İndi onunla bağlı baş verənlərə Vaşinqtondan belə münasibət bildirirlər. Bu ad hazırda ermənilərin qorxulu röyasına çevrilib. Ramil Səfərova münasibət böyük dövlətlərin və beynəlxalq hüququn vicdan və ədalətinin sınağıdır...O, Qarabağda – Cəbrayılda dünyaya göz açıb. Ata və anası xəstəxanada işləyib. Anası cərrahiyyə şöbəsində çalışdığından yeniyetmə Ramil erməni vəhşiliyini gözləri ilə görüb. Hər gün xəstəxanaya Yaxın Şərq və Avropada terrorçuluq məktəbi keçmiş "saqqallılar"ın gözlərini çıxardığı, qulaqlarını kəsdiyi, əl-ayaqlarını doğradığı insanları gətirirdilər.Şahid Ramil şəhidlik yolunu o zamandan seçdi. Erməni vəhşiliyi ona başqa seçim etmək yeri qoymuşdumu? Onların "mədəni" havadarları Ramilin oxumaq, dinc həyatda çalışmaq hüququnu əlindən almaq haqqına sahibdirlərmi? Ramil bu hüququnu qaytarmaq mücadiləsinə başlamaqla haqqı-ədaləti bərpa etmək savaşı vermirdimi?
Avropa məhkəməsinin iki qərarı və Ramilin əsassız ittihamı
Birinci Dünya müharibəsindən sonra ermənilər Türkiyənin vəzifəli şəxslərinə qarşı terrora başladılar. Tələt Paşanı Almaniyada küçədə qətlə yetirdilər. Bunu edən terrorçuya Almaniya məhkəməsi bəraət verdi. Səbəb kimi həmin terrorçunun müharibədə yaxınlarını itirməsi və buna görə psixoloji vəziyyətinin gərginləşdiyi göstərilmişdi. Məhkəmənin bu qərarına nə Avropa, nə də ABŞ rəhbərliyi etiraz etmədi.Breyvik...Bu qatil-terrorçu Norveçdə 77 dinc insanı qətlə yetirdi. Daim faşist ədəbiyyatı oxuyar və özünün müsəlmanlara qarşı nifrətini gizlətməzdi. Avropa məhkəməsi 77 günahsızın qatilinə 21 il iş verdi. Onların sırasında Norveçin və ya hansısa başqa ölkənin xalqını təhqir edən, bayrağına hörmətsizlik nümayiş etdirən yox idi.Bu, Tələt Paşa hadisəsindən təqribən 100 il sonra Avropa məhkəməsinin çıxardığı ikinci "məşhur" və "ədalətli, humanist" qərarıdır... Bu iki qərara qərblilər etiraz etmədilər. Qərbin heç bir siyasətçisi və dövlət adamı hüququn ədalət tərəzisinin pozulduğunu dilinə gətirmədi...Ramil Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı yaxınlarını itirdi. Onların bir çoxu haqqında hələ də xəbər yoxdur. Ramil Cəbrayılı itirdi. Tanıdığı və tanımadığı minlərlə həmvətəninə qarşı zorakılıqların şahidi oldu. Sonra qərib diyarda (Macarıstanda) bunları düşmən ölkənin zabiti başına qaxdı, vətəndaşı olduğu dövlətin bayrağını təhqir etdi. Avropa məhkəməsi bu dəfə Ramilin bu həqiqətlərini nəzərə almadı. Tələt Paşanın qatilinə bəraət və Breyvikə cəmi 21 il cəza kəsən Qərb, Ramili ömürlük həbsə atmağa qərar verdi. Ramil Macarıstandakı həbsxana həyatında iki məşhur macar yazıçısının romanını ana dilinə tərcümə edib. Onlardan biri "Qapı", digəri isə "Pal küçəsinin uşaqları" adlanır. Ramil yalnız dəyanətli və vətənpərvər zabit deyil, həm də humanist ziyalıdır!Ramil öz vətəninə qaytarıldıqdan sonra isə, bu saxta demokratların sifətlərinin ifadəsi dəyişdi. Bir neçə il əvvəl Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı çəkilən sənədli filmə Qərb diplomatlarının baxmaq istəməməsini xatırladıq...
Hüquqi prosedur pozulmayıb
Macarıstan Ədliyyə Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: "Məhkumların təhvil verilməsi barədə Konvensiyaya qoşulan ölkələrdən biri məhbusu öz ölkəsində cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər". Məhkum olunmuş şəxslərin cəzasını çəkmək üçün verilməsi proseduru 1983-cü ildə qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası ilə tənzimlənir.
