PDF Oxu

Araşdırma

  • 1 926

Erməni terrorçularının hamiləri

Erməni terrorçularının hamiləri

Tarixçə uzundur – erməni terrorunu imperialist dövlətlərin ideologiyası və türk düşmənçiliyi xisləti yetişdirdi. Onlar ermənilərə müstəqil dövlət qurmaq vədini verərək, onları müsəlmanlara qarşı nifrət, kin, ədavət, şər-böhtan və imkan düşdükcə fiziki məhv etmək ruhunda tərbiyə etdilər. Başqalarının mədəniyyətinə göz dikmək xislətində yetişdirdilər. Ona görə də hər bir erməni terrorçusu himayə edildi, məhkəmələrdə bəraət aldı. Yeni vəhşiliklərə bu yolla onları ruhlandırdılar.

Terrorizm dövrü ermənilərdən başlayır

Tarixçi Uolter Laker "Terrorizm dövrü" adlı kitabında XIX əsrdə erməni inqilabçılarının terror vasitəsi ilə xalqı radikallaşdırmağı və Qərb dövlətlərini Osmanlıya təcavüzə vadar etməyi əsas üsul kimi seçdiyini yazır. Yəni əvvəlcədən terror erməni siyasi mübarizəsinin qayəsini təşkil edib. Bu xətt daima onların siyasi-ideoloji fəaliyyətlərinin nüvəsində durub.1896-cı ildə 26 daşnak İstanbulda Beynəlxalq Osmanlı bankını zəbt etdi. Onlara Armen Qaro və Babken Süni başçılıq edirdi. Bankın 150 nəfər işçisi girov götürülmüşdü. Terrorçuların şərti böyük dövlətlərin Osmanlı imperiyasını ermənilərlə bağlı islahatlar aparmağa məcbur etməsindən ibarət idi.Rusiyanın səfiri Maksimovun təminatı ilə terrorçuları bankdan çıxardılar və fransız gəmisi ilə Marselə apardılar. Terrorçuların heç biri cəza almadı. İstanbulda isə əhali erməni məhəllələrini atəşə tutdu. Bu hadisə həm erməni terrorunun mahiyyətini, həm Qərb və Rusiyanın onları necə himayə etməsini, həm də xalqlar arasında düşmənçilik salmaq strategiyasını aydın ifadə edir.Bütün XX əsr boyu erməni terroru insanları qətlə yetirib və hər dəfə də böyük xristian dövlətləri tərəfindən cəzadan yayındırılıb. 1905-ci ildə Sultan Əbdülhəmidə sui-qəsd təşkil edildi. 1919-cu ildə erməni terrorçuları məhv etməyə qərar verdikləri 41 adamın siyahısını tutdular. Hədəf kimi Türkiyə və Azərbaycanın dövlət xadimləri seçilmişdi.1920-ci il iyunun 19-da Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski Tiflisdə qətlə yetirildi. Bu hadisədən bir ay sonra yenə də Tiflisdə Azərbaycan Milli Məclisi sədrinin müavini Həsən bəy Ağayev öldürüldü. Bu iki terror aktından bir il sonra isə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir terrora qurban getdi. 1921-ci il martın 15-də Berlində Türkiyənin keçmiş daxili işlər naziri Tələt paşa qətlə yetirildi. 1921-ci il dekabrın 5-də Romada böyük vəzir Səid Həlim Paşa öldürüldü. 1922-ci il aprelin 17-də Berlində Trabzonun keçmiş valisi Camal Əzmi terror qurbanı oldu. 1922-ci il iyulun 25-də isə Türkiyənin hərbi-dəniz qüvvələrinin naziri Camal Paşa Tiflisdə qətlə yetirildi...Bu terror aktlarını həyata keçirən cinayətkarların aqibəti necə oldu? Bir necə fakt göstərək. Tələt Paşanın qatili Soqomon Teyliryana Berlin məhkəməsi bəraət verdi. Behbud xan Cavanşirin qatili Misak Toplakyan təqsirli bilinsə də, Britaniya hərbi tribunalı onu azadlığa buraxdı. Guya terror törədəndə onun ağlı başında deyilmiş. Bu iki fakt Qərbin rəsmi orqanlarının erməni terroruna fürsət vermək siyasətinin əyani təsdiqidir.Ona görə də erməni terroru XX əsrin ikinci yarısında da vəhşiliyini davam etdirdi və Qərb dövlətləri onları cəzalardan yayındırdı. Faktlar bunu sübut edir.

Erməni terrorunun yeni dalğası

1973-cü il yanvarın 27-də ABŞ-ın Santa-Barbara şəhərində erməni yazıçısı Qurgen Yanikyan iki türk diplomatını "Baltimor" mehmanxanasına dəvət edir. O, diplomatlara qiymətli sənət əsəri verəcəyini deyir. 49 yaşlı baş konsul Mehmet Baydur və 31 yaşlı Bahadur Dəmir deyilən ünvana gedirlər. Yazıçı-terrorçu onları tapança ilə qətlə yetirir. O, məhkəmədə öldürdüyü diplomatları "şər" adlandırır. 1984-cü ildə bədnam yazıçı öz əcəli ilə ölür.Simon Somonyan və Gevork Açemyan erməni yazıçısı olublar. ASALA-nın siyasi-ideoloji kursunu hazırlayanlardandırlar. Heç bir cəza görməyiblər. Onların xeyir-duası ilə ASALA-ya rəhbərlik edən Akop Akopyan isə boğaza qədər qan içində olub. 1988-ci il aprelin 28-də Afinada küçədə güllələnib. Onu təmtəraqla Mosula aparıb, basdırıblar.Monte Melkonyan ABŞ-da doğulub. 1980-ci ildə ASALA-ya üzv olub. Romada, Afinada və başqa yerlərdə terror aktları törədib. 1981-ci ildə "Van əməliyyatı" adlanan terror aktında iştirak edib. Həmin hadisədə 4 erməni terrorçusu Parisdəki türk səfirliyini zəbt edib. 1985-ci ildə M.Melkonyan Parisdə həbs edilib. Ancaq sadəcə qanunsuz silah saxlamaq və sənədləri saxtalaşdırmaq maddəsi ilə ittiham edilib. 6 il həbs cəzası alıb. 1989-cu ilin əvvəlində isə azad edilib və Cənubi Yəmənə göndərilib.1990-cı ildə Qarabağa gəlib. Yüzlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edib. Azərbaycan Ordusu hərbi əməliyyatların birində terrorçunu məhv edib. Ölümündən sonra ona Ermənistanın milli qəhrəmanı adını veriblər. Adına İrəvanda küçə, məktəb və fond vardır.Varujan Karapetyan 1980-ci illərdə ASALA-nın Fransadakı rəhbəri olub. 1983-cü il iyulun 15-də Parisin "Orli" hava limanında "Türk Hava Yolları"na aid sərnişin təyyarəsinə bomba yerləşdirib. Bomba təyyarə qalxmadan əvvəl partladığından itki nəzərdə tutulduğundan az olub – 8 nəfər ölüb, onlarla insan yaralanıb.Hava limanında yaxalanan terrorçu ömürlük həbsə atılıb. Lakin 2001-ci ildə Fransa onu Ermənistana verib. 2001-ci il mayın 4-də Ermənistanın baş naziri Andranik Markaryan terrorçunu qəbul edərək, onun gəlişinə sevindiyini və mükafatlandıracağını söyləyib. Karapetyanı iş və evlə təmin ediblər. Hazırda Dilicanda yaşayır.

Erməni terrorunun müasir yuvası: Ermənistan dövləti

Bəli, indi erməni terroru Ermənistan dövləti tərəfindən siyasi, ideoloji, maliyyə və təşkilati dəstək alır. Sumqayıt hadisələrində, Bakı metrosundakı terror aktlarında, "Moskva-Rostov" sərnişin qatarında baş verən partlayışda Ermənistan xüsusi xidmət orqanlarının əli olduğu tam sübuta yetirilib. Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Can Ohanesyanın terror aktlarını təşkil etdiyini Rusiya xüsusi xidmət orqanları üzə çıxarıblar. 1990-91-ci illərdə C.Ohanesyanı Ermənistan DTK-sı Dağlıq Qarabağa göndərib. Orada o, SSRİ-i DTK-sı ilə çalışmaqla bərabər, gizli terror aktları hazırlayıb.C.Ohanesyan V.Polyaniçkoya qarşı terror aktını təşkil edib. 1993-cü ildə onu Moskvada həbs ediblər. C.Ohanesyanı həm də Azərbaycanın dəmir yollarında və boru xətlərində təşkil etdiyi terror hadisələrində ittiham ediblər. Onunla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı mayor Simonyan da həbs edilib. 1996-cı ildə Ohanesyana 6 il, Simonyana isə 3 il həbs cəzası verilib. Ancaq Simonyan məhkəmə zalından azadlığa buraxılıb. Ermənistana döndükdən sonra isə ona polkovnik rütbəsi veriblər.Bu faktlar Ermənistanın dövlət kimi dəstək verdiyi terror hadisələrinin yalnız bir qismidir. Siyahı çox uzundur. İndi də Ermənistan rəhbərliyinin Ramil Səfərova qarşı terror aktı törətməyə hazırlaşdığı haqqında informasiya yayılır. Lakin bu informasiyalara nə Qərb dövlətləri, nə də başqa böyük dövlətlər reaksiya vermir. Həmişə olduğu kimi, indi də onlar Azərbaycana iradlarını bildirirlər. Görünür, XIX əsrdən bu yana böyük dövlətlərin ermənilərdən istifadə etmək siyasəti dəyişməyib. Yəqin elə buna görə bu gün minlərlə azərbaycanlının öz torpaqlarında qətlə yetirilməsinə, Xocalı soyqırımının törədilməsinə rəhbərlik edənlərə Ermənistan rəhbərliyində mövqe tutmaları normal hesab edilir. Yanaşma eynidir, üsullar daha hiyləgər və maskalanmış olub. Ancaq bu ədalətsiz yol erməni terroruna bu və ya digər dərəcədə dəstək verənlərin özlərini uçuruma aparır.

Newtimes.az

Digər xəbərlər