Bu gün dünyada çox mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Cənubi Qafqaz regionunun bu proseslərdən kənarda qalması qeyri-mümkündür. Xüsusilə də, əgər bu proseslər məhz region dövlətlərindən biri - İranla bağlıdırsa. Bu gün İranın "nüvə proqramı"nın beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olması və narahatlıqlar doğurması, təbii ki, regionda gedən siyasi proseslərə də öz təsirini göstərir.
ABŞ və İsrail başda olmaqla dünya dövlətlərinin İranın apardığı bəşəriyyət üçün təhlükəli siyasətə qarşı çıxması İranın dünyadan təcrid olunmasına gətirib çıxarıb. Belə ki, artıq heç bir dövlət İranla əməkdaşlıq etmək istəmir. Hətta ABŞ bir neçə ildir ki, İranın bu ölkədəki hesablarını dondurmaqla yanaşı, dünya dövlətlərinə də İrana yardım etməmək üçün çağırışlar edib. Öz nüfuzundan istifadə edən ABŞ belə bir addıma cəhd etmək istəyənlərə də təzyiq göstərməyə çalışır. Bir müddət bundan öncə, Ermənistana bununla bağlı edilən xəbərdarlığı nümunə kimi göstərmək olar.
Bu günlərdə isə İran dövlətinin orada yaşayan azərbaycanlılara qarşı apardığı ayrı-seçkilik siyasəti də tənqid olunmağa başlayıb. Belə ki, amerikalı konqresmen Dana Roraxaber bununla bağlı Konqresdə Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi ilə bağlı məsələ qaldırmaqla yanaşı, bununla bağlı ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintona məktub da ünvanlayıb. Dövlət Departamenti konqresmen Dana Rorabaxerin dövlət katibi Hillari Klintona Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşməsi ideyasının dəstəklənməsi barədə məktub göndərdiyini təsdiqləyib. Bunu Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland keçirdiyi brifinqdə söyləyib. Viktoriya Nuland deyib ki, Hillari Klinton Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi ideyasının dəstəklənməsi barədə konqresmenin məktubuna cavab verib. Ancaq cavab məktubunun detalları açıqlanmayıb.
Qeyd edim ki, Dana Rorabaxer məktubunda yazıb ki, İranda etnik azərbaycanlıların üstünlük təşkil etdiyi Şərqi və Qərbi Azərbaycan əyalətləri var, azərbaycanlıların vətəni bölünüb: "1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə Azərbaycan ərazisi Rusiya və İran arasında bölünüb. ABŞ-ın Azərbaycan və İsraillə hərbi əməkdaşlıq etməsi yaxşı olar, çünki İran hər iki ölkənin düşmənidir".
Göründüyü kimi, bu məsələ H.Klinton tərəfindən də dəstəklənir. İrana zərbə vurmağın əsas vasitələrindən olan Cənubi Azərbaycan məsələsinin gündəmə gətirilməsi həm də İranda azərbaycanlılara qarşı münasibətdən irəli gəlir. Artıq illərdir müstəqillikləri əllərindən alınmış azərbaycanlılar heç bir fəaliyyətlə məşğul ola bilmirlər. İran dini rəhbərliyi azərbaycanlıların dil, mədəniyyət və tarixlərini öyrənməyə imkan vermir, eyni zamanda, onların təbii hüquq və azadlıqlarını məhdudlaşdırır. Böyük təzyiq altında saxlanılan azərbaycanlılar təqib olunur, azadlıq ideyasını isə heç ağıla belə gətirmək mümkün deyil. Bu vəziyyət isə son zamanlar artıq özünün pik həddinə çatıb. Artıq Cənubi Azərbaycandakı vəziyyət dözülməz hal alıb. Baş vermiş sonuncu zələzələ ilə bağlı xarici ölkələrdən gələn yardımları geri qaytaran, Azərbaycan və bəzi ölkələrdən gələn yardımları isə, yayılan xəbərlərə görə, Ermənistana ötürən İran dövləti özü də onlara kömək etmək niyyətində deyil. Bir sözlə, İran rəhbərliyi hakimiyyətindən istifadə edərək, azərbaycanlıları tam farslaşdırmağa və azərbaycançılıq ənənələrinə birdəfəlik son qoymağa çalışır.
Bütün bunlar, görünür, artıq ABŞ konqresmeninin və Dövlət Departamentinin də diqqətini çəkməyə başlayıb. Məsələnin beynəlxalq müzakirəyə çıxarılacağı və bu məsələdə İrana təzyiq göstəriləcəyi də istisna olunmur. Təbii ki, bu məsələdə Azərbaycan Respublikası da öz fəallığını göstərəcək. Soydaşlarımızın İranda yaşadığı ağır və acınacaqlı həyat tərzi bizi də narahat edir. Bu mənada İranın apardığı siyasət bu gün böyük narazıçılıq doğurur. Ona qarşı aparılan təcridetmə siyasəti və təzyiqlər yuxarıda yazılanlardan da göründüyü kimi Azərbaycana təsirsiz ötüşməyəcək.
Murad İSMAYILZADƏ