Və yaxud Pan Gi Munun diqqətindən yayınan məqamlar
Bu günlərdə Ukrayna ilə Ermənistan arasında silah alveri məsələsi yeni faktların ortaya çıxması ilə gündəmdə qalmaqdadır. Belə ki, Ukrayna ilə Ermənistan arasında 300 min dollarlıq silah alverinin baş tutduğunu təsdiqləyən sənədlər ortaya çıxıb.
APA-nın əldə etdiyi sənədlərdən aydın olur ki, Ukraynanın "Ukrinmaş" Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə Ermənistan Respublikasının "DG Arms Corporation" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 5/107-k saylı, 26 avqust 2011-ci il tarixli müqaviləyə əsasən, "DG Arms Corporation"ın "Ukrinmaş"dan aldığı 298 min dollar dəyərində 12,7x108 mm-lik 800 000 ədəd patron (264 min dollar) və 12,7x108 mm-lik patron üçün 200 000 ədəd patron həlqəsinin (34 min dollar) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) çatdırılması prosesi uğurla yerinə yetirilib.
Sözügedən müqaviləyə əsasən, Ermənistan şirkəti aldığı hərbi əmlakı BƏƏ-yə satmalı, satıcı - "Ukrinmaş" isə yükü Albaniyanın paytaxtı Tirana şəhərindəki aeroporta çatdırmalı və orada alıcıya verməli idi. Müqavilənin digər şərtinə görə, çatdırılmış hərbi əmlakın son istehlakçısı BƏƏ Silahlı Qüvvələridir.
Alqı-satqının uğurla başa çatdığı Albaniyanın "MEİCO" şirkətinin "Ukrinmaş" və "DG Arms Corporation"a göndərdiyi məktubdan aydın olur. Hərbi əmlakın 2011-ci ilin sentyabrında BƏƏ-yə uğurla çatdırıldığının qeyd olunduğu məktubda "MEİCO" bu barədə "Ukrinmaş" və "DG Arms Corporation"dan Çatdırılmanın Təsdiqlənməsi Sertifikatı istəyir. Bu isə Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq çərçivəsində daha bir silah-sursat alqı-satqısı əməliyyatının uğurla yerinə yetirildiyinin təsdiqi deməkdir.
Göründüyü kimi, açılan sənədlərdən də aydın olur ki, bütün proseslər Ukrayna Baş Kəşfiyyat idarəsinin rəisi Sergey Qmızın Ukrayna prezidentinə göndərdiyi məktubda göstərilən plana uyğun gedir. Yəni bununla Ukrayna Ermənistana gizli silah satışını təmin etmiş olur. Düzdü, burada Ukraynanın özünü təsdiq etməsi üçün bəhanələr var. Silahların BƏƏ-yə çatdırılması kimi. Bəli, bunu dəlil kimi göstərməklə Ukrayna tərəfi Ermənistana silah satışı ilə məşğul olmadığını bildirə bilər. Lakin burada da bir sıra suallar meydana çıxır. Birincisi, nəyə görə Ukrayna silah satışını məhz Ermənistanın vasitəçiliyi ilə edir? Daha etibarlı vasitəçilər qala-qala nəyə görə heç bir imkanları olmayan, beynəlxalq təcridçilik siyasəti ilə üzləşən bir ölkənin silah şirkətinə bu işə həvalə edilir? Əslində isə, Ermənistan vasitəçi yox, birbaşa istehlakçıdır. Ukraynanın BƏƏ-yə silaha satması ilə gizli planın bir hissəsidir.
Yuxarıda yazdıqlarımı bir daha sübut etmək üçün Sergey Qmızın Ukrayna prezidentinə məktubunun bəzi məqamların toxunmaq istərdim. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspetsexport"a Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə "öz ətrafında etibarsız təchizatçı" kimi "Ukrspetsexport"un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub.
Artıq Ukrayna tərəfindən məsələ ilə bağlı təkzib gəlib. Bundan sonra isə ssenariyə uyğun olaraq Ukrayna tərəfi ilə "Ukrspetsexport"un rəhbərliyi arasında münasibətlərin pisləşməsi gözlənilir. Yəni plan öz təsdiqini tapmağa başlayır.
İkinci bir məsələ isə ondan ibarətdir ki, əgər həqiqətən də, Ukrayna tərəfi belə bir vəziyyətin olmadığını bildirirsə, nəyə görə buna rəsmi şəkildə yüksək səviyyədə aydınlıq gətirilmir? Nəyə görə Sergey Qmız və yaxud da prezident Viktor Yanukoviç məsələyə öz mövqelərini bildirmirlər? Axı məsələdə adları hallanan əsas şəxslər bunlardır. Bu cür müəmmalı mövqe, təbii ki, haqlı şübhələrin yaranmasına səbəb olur. Odur ki, Azərbaycan tərəfi məsələnin araşdırılmasının tərəfdarıdır. Bu araşdırmadan sonra isə məsələnin öz təsdiqini tapacağı halda, Ukrayna-Azərbaycan münasibətlərinin çox böyük bir zərbə altında qalacağı şübhəsizdir.
Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyətin də məsələyə biganə qalması təəccüblü və təəssüf doğurucudur. Xatırladım ki, bir müddət bundan öncə, BMT baş katibi Pan Gi Mun Azərbaycanda silahlanmanın sürətlə getməsi və öz həddini aşması ilə bağlı hesabat yaymış, bu məsələnin region üçün təhlükəli vəziyyət yaratdığını bildirmişdi. İşğala məruz qalmış bir ölkəyə qarşı bu cür qərəzli bir hesabat yayan Pan Gi Mun bəs niyə işğalçının külli miqdarda silah alması ilə bağlı yaranan məsələyə aydınlıq gətirilməsini tələb etmir? Bu da ikili standartın növbəti sübutu. Cənab Pan Gi Mun Azərbaycanın haqlı silahlanmasını gördüyü halda, onun rəhbərlik etdiyi təşkilatın qətnamələrinə hörmətsizlik edən və onları yerinə yetirməkdən boyun qaçıran işğalçı Ermənistanın qeyri-qanuni silahlanmasını görməkdə çətinlik çəkir.
Murad İSMAYILZADƏ