PDF Oxu

Araşdırma

  • 1 545

Ramil Səfərovun Azərbaycana verilməsi və əfv edilməsi Avropa Konvensiyasına uyğundur

Ermənistanın isterik davranışı beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltmək məqsədi daşıyır

Ramil Səfərovun Azərbaycana verilməsi və əfv edilməsi Avropa Konvensiyasına uyğundur

Ramil Səfərovun azadlığa çıxması və Prezident İlham Əliyevin sərəncamına əsasən əfv edilməsi son günlər beynəlxalq aləmin, eləcə də, media qurumlarının diqqət mərkəzinə çevrilmişdir. Belə ki, məsələ ətrafında birmənalı fikrin formalaşmaması bir daha Avropa Konvensiyasına müraciət etməyə sövq edir. Məsələ ondadır ki, bu gün də işğalçılıq siyasəti yürüdən Ermənistanın isterikaya qapılaraq, beynəlxalq diqqəti öz üzərinə cəlb etmək istəyi, əslində, bu ölkənin qaranlıq tərəflərini daha çox qabardır və kifayət qədər ifşa edir.

Onu da qeyd edək ki, zabitimizin Macarıstan tərəfindən Azərbaycana verilməsi proseduru və əfv edilməsi 1983-cü ildə Avropa Şurası çərçivəsində qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun həyata keçirilmişdir. Bu baxımdan, Ermənistan tərəfi və bu dövlətin dəyirmanına su tökən tərəflər bilməlidirlər ki, Macarıstan və Azərbaycan Respublikası məhz həmin sözügedən konvensiyanı ratifikasiya etmişlər. Yəni Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan tərəfi bütün zəruri hüquqi informasiyanı Macarıstana təqdim etmiş, Macarıstan tərəfi isə alınmış informasiya əsasında Ramil Səfərovun ekstradisiyasına razılıq vermişdir. Macarıstan məhkəməsi tərəfindən çıxarılmış hökm 30 il müddətində məhkumun vaxtından əvvəl şərti azad olunmasını məhdudlaşdırmış, onun əfvinin və ya amnistiyaya düşməsinin mümkünlüyünə şamil edilməmişdir. Konvensiyanın 11 və 12-ci maddələrinə əsasən, hər bir tərəf qüvvədə olan Konstitusiyaya və ya digər hüquqi aktlara müvafiq olaraq əfv, amnistiya elan edə və ya cəza tədbirini azalda bilər. Ramil Səfərov Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq əfv edilmişdir.

Azərbaycan Konstitusiyasına görə isə, əfvetmə ölkə Prezidentinin müstəsna səlahiyyətidir. Azərbaycanın cinayət qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin cəzası əfv qaydasında 25 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər. Ramil Səfərov 2004-cü il fevralın 19-dan həbsdə olmuşdur, yəni o, öz cəzasının səkkiz il yarımdan artıq müddətini çəkmişdir. Əfv aktı ömürlük cəzanın məhkumun artıq çəkmiş olduğu cəza müddəti ilə əvəz edilməsidir.

Eləcə də Macarıstan Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilmişdir ki, Macarıstan beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun hərəkət etmiş, Ramil Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Strasburq Konvensiyasına uyğun olaraq Azərbaycana ekstradisiya olunmuşdur. Rəsmi Budapeşt sözügedən konvensiyaya uyğun olaraq 2010-cu ildə 11, 2011-ci ildə 7, 2012-ci ildə 8 məhbusu digər ölkələrə təhvil vermişdir.

Başqa tərəfdən, ekspertlər, hüquqşünaslar Ramil Səfərovun Macarıstanda 30 il müddətinə azadlıqdan məhrum olunmasını həddən artıq sərt qərar hesab etmişlər. Məhkəmə vəkillərin vəsatətlərini, erməni zabitin təhrikçi hərəkətləri nəticəsində R.Səfərovun düşdüyü mənəvi-psixoloji durumu, məcburi köçkün həyatı yaşamasını, bir çox yaxınlarını itirdiyini və bu faciələrin onun gözü qarşısında baş verdiyini nəzərə almamışdır. 22 iyul 2011-ci ildə Norveçdə 77 nəfəri qətlə yetirmiş, 155 nəfəri yaralamış Anders Berinq Breyvikin 21 il müddətinə azadlıqdan məhrum edilməsi fonunda ağır psixoloji durumda olan bir nəfərin digərini qətlə yetirməsinə görə 30 il müddətinə məhkum olunması ədalətli qərar hesab edilə bilməz.

