PDF Oxu

Araşdırma

  • 1 267

Suriya-Türkiyə-İran “üçbucağı”nın gərginlikləri

Suriya-Türkiyə-İran “üçbucağı”nın gərginlikləri

Yaxın və Orta Şərqdə geosiyasi vəziyyət daha təhlükəli səviyyəyə yüksəlib. Regionun böyük dövlətləri olan İran və Türkiyə arasında münasibətlər kəskinləşib. Bölgədə terror hadisələrinin sayı artıb. Qərb isə daha çox seyrçi mövqeyində durur.

Türkiyədə yeni terror dalğası

Yaxın və Orta Şərqdə geosiyasi böhran dərinləşir. Bölgənin demək olar ki, bütün dövlətləri bu və ya digər dərəcədə hadisələrin gedişinə cəlb olunublar. Belə ki, Suriyada silahlı qarşıdurmalar uzandıqca region geniş miqyasda təhlükəli vəziyyətə sürüklənir. Belə təəssürat yaranır ki, kənarda olan "sirli əl" müsəlman dövlətlərini "domino effekti" ilə vurur.Türkiyədə son zamanlar terror hadisələrinin sayı çoxalır. Eyni zamanda, terror ölkənin daha geniş ərazisinə yayılır. Türkiyənin müxtəlif bölgələrində partlayışlar baş verir. PKK yol kəsir, sənəd yoxlayır, hökumət qurumlarına hücum edir və qaçır.Ordu onları izləyir və məhv edir.

Düşündürücü odur ki, bu proses sona çatmır. Sanki PKK bütün imkanını toplayıb Türkiyəni xaosa sürükləməyə çalışır. Türkiyə üçün əsas sual indi budur: terroru Türkiyəyə yaymaq istəyən ölkə və ya ölkələr hansılardır?Rəsmi Ankara Suriya, İran və İraqı göstərir. Bunların sırasında İranın xüsusi yeri olduğu qənaəti var. Qərb mətbuatı mütəmadi olaraq İran və Suriyanın Türkiyəyə düşmən münasibəti bəsləməsindən yazır. Ancaq o, mövcud vəziyyətə aktiv müdaxilə etmir.Baş nazir R.T.Ərdoğan CNN telekanalına verdiyi müsahibədə ABŞ-dan Suriya məsələsində gözlədiklərinin özünü doğrultmadığını bildirib. Qərbin bu seyrçi mövqeyi bir sıra sualları ortaya çıxarır. Məqsəd müsəlman dövlətləri arasında ixtilafları genişləndirmək və dərinləşdirməkdənmi ibarətdir?

İran sərtləşir

Hər bir halda İranın Türkiyəyə qarşı getdikcə daha sərt mövqe tutduğu müşahidə edilir. Rəsmi Tehran bir-birinin ardınca ittihamedici və hədələyici bəyanatlar verir.Onların əsas mənası Türkiyənin Suriya siyasətinin düzgün olmadığı və buna görə böyük təhlükələrin olacağından ibarətdir. Türkiyənin siyasi səhnəsində iqtidara qarşı münasibət daha da radikallaşır. Bəzi siyasi partiyaların söylədikləri İranın ittihamları ilə üst-üstə düşür.Bunların fonunda isə Türkiyədə vəziyyət gərginləşir. Ələ keçirilən terrorçuların əksəriyyəti İran və Suriya vətəndaşı çıxır. Ankaraya qarşı İranın yüksək rütbəli hərbçilərinin hədələri də səngimir. İranın ali dini rəhbərinin müşaviri, general S.Y.Səfəvi keçirdiyi brifinqdə "Suriya məsələsində ən çox itirənin Türkiyə olduğunu" deyib.Tehranın bu çılğınlığı səbəbsiz deyil. Suriyadan sonra dəyişikliklər növbəsi İranındır. Bu barədə bir sıra siyasətçilər, o cümlədən Rusiya rəsmiləri fikir bildirirlər. Rusiya xarici işlər nazirinin müavini S.Ryabkov bəyanatında deyib ki, İrana qarşı hərbi əməliyyatların başlaması bütün regionu qarışdıracaq. Moskva İsrail rəsmi dairələrinin İrana raket zərbəsi endirmək zərurəti ilə bağlı bir neçə dəfə fikir söyləməsindən narahat olub.

