PDF Oxu

Araşdırma

  • 1 173

İşğalçı Ermənistandan növbəti terror təhdidi

ASALA bu dəfə Azərbaycan diplomatlarını hədəfə alıb

İşğalçı Ermənistandan növbəti terror təhdidi

V yazı

Ermənistanın Azərbaycana qarşı təcavüzü, ərazilərimizin 20 faizini işğal etməsi, milyondan çox insanın hərbi-siyasi təcavüz, erməni vəhşiliyi, terroru nəticəsində qaçqına, məcburi köçgünə çevrilməsi bədnam qonşularımızın siyasi cəhətdən irqçi, dağıdıcı, yırtıcı xislətini ortaya qoyur, neofaşist düşüncəsinin daşıyıcısı olduqlarını aşkara çıxarır. Erməni siyasi təşkilatlarının yaranma tarixinə, onların fəaliyyət xəttinə nəzər saldıqda, Ermənistan deyilən ərazilərin türklərə məxsus "ərmən" adını mənimsəmiş haylara heç bir aidiyyəti olmadığı aydın görünür. Əslində, Ermənistan çar Rusiyası və daha sonra keçmiş Sovet İttifaqı dövründə ermənilərin tarixi Azərbaycan torpaqlarının şimal-qərbinə köçürülməsi, burada demoqrafik balansın zorla, süni şəkildə ermənilərin xeyirinə dəyişdirilməsi nəticəsində yaradılmış qurama bir dövlətdir. Bu qurama dövlətin yaradıldığı ərazi ilə heç bir tarixi, mənəvi bağlılığı olmadığından özünü terrorla, təhdidlə, qonşularına qarşı torpaq iddiaları ilə təsdiqləməyə çalışır. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi, ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər.

Əsil soyqırım törədən ermənilərdir

"Erməni məsələsi" adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Əslində, baş verənlər ermənilərin siyasi təşlkilatlanma mərhələsində başlanğıcdan terrorçuluq xətti seçməsi ilə bilavasitə bağlıdır və erməni qurumları bunu "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün bir vasitə kimi seçmişlər. Bu səbəbdən ermənilər ötən əsrin əvvəllərində törətdikləri qətliamları türklərin adı ilə bağlamaq istəyirlər. Qəddarcasına, amansız bir şəkildə kütləvi qətllər, soyqırım törətdikləri halda soyqırıma məruz qaldıqlarını iddia edirlər.

Bu məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baxımından, yenidən nəzərdən keçirilməsi ehtiyac duyulur. Çünki ermənilərin Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal etməsi, işğalçılıq mövqeyindən, mahiyyəti, əsası olmayan ərazi iddialarından geri çəkilmək istəməməsi "Qarabağ məsələsi"nin terrorçu, işğalçı Ermənistan, erməni diasporası tərəfindən "erməni məsələsi"nin bir hissəsi kimi nəzərdən keçirildiyini söyləməyə əsas verir.

"Erməni məsələsi" isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları - XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda yazırdı: "...erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksütyun tam ölümə məhkumdur". Lakin tarixçi yanılmış, aldanmışdı...

"Erməni məsələsi" naminə terror...

Və ya Osmanlı dövlətinə qarşı yönələn məkrli planlar

Ermənilərin ilk siyasi təşkilatları yaranan dövrdə genişlənən antoqonizmin başlıca səbəbi, əslində, ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə, sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi. Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüarları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı.

Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki, 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəsmi müraciət etməsi - onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək, San-Stefano ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı.

Erməniləri şirnikləndirən "16-cı paraqraf"

Bu paraqrafa görə, Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər. Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verirdi.

Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" (Qara dənizdən Aralıq dənizinədək) "Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi - onların beynəlxalq vəziyyəti mənasında. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən, İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı...

Faciələrə aparan silahlı mübarizə

Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən "erməni burjuaziyası" silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı), daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar - Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular.

Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu. Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi... Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi...

"Forpost" və ya "erməni bazası" yaratmaq cəhdləri

və ermənilərin ərazi iddiası ilə tökdüyü qanlar

Birinci Dünya müharibəsində mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı: müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi, çox "lazım idilər". Erməni məsələsi yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq, "qalib dövlətlər" hər şeydən əvvəl, ən təhlükəli saydıqları "sovet" istiqamətində özlərinin müvafiq "erməni bazası"nı yaratmaqdan ötrü tədbirlər gördülər.

Daşnakların Ermənistan respublikası müttəfiqlərdən kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu da Ermənistanın ərazisinin 17.500 ingilis kvadratmilinə, əhalisinin 1.510.000 nəfərə (795.000 nəfər erməni, 575.000 nəfər müsəlman, 140.000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə, mübahisəli rayonların əhalisi 10-30 % azaldı və bir sıra yaşayış məntəqələri sözün əsil mənasında, ermənilər tərəfindən yerlə-yeksan edildi.

"Səs" Analitik Qrupu

Digər xəbərlər