"Müsəlman Payızı"na düşdük
Tunisdə başlayaraq bir çox ərəb ölkəsini bürüyən ictimai təlatüm və iğtişaşların bir neçə səbəbi məlumdur. Nəticələri isə müxtəlif oldu və hal-hazırda ABŞ-da çəkilərək internetə yerləşdirilən``Müsəlmanların məsumiyyəti`` adlı provakativ filmlə ərəb baharı adlanan üsyan dalğası yeni bir mahiyyət qazanmağa başladı.
Belə bir filmin hazirlanmasının və radikal-fanatik müsəlmanların ifrat dərəcədə buna reaksiya vermələri bir neçə aspektdən təhlil olunmalıdır. Məlum olduğu kimi kino incəsənətin bir sahəsdiri. İncəsənətin bu sahəsindən istifadə edərək, hər hansı bir din və etiqada qarşı belə bir provakativ hərəkət etmək, ilk növbədə, incəsənətin, kinonun təhqir olunması deməkdir. İncəsənət adı altında kin və nifrət toxumları səpmək yolverilməzdir.
İkincisi isə dünyanı, xüsusilə, müsəlman dünyasını provakativ yol ilə alova atmağın bu qədər asan olması çox təəccübləndirici və kədərləndirici bir faktdır. İki fanatik, bir neçə arsız sponsor və iki-üç saf aktyor ilə milyonların dini etiqadını alçaltmağa çalışmaq və kütlələri küçələrə tökmək qlobal sülhə xidmət etməməkdədir. Digər tərəfdən, son zamanlarda islama qarşı həyata keçirilən belə təhqiramiz propoqandalarda dağıdaraq, öldürərək, kəllə istəyib can alaraq ifrat dərəcədə reaksiya göstərən kütlələrlə islamın sülh dini olduğunu iddia etmək daha da çətinləşməkdədir.
Yuxarıda qeyd olunan arqumentlərin fonunda belə bir nəticəyə gəlmək mümkündür. İncəsənət, xüsusilə, kino çəkilişləri insanın müqəddəs olaraq qəbul etdiyi etiqadlara hörmətlə yanaşacaq, təhqir etməyəcək və hər hansı bir dinə etiqad edənlər də belə çəkilişlərdən istifadə edərək, qan axıtmayacaqlar. Əgər bunun qarşısını almağa çalışmasaq din də əldən gedəcək, incəsənət də...
Sifariş ehtimalları və müsəlmanlar...
Filmin internetə yerləşdirilməsindən bir neçə saat sonra Benqazidəki ABŞ səfirinin öldürülməsi bu provakasiyanın daha əvvəlcədən planlanaraq həyata keçirilmə ehtimallarını daha da gücləndirir. Belə ki, bu hadisəni iki aspektdən analiz etmək mümkündür.
Belə bir hadisənin meydana gəlməsində əsas hədəf ABŞ-da keçirilən prezident şeçkiləri və birbaşa ABŞ prezidenti Barak Obama ola bilər. Nəticədə, bu çirkin film Obamanın və ABŞ-ın başına dərd açdı. Artıq regiondakı ərəb baharı adlanan üsyanlar müsəlman payızına çevrilməkdə və müsəlmanların nifrəti birbaşa ABŞ-a yönəlməkdədir. Bu da, öz növbəsində, Barak Obamanın seçki kampanyasına mənfi təsir göstərərək, xarici siyasət kursu kontekstində seçicilərin başqa bir namizədə səs vermələrinə aparıb çıxara bilər. Məhz belə bir çirkin propoqanda ilə islam ölkələrini qarışdıraraq, prezident seçkilərində iştirak edən Obamanı da bu seçkilərdən kənarlaşdırmaq ehtimalı daha da güclənməkdədir. Burada zamanlama da çox əhəmiyyət daşımaqdadır. Digər tərəfdən, Liviya milli məclisinin sədri ABŞ-ın Benqazidəki səfirinin öldürülməsi və konsulluğa hücumla bağlı bəyanatında bunun planlı şəkildə olduğunu və zərgər dəqiqləiyi ilə həyata keçirildiyini ifadə etməsi də qeyd etdiyimiz arqumentlər kontekstində başa düşülməlidir.
Nəticədə, belə bir hadisənin meydana gəlməsi planlama və dəqiqliklə həyata keçirilmə ehtimallarını daha da gücləndirməkdədir. Geri qalan müsəlman ölkələrdə kasıb kütlələri asan bir yol ilə yoldan çıxarıb nümayəndəsi olduqları dini ləkələmək üçün necə ssenarilərin reallaşdırldığına bir daha şahid oluruq. Göstərilən belə bir reaksiyanın əsasında böyük ehtimalla Qərb qarşısında məğlub olma və haqsızlığa düçar olmanın psixoloji səbəbləri vardır. Məhz bu kontekstində islam dünyası ucuz və provakativ reaksiyalar yerinə daha tutarlı və kasıb kütlələri küçəyə tökərək deyil, aktiv siyasi reaksiyalarla cavab verməlidir.
Rəşad İlyasov,fəlsəfə doktoru