Eldar İbrahimov: "Azərbaycanın hərtərəfli inkişafı Naxçıvan Muxtar Respublikasının timsalında özünü aydın şəkildə göstərir"
Ölkəmizin hər yerində olduğu kimi, Naxcıvan Muxtar Respublikasında da geniş quruculuq-abadlıq işləri aparılmış, insanların daha yaxşı yaşaması ücün tədbirlər həyata kecirilmiş, yeni iş yerləri yaradılmışdır. Muxtar respublika özünü enerji, taxıl, su və qazla tam təmin etməklə yanaşı, bu gün həm də ixracatçı bölgə kimi tanınır. "Naxçıvan Muxtar Respublikasının 2009 - 2013-cü illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı"nda iqtisadiyyatın inkişafında sahibkarların rolunun artırılması zərurəti əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86 faizi ötmüşdür. Sahibkarlığa kömək fondu tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunmuşdur. Göstərilən dövlət qayğısı, mükəmməl qanunvericilik bazası və yaradılan şərait nəticəsində artıq muxtar respublikada güclü əsaslara malik sahibkarlar sinfi formalaşmışdır.
Naxcıvan Muxtar Respublikasından Milli Məclisə deputat seçilmiş Eldar İbrahimov bizimlə söhbətində bildirdi ki, Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi tərəqqidə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur: "Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində Muxtar Respublika ildən-ilə yüksək inkişaf göstəricilərinə nail olur. Naxçıvanın sosial-iqtisadi inkişafını təmin etmək üçün enerji təchizatına da xüsusi diqqət yetirilir. Naxçıvanın sosial-iqtisadi inkişafı, sənaye və turizm potensialı xarici ölkələrlə müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir. Elə bunun nəticəsidir ki, Azərbaycan və Ukrayna arasında, eləcə də, Naxçıvan - Ukrayna arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. İki ölkə arasında mədəniyyət, turizm, ticari-iqtisadi və energetika sahələrində əlaqələr mövcuddur. Ukrayna ilə Naxçıvan Muxtar Respublikası arasındakı ticarət dövriyyəsi isə bu ilin 6 ayı ərzində 1 milyon ABŞ dolları səviyyəsində olmuşdur. Naxçıvanda Ulu Öndərin əsasını qoyduğu quruculuq xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Muxtar Respublikada böyük dəyişikliklərə səbəb olub. Naxçıvanda bütün sahələrdə əldə edilən nailiyyətlər hər şeydən əvvəl bu diyarın sakinlərinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Sənaye dinamik inkişaf edir, sahibkarlığa əlverişli şərait yaradılır, mövcud müəssisələrin fəaliyyəti bərpa edilir, yeni-yeni istehsal sahələri yaradılır". Eldar İbrahimov onu da bildirdi ki, əhalisinin təxminən 70%-i kəndlərdə yaşayan Naxçıvanda aqrar sahənin inkişafına da diqqət yetirilir, kənd əhalisinə güzəştli kreditlər verilir, əhalinin qaz və elektrik enerjisinə olan tələbatı tam ödənilir. Səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması prosesi uğurla davam etdirilir. Təhsilin inkişafı da prioritet sahədir. Məktəblər müasir informasiya-kommunikasiya vasitələri ilə təmin olunub. Heydər Əliyev Fondu dəstəyi bu regionun təhsilinə də misilsiz töhfələr verib. Naxçıvan qədim mədəniyyət mərkəzi, tarixi abidələr diyarıdır. Bu mənada, mədəniyyət ocaqlarının bərpası və müasir obyektlərin tikintisi də daim diqqət mərkəzindədir. Naxçıvan 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bununla da, Azərbaycanın mirvarisi olan Naxçıvanda keçiriləcək tədbirlər bir daha ölkəmizin zəngin mədəniyyət və tarixini bütün dünyaya nümayiş etdirəcək".
Ruqiyyə Cəfərova