Bəyanatda bildirilir ki, məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili hüquqi prosedurları çərçivəsində dəyişdirə bilər. "Azərbaycan həmin Konvensiyanı qəbul etdiyinə görə, Macarıstan Ədliyyə Nazirliyi Ramil Səfərovun ekstradisiyasını həyata keçirib. Konvensiyaya görə, cəza həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənə bilər".Ramil Səfərovun cəzasını Azərbaycanda çəkmək üçün verilməsi və sonradan onun əfv edilməsi həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına tam uyğundur. Məsələnin beynəlxalq hüquqla bağlı hissəsi Macarıstan Ədliyyə Nazirliyinin bəyanatında dolğun ifadə edilib. Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə görə, 8 il cəzasını çəkmiş bir insanın əfv edilməsi müstəsna olaraq ölkə Prezidentinin səlahiyyəti daxilindədir. Onun bir kimsə ilə məsləhətləşməsinə heç ehtiyac yoxdur.
Bəzi dairələr niyə narahat oldular?
Qərb özü qəbul etdiyi Konvensiyanın məzmunu ilə tanış deyilmi? Əlbəttə, tanışdır. Ramil Səfərovun Azərbaycana ekstadisiyasının beynəlxalq hüquqa tam uyğunluğunu da gözəl bilirlər. Lakin hətta ABŞ kimi dövlət öz narahatlığını bildirirsə, bu, sırf siyasi qərəzin olması nümunəsidir.Əvvəla, regionda gərginliyin olmasını istəməyən dövlət qonşu ölkənin ərazisini işğal edən Ermənistandan həmin yerlərdən çəkilməsini qəti tələb edərdi. Bunu etmirsə, deməli, bölgədə gərginliyin qalmasına xidmət göstərir.İkincisi, ABŞ neçə illərdir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindəndir. Bu keyfiyyətdə rəsmi Vaşinqton nəyə görə Ermənistandan BMT-nin məlum 4 qətnaməsinə əməl etməyi tələb etmir? ABŞ nəyə görə atəşkəs dövründə girov götürülən, güllələnən dinc sakinlərin hüquqlarının pozulmasına ciddi etiraz etmir? Vaşinqton 20 ildən çoxdur ki, əsirlikdə hər an təhqir edilən qadınların, qocaların və uşaqların xilası üçün addım atmır? Ermənistan güclüdür, yoxsa ABŞ ikiüzlüdür?İraqda, Liviyada, Əfqanıstanda, Fələstində, Suriyada, Türkiyə şəhərlərinin küçələrində axıdılan qanlardan Obama niyə narahat olmur? Erməni terrorunun Azərbaycanda, Türkiyədə, Mərkəzi Asiyada, Gürcüstandakı qurbanlarının hüquqlarını Ağ Ev niyə müdafiə etmir?Üçüncüsü, Bosniyada, İraqda, Əfqanıstanda, Somalidə NATO-nun bayrağı altında özünü oda-alova atan Azərbaycan zabitlərinin şərəf və ləyaqətini qorumaq məsuliyyətini bu hərbi blok niyə boynuna götürmür? Axı Ramil Səfərovun şərəf və ləyaqətini NATO-nun ərazisində təhqir ediblər.Bundan sonra Azərbaycan əsgəri hansı əminliklə antiterror əməliyyatlarında iştirak edə bilər? Deyək ki, onun gülləsindən bir erməni terrorçusu ölərsə və rəsmi İrəvan iddia qaldırsa, NATO necə davranacaq? Bu davranışın ədalətli olacağına biz hansı əlamətlərə görə inanmalıyıq?
Ermənistan terrorçu dövlət olduğunu bir daha sübut etdi
Serj Sarqsyan Xocalıda kütləvi qətllər törədib. O, insan haqlarına hörmət etmir. Prezident kimi də çox zəifdir. Məntiqi yox dərəcəsindədir. Onun Ermənistandakı xarici diplomatlarla keçirdiyi görüşdə bunlar tam aydın göründü.Sarqsyan xarici diplomatlarla görüşündə heç bir arqument gətirə bilmədi. Onun sözləri əlacsız qalmış bir terrorçunun kömək istəməsini xatırladırdı. Güc strukturlarına "mən sizə ayrıca göstəriş verəcəm", deməsi də siyasətçi yox, başıpozuq dəstənin başçısının reaksiyasını xatırladır. Yəni Ermənistan hadisəyə sırf terrorçu dövlət kimi reaksiya verdi.Beynəlxalq ictimaiyyət daha hansı sübutu arzu edir? Böyük dövlətlərin Ermənistan prezidentinin Azərbaycanı müharibə ilə hədələməsinə niyə reaksiya yoxdur? Ermənilərə hər şey olar? Ancaq Azərbaycan hər situasiyada beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir
Newtimes.az