"WikiLeaks" yenidən dünya siyasətinin diqqət mərkəzindədir. Bu dəfə onun yaradıcısı Culian Assanjın taleyi ilə bağlı qalmaqal yaranıb. Bir neçə dövlət arasında sözün həqiqi mənasında diplomatik gərginlik müşahidə olunur.
Assanj və Berezovski: fərq nədədir?
C.Assanjı İsveç hüquq-mühafizə orqanları seksual cinayətdə ittiham edir. Ekvadorun Böyük Britaniyadakı səfirliyi isə ona siyasi sığınacaq verib. İndi C.Assanjı oradan çıxarmaq çox çətin həll edilən məsələyə çevrilib. Əvvəlcə, britaniyalılar Ekvadorun Londondakı səfirliyinə hücum edəcəklərini açıqladılar. Dünya dərhal buna reaksiya verdi – bu, beynəlxalq hüququ pozmaq deməkdir!"The Times" qəzeti rəsmi Londonu nəzərdə tutaraq "münaqişə yaratmaqdan çəkinmək lazımdır", yazdı. Qəzet mövqeyini əsaslandırmaq üçün sual edirdi: "bəlkə hansısa həqiqi dissident Britaniya səfirliyinə sığındı. Onda nə olacaq?""Independent" açıq xəbərdarlıq etdi ki, təhdid heç nəyi həll etmir. Assanjı silah gücünə səfirlikdən çıxarmaq Ekvadorun əlinə diplomatik arqument vermiş olardı."Financial Times" isə daha dərinə gedərək, "səfirliyin şərəfsiz mühasirəsi" ifadəsini işlədib. Qərbin digər tanınmış nəşrləri də təqribən bu mövqeni tutdular.Əsas məsələ odur ki, Böyük Britaniya kimi qocaman bir dövlət nəyə görə beynəlxalq hüququ belə ucuz çeynəmək fikrinə düşdü? Bizcə, bu sualın cavabı bütövlükdə Qərb dövlətlərinin özlərini, heç çübhəsiz, haqq və ədalətin beşiyi hesab etməsindədir. Buna görə də onlar istədikləri kimi davranmağı normal hesab edirlər.Böyük Britaniya yüzlərlə adama siyasi sığınacaq verib. Sığınacaq alanlar haqqında heç də birmənalı mövqe bildirmək olmur. Onların bəzilərinə sığınacağın siyasi, bəzilərinə iqtisadi, bəzilərinə isə digər maraqlar xatirinə verildiyi haqqında məlumatlar yayılır.Britaniya hökuməti ilə onların heç birinin qaytarılması ilə bağlı danışıq aparmaq mümkün deyil. Amma, görünür, Böyük Britaniyaya olar. Bir sıra hallarda sığınacaq rüşvət müqabilində verilir. Məsələn, B.Berezovskinin 2002-2008-i illərdə sığınacaq üçün offşor şirkətlər vasitəsi ilə 320.000 funt-sterlinq pul verdiyi haqqında məlumat var (bax: 1).
Vyana Konvensiyasına atılan əlcək
Beynəlxalq hüquq müstəvisində isə Britaniya Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasını pozmağa cəhd edib. Həmin sənədin 22-ci maddəsində yazılıb: "1. Nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər. 2. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin istənilən formada pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün hər cür lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir" (bax: 2).Britaniya hakimiyyət orqanları isə Ekvadorun Londondakı səfirliyinə hücum edib, siyasi sığınacaq almış adamı həbs etmək iddiasına düşmüşdü. Qərbin inkişaf etmiş bir ölkəsində bu dərəcədə açıq-saçıq hüquq pozuntusuna cəhd olursa, ondan hansı demokratik nümunədən danışmaq olar? Bu kimi haqsızlığı görən və eşidən insanların ümumiyyətlə, hüquqa, insan haqlarına əməl olunmasına, ədalətə inamı qalmaz.Digər ölkələrə müxtəlif iradlar bildirən, onları insan haqlarını tapdalamaqda günahlandıran bir ölkə öz maraqları üçün nə qədər qərəzli olduğunu bir daha nümayiş etdirmiş oldu. Beynəlxalq hüquqa və insan haqlarına bu cür münasibətin olduğu dünyada terrorun qarşısını almaq olmaz. Ermənistan kimi təcavüzkar dövlətlər işğalçılıqdan əl çəkməz.
Bir məsələ getdikcə daha çox aydın olur. Dünyanın böyük dövlətləri ədalətli, beynəlxalq hüquqa dəqiq əməl edən mövqe tutmasalar, bəşəriyyət zərər görməkdə davam edəcək. İnsanlar nahaq yerə həyatlarını itirəcəklər. Dünyada barış və rifah olmayacaq
Newtimes.az