Qatil prezidentin süni ajiotajı nəyə "əsaslanır"?

Bu gün də işğalçılıq siyasəti yürüdən Ermənistan rəhbərliyinin, erməni diasporunun və onun xidmətində olan xarici qüvvələrin Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunaraq əfv edilməsi ilə bağlı mövqeyi heç bir əsası olmayan süni ajiotaj yaratmaq, beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltmək məqsədi daşıyır.

Çünki beynəlxalq aləm də bilməlidir ki, məhz Ermənistan dövləti zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları qaldırmış, bu vasitə ilə azərbaycanlılara, eləcə də, başqa millətin nümayəndələrinə qarşı soyqırımlar törətmişdir. Həmçinin, tarixi faktlar göstərir ki, müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə çoxsaylı insanlar qətlə yetirən cinayətkarları, terrorçuları sığınacaqla, yüksək səviyyəli həyat şəraiti ilə təmin etmək, onları "milli qəhrəman" statusuna yüksəltmək Ermənistan rəhbərliyinə xas olan xüsusiyyətdir. Ermənistanın hərbi təcavüzü ilə əlaqədar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində dinc azərbaycanlılara qarşı soyqırımı törətmiş bir çox şəxslər hazırda Ermənistanın Serj Sarkisyan rejimində yüksək vəzifələrdə çalışırlar. Buna misal kimi Xocalı soyqırımının əsas təşkilatçılarından olmuş və cinayətkar mövqeyini açıq şəkildə mətbuatda əsaslandırmağa çalışmış Ermənistan Prezidenti S.Sarkisyanı, müdafiə naziri Seyran Oqanyanı və digərlərini göstərmək mümkündür.

Türk qanına susamış "qəhrəmanlar"

Yuxarıda qeyd edilənlərlə yanaşı, xüsusilə vurğulamaq lazımdır ki, terrorçuluq və amansızlıq Ermənstan dövlətinin rəsmi atributuna çevrilib. Hələ SSRİ zamanı ölkənin müxtəlif respublikalarında erməni terrorçuları müxtəlif aksiyalar həyata keçirməklə, çoxsaylı insanların həyatlarına qəsd ediblər. 80-ci illərin əvvəllərində Moskva metrosunun partladılması nəticəsində yüzlərlə insan öldürülmiş, terror aktının törədiciləri məhkəmə zamanı həmin qətliamdan heç də peşman olmadıqlarını bildirmişlər.

Qeyd olunanlarla yanaşı, özlərini erməni xalqının "qəhrəmanları" hesab edən erməni terrorçuları türk qanına necə susadıqlarını digər terror aktlarında təsdiq ediblər. ASALA erməni terror təşkilatının Fransada fəaliyyətinə rəhbərlik edən Varujan Karapetyan 1983-cü il iyunun 15-də Parisin Orli Hava limanında Türkiyə Hava Yollarının ofisi qarşısında terror aktı törətmiş, nəticədə, 8 nəfər ölmüş, 55 nəfər yaralanmışdır. 1985-ci ildə ömürlük həbs cəzasına məhkum olunmuş V.Karapetyan Fransadakı erməni diasporunun təzyiqi nəticəsində 2001-ci ildə azadlığa buraxılmış və Ermənistana deportasiya edilmişdir. V.Karapetyan Ermənistanda əsil "qəhrəman" kimi qarşılanmış, baş nazir Andranik Markaryan 2001-ci il mayın 4-də onu təbrik etmiş, Yerevanın meri Robert Nazaryan isə mənzillə təminat məsələsini öz üzərinə götürmüşdür. Hazırda V.Karapetyan Ermənistanın Dilijan şəhərində yaşayır.