Tehranın narahatlıqları

İran prezidenti ilk dəfə olaraq açıqca ölkəsinin sanksiyalardan ziyan gördüyünü bəyan edib. O, neft ixracının çox çətinləşdiyini ifadə edib. Ölkədə iqtisadi vəziyyətin getdikcə pisləşdiyi haqqında məlumatlar yayılır. Bütün bunlar Tehranın tədricən küncə sıxışdırıldığını göstərir. Bu vəziyyətdə o, qonşu dövlətlərə qarşı daha radikal mövqe tutur. Məqsəd nədən ibarətdir?

Görünür, rəsmi Tehran bütövlükdə regionu müharibə meydanına çevirməklə özünə yönələ biləcək zərbəni bölgənin hər yerinə yaymağa çalışır. Əgər regional miqyasda qarışıqlıq yaransa, İranla yanaşı bir çox dövlət müharibəyə qatılmalı olacaq.Bu variantı dünyanın böyük dövlətlərinin heç biri məqbul saymır. Ona görə də İran Türkiyədə gərginliyi artırmaqla, əslində, Qərbə və onun müttəfiqlərinə xəbərdarlıq edir. Bu yol Tehranı hara aparacaq?Hər halda o, xilas yolu deyil. Suriyanın hazırkı vəziyyətindən ibrət dərsi götürülməlidir. Ölkədə müxtəlif silahlı qruplar bir-birinə düşmən kəsiliblər. İnsanlar məzhəb savaşına sürüklənirlər.

Regionda müharibə ehtimalı

Bu proses Yaxın Şərqin bir neçə dövlətini əhatə etməkdədir. Artıq Livan, Liviya, Misir və İordaniyadan həyəcanlı xəbərlər alınır. Misir Suriya televiziyasının peyk vasitəsilə yayımlanmasını dayandırıb. Sünni-şiə qarşıdurması İslam dünyası üçün təhlükəli bir vəziyyətə gəlib çıxıb. Onu dayandırmağa xidmət edən siyasi addımlar isə hələlik gözə dəymir.Beləliklə, Yaxın və Orta Şərqdə geosiyasi vəziyyət daha da gərginləşib. Region dövlətləri arasında bir-birini ittiham etmək halları çoxalıb. Bu proseslərdə radikal dini qruplardan da istifadə edilir. Nəticədə, siyasi məqsədlərə terror vasitəsi ilə nail olmaq meyli güclənir. Region üçün bu yolun son dərəcə təhlükəli olduğunu qəbul etmək lazımdır.Müşahidələr göstərir ki, Qərbin Suriyadakı proseslərə münasibətində qaranlıq məqamlar az deyil. Hələlik ABŞ və Avropa ehtiyatlı mövqe nümayiş etdirir. Lakin mətbuatda verilən son məlumatlara görə, Rusiya Suriyanın Tartus limanındakı hərbi kontingentini çıxarmağa başlayıb.Ekspertlər bunu Suriyaya beynəlxalq güclərin müdaxiləsinin yaxınlaşması kimi qiymətləndirirlər. Reallıqda Qərb və Rusiyanın planları haqqında dəqiq fikir söyləmək çətindir.Yaranmış mənzərə kifayət qədər mürəkkəb və qeyri-müəyyəndir. Region dövlətləri arasında ixtilafların güclənməsinin qarşısını ala biləcək hər hansı siyasi-diplomatik addım gözə dəymir. Bu prosesin Yaxın və Orta Şərq regionunun sərhədlərindən kənara çıxa biləcəyi haqqında Rusiya siyasətçilərinin ehtiyatlılığının əsası vardır. "Ərəb baharı"nın sərt şaxtası dünyanın müxtəlif bölgələrini vura bilər.

Newtimes.az

Digər xəbərlər