Hansısa səbəbdən, Avropa strukturlarına qarşı çıxa bilməyən Əli Kərimli və İsa Qəmbər nə üçünsə ermənilərlə iş birliyindən də vaz keçə bilmirlər?
Məlum olduğu kimi, Avropada yaşayan azərbaycanlılar və türklər Ermənistanın terrorçuları dəstəkləyən siyasətinə etiraz edirlər. Bu, əlbəttə ki, ermənilərin terroru dünya miqyasında maliyyələşdirmələrinə, həmçinin, yüzlərlə insanın həyatına qəsb etmiş terrorçuların qəhrəmanlaşdırmasına qarşı çıxmaq hesab olunur. Avropada isə belə etirazların keçirilməsi, bütünlüklə, erməniləri dəstəkləyən dövlətlərə mesaj sayılmalıdır.
Fransada antiterror və antierməni mitinqi...
Belə ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə etiraz olaraq sentyabrın 18-də Parisdə Ermənistan səfirliyi qarşısında Azərbaycan və türk icmalarının birgə izdihamlı mitinqi keçirilib. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, "Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcəkdir!", "Ermənistan terrorçu dövlətdir!", "Xocalıya ədalət!", "Qarabağ bizimdir, bizim də olacaqdır!", "Şəhidlər ölməz, Vətən bölünməz!" kimi şüarların səsləndiyi mitinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin himni səsləndirilib.
Aksiyada Almaniyadan, İsveçrədən, İsveçdən, Hollandiyadan, Belçikadan, İngiltərədən, Lüksemburqdan Azərbaycan və türk icmalarının yüzlərlə üzvünün gəldiyini, Fransadakı azərbaycanlıların və türklərin də onlara qoşulduğunu diqqətə çatdırılıb, ermənilər tərəfindən işğal edilmiş torpaqların tezliklə azad olunacağına inandığını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Avropa ölkələrindəki Azərbaycan və türk icmalarının fəallığının getdikcə artdığı, Xocalı soyqırımının unudulmayacağı bəyan edilib.
Mitinqdə beynəlxalq qurumların siyasətini terror üzərində quran, ərazisini başqa bir ölkənin torpaqları hesabına genişləndirməyə can atan Ermənistanı dəstəklədikləri, Azərbaycanın haqq səsini qulaqardına vurduqları bildirilib, bütün dünya ölkələrinin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın ASALA terror təşkilatını dəstəkləməsinin yolverilməz olduğu diqqətə çatdırılıb, insan hüquqlarından ağızdolusu danışan bəzi avropalı deputatların minlərlə azərbaycanlını qətlə yetirən erməniləri günahlandırmaq əvəzinə, ölkəsinin bayrağının təhqir edilməsinə dözməyərək erməni zabitini öldürdüyünə görə 8 il həbsdə yatdıqdan sonra Azərbaycana verilən Ramil Səfərovun Prezident tərəfindən əfv olunaraq azadlığa buraxılmasından narahat olmalarından təəssüf hissi keçirdiyi vurğulanıb.
Çıxışlarda vəhşiləşmiş erməni əsgərlərinin işğal etdikləri ərazilərdə dinc yerli əhaliyə tutduqları divandan, hətta uşaqlara və qadınlara belə aman vermədiklərindən söhbət açıb, alman faşistləri ilə müqayisədə erməni əsgərlərinin daha amansız olduqlarını, vətəndən uzaqda yaşamalarına baxmayaraq, lazım gəldikdə Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanların hərəkətlərini təkrar etməyə hazır olduqlarını, dövlətimizin yürütdüyü daxili və xarici siyasəti tam dəstəklədiklərini, üçrəngli bayrağımızın tezliklə Şuşada dalğalanacağına ümidvar olduqlarını bildiriblər.
Min nəfərdən artıq azərbaycanlı və türkün iştirak etdiyi etiraz aksiyasının sonunda Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyannamə oxunub.
Radikal müxalifət nə üçün qəzetlərində belə bu məsələyə qoşulmur?
Lakin hər zaman vətənpərvərlikdən, milli-mənəvi dəyərlərdən dəm vuran radikal müxalifət nümayəndələri bu etiraza öz səslərini qoşmurlar. Ümumiyyətlə, hansısa səbəbdəndir ki, son aylar ərzində Müsavat və AXCP Dağlıq Qarabağ məsələsini arxa plana keçirməyə məcbur olurlar. Sırf ermənilərin terrorçu və işğalçılıq siyasəti bütün Azərbaycan mətbuatının tənqid hədəfinə çevrildiyi zaman müxalifət mətbuatı, xüsusilə də, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri Şamaxı meşəliyində maşın sürməyi öyrənən Nigar Yaqublunun timsalında qəhrəmanlaşdırma kampaniyasına start verib. Axı belə bir həssas məqamda bu cür çirkin oyuna nə ehtiyac var idi? Burada kimin maraqları təmin olunmur ki, belə bir oyun ortaya atılıb? Bəlkə müxalifət ermənilərdən sifariş alıb ki, belə bir oyunla Qarabağ məsələsini ikinci plana keçirsinlər?
Əlbəttə ki, bu cür sualların sayını artırmaq olar, lakin bunların cavabı məhz elə müxalifətin özündədir. Elə radikal müxalifət sədrlərinin xarici ölkələrə etdikləri müəmmalı səfərlərinin hansı məqsədə xidmət etdiyini aydınlaşdırmalıdırlar.
Anti-millilik müxalifətin həyat fəlsəfəsinə çevrilib
Hər dəfə ermənilərin Azərbaycana qarşı bu cür total hücumları başlayarkən, cəmiyyətimiz müxalifətdən bir növ biganəlik müşahidə edib. Çox təəssüflər olsun ki, elə bu dəfə də radikal müxalifət eyni mövqeni sərgiləyir. Bu onu göstərir ki, anti-millilik radikal müxalifətin həyat fəlsəfəsinə çevirilib. Bu səbəbdən də, insanlarımız yuxarıda yazılan sualları müxalifətə yönəldir ki, onlara cavab alsın. Təbii ki, bu günə qədər radikal müxalifət sədrləri ictimaiyyəti maraqlandıran suallardan yayınıb. Düşünürük ki, bu dəfə özlərində cəsarət tapan Əli Kərimli və İsa Qəmbər nümayəndələrini müəmmalı səfərlərindən danışacaqlar...
"Səs" Analitik Qrupu