Monte Melkonyan (Avo ləqəbli) - ASALA erməni terror təşkilatının fəalı, ASALA-RM-in rəhbəri, Livanda vətəndaş müharibəsinin iştirakçısıdır. Onun rəhbərliyi ilə Roma, Afina və Avropanın digər şəhərlərində türklərə qarşı çoxsaylı terror aktları həyata keçirilmişdir. 1981-ci ildə M.Melkunyan Parisdə 4 türk diplomatının girov götürülməsi əməliyyatını təşkil etmişdir. 1985-ci ildə, o, Parisdə 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 1991-ci ildə isə əfv olunaraq Beyruta deportasiya olunmuşdur. 1990-cı illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində gedən döyüşlərdə fəal iştirak edən M.Melkunyan qısa zamanda azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxarmışdır. M.Melkunyan 1993-cü il iyunun 12-də Dağlı Qarabağda - Ağdam rayonunun Mərzili kəndində döyüş zamanı öldürülmüşdür. M.Melkumyan "xidmətlərinə" görə Ermənistanın "milli qəhrəmanı" adı almlş, "Qızıl qartal" ordeni ilə təltif olunmuşdur. Onun adına Ermənistanda hərbi hissə, universitet, məktəb, körpü, xeyriyyəçilik fondu, futbol klubu var.

Murad Topalyan - 20 il ərzində ABŞ-da türk diplomatlarına və obyektlərinə qarşı terror aktları hazırlamış və həyata keçirmişdir. 12 oktyabr 1980-ci ildə M.Topalyan iki əlbiri ilə birlikdə Türkiyənin BMT-dəki nümayəndəliyinin yerləşdiyi binanın qarşısında terror aktı törətmiş, nəticədə, 3 nəfər yaralanmış, nümayəndəliyin binasına isə ciddi ziyan dəymişdir. O, 1999-cu ildə həbs edilərək terror aksiyalarının təşkilində və aksiyalarda iştirakda ittiham olunmuşdur. Sonra ABŞ-dakı erməni lobbisinin və onlara yaxın güclərin təsiri və təzyiqi nəticəsində M.Topalyanın üzərindən terrorizmlə bağlı ittiham götürülmüş, o özünü qanunsuz silah-sursat və partlayıcı maddələr əldə etməkdə və saxlamaqda günahkar bilmişdir. 2004-cü il yanvarın 24 də məhkəmənin hökmünə əsasən M.Topalyan 37 ay həbs cəzasına və 3 illik polis nəzarətinə məhkum olunmuşdur. Ermənistan hökuməti M.Topalyanı müdafiə etmiş və ona bəraət qazandırmağa çalışmışdır. 2000-ci ildə Amerika Ermənləri Milli Komitəsi Topalyanı "Ümumi erməni məsələsinə töhfəsinə görə" və "Erməni tarixinə və erməni millətinə həsr olunmuş unikal fəaliyyətinə görə" "Azadlıq mukafatına" layiq görmüşdür.

Məhz bu kimi faktlara söykənməli olan beynəlxalq ictimaiyyət, daha dəqiq desək, Ermənistanın isterikasına və süni ajiotajına uyan tərəflər erməni terrorunun həqiqətlərinə gerçəklik gözü ilə baxmalıdırlar. Həmçinin, Ramil Səfərovun azadlığa buraxılmasından "narahatlıq" ifadə edən xarici qüvvələr onun Macarıstandan Azərbaycana ekstradiksiyasının və əfv edilməsinin hüquqi cəhətdən beynəlxalq və yerli qanunvericiliyə tam uyğun olduğunu, habelə, məhz Ermənistanda qatı cinayətkarların və terrorçuların "milli qəhrəman" statusuna yüksəldilməsi praktikasının geniş yayıldığını nəzərə alaraq əsassız tələblərə və ikili standartlara yol verməməlidirlər. Əks halda, yəni, belə davam etsə, Ermənistana bu işdə dəstək verməyə cəhd göstərən bəzi beynəlxalq güclər ədalətə deyil, tamamilə başqa amilə xidmət etmələri yetərincə ifşa oluna bilər.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər