexanizmləri işləmir".
Əsas müxalif qüvvələrin cəmləşdiyi Ermənistan Milli Konqresi isə bildirir ki, hakimiyyətə qarşı sosial narazılıq il ərzində kütləvi etiraz aksiyaları formasında da özünü qabarıq büruzə verəcək. Konqres özü də belə aksiyaların təşkilinin maraqlı olacağını bəyan edir. Bildirilir ki, xalq arasında nüfuzunu tam itirən Ermənistan hakimiyyəti indi özünə qarşı edilən bütün çıxışları güc yolu ilə susdurmağa, təşkil olunan etiraz aksiyalarını polis dəyənəyi hesabına dağıtmağa üstünlük verməyə daha çox meyillənir.
Beləliklə, proseslərin inkişaf istiqaməti növbəti ilin də Ermənistan üçün kifayət qədər ağır olacağını, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşəcəyini göstərir. Sözügedən problemlərin həlli üçün Ermənistan nə maliyyə, nə digər iqtisadi resurslara, nə də xalqın etimadını qazanmış hökumətə malikdir. Əksinə, mövcud durum Ermənistanda xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşdiyini göstərir və bu da işğalçı ölkənin tənəzzülünü sürətləndirən əsas səbəblərdən biri sayılır.
Aytən Səmədova