PDF Oxu

Araşdırma

  • 3 188

"Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

"Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektiv iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanın hər bir bölgəsində əsaslı nailiyyətlər əldə olunub, regionlarda müasir infrastruktur yaradılıb, şəhər və rayonların görkəmi tamamilə yenilənib. Təbii ki, bu prosesdə paytaxt Bakı və onun rayonları lokomotiv rolunu oynayır və paytaxtımızın hər bir guşəsində böyük tikinti və yenidənqurma işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi üçün tarixi bir sənəddir.

Qeyd edək ki, Bakı şəhərinin ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" təsdiq edilib. Ötən müddət ərzində proqramda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. "Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən, Səbail rayonunda da infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.

Dövlət Proqramının uğurla icrası yeni inkişaf perspektivləri yaradıb

Ölkə Prezidentinin Sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə də paytaxt Bakımızın və onun ətraf kəndlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan bir çox işlərlə bağlı bildirib: "Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynayıb. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etib".

Elə bu inkişafın davamı olaraq "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Səbail rayonunda reallaşdığını görmək olar. Təbii ki, ötən müddət ərzində görülmüş effektiv tədbirlər bu gün özünü rayon həyatında açıq şəkildə göstərir. Səbail rayonu son illərdə görülən işlər nəticəsində müasir görkəm alıb, burada yüksək standartlara cavab verən infrastruktur yaradılıb, yeni iaşə və xidmət obyektləri vətəndaşların ixtiyarına verilib. İqtisadi sahədə əldə olunan uğurları iqtisadi rəqəmlər daha aydın ifadə edir. Belə ki, 2012-ci ilin altı ayı ərzində Səbail rayonunun sənaye müəssisələrində 12709,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 310,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 430,6 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 17,2 faiz çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşu 1420 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 faiz artıqdır. Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 141,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 46,7 faiz çox istehlak malları satılıb. Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 125,9 milyon manatlıq pullu xidmət göstərilib. Pullu xidmətlərin 88,9 faizi özəl bölmə tərəfindən həyata keçirilib. Bu dövrdə əhaliyə 33,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 13,8 faiz çox iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 125,9 milyon manat olub. Ümumi həcmin 56,3 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilib və bu müəssisələrdə əhaliyə 70,9 milyon manatlıq pullu xidmətlər göstərilib. Rayonda çalışan işçilərin sayı 98793 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 938,2 manat olub ki, bu da keçən illə müqayisədə 4 faiz çoxdur.

Səbail rayonu gözəl və müasir görkəm alıb

Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində böyük quruculuq və abadlıq işlərinin aparılması heç kəsə sirr deyil. Səbail rayonunda da son dövrlər bu sahədə əsaslı dəyişikliklər müşahidə edilməkdədir. 2012-ci ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir, yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilib. Yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən işlərlə tanış olublar. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yol inşa olunub. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədilə isə yol boyu piyada keçidləri də inşa olunur. Mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə" ASC-nin "İçərişəhər" yarımstansiyasının açılış mərasimində iştirak edib. Mərasimdə dövlət başçısına "Bakıelektrikşəbəkə" ASC-nin "İçərişəhər" yarımstansiyası barədə məlumat verilib ki, "İçərişəhər" yarımstansiyası "Müşfiq-Xırdalan" sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq ikişüalı, Bakı I Dairəvi elektrik sxeminin tərkib hissəsidir. "İçərişəhər" yarımstansiyası "Siemens" şirkətinin əməkdaşları tərəfindən quraşdırılan eleqaz izolə sistem şinli yarımstansiyadır. "İçərişəhər" yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyanın ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerji təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiyanın 35 və 6 kilovoltluq dövrələrindən qidalanan şəbəkələr, digər qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilərək etibarlı və dayanıqlı şəbəkə yaradılıb. Dövlət başçısı 40 meqavatlıq transformatoru işə salıb.

Aprel ayının 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu "CW Mariott Abşeron" hotelinin açılışında iştirak etmiş, aprelin 25-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal Muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişatı ilə tanış olublar. May ayının 6-da dövlət başçısı "Hilton-Baku" hotelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olub. May ayının 23-də əsaslı təmir və yenidənqurmadan sonra Bakı Funikulyoru istifadəyə verilib. Açılış mərasiminə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılıb. Sonra dövlət başçısı və xanımı "Azneft" döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunmuş yeraltı piyada keçidinin açılışında iştirak ediblər.

Lakin bunlar rayonda nəzərdə tutulan abadlıq və quruculuq işlərinin sadəcə bir hissəsidir. Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Parlament prospektində "Alov qüllələri" kompleksinin, Neftçilər prospektində "Four Seasons" mehmanxanasının, Zərifə Əliyeva küçəsində "İş Adamları Mərkəzi"nin, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün keçid korpusunun, "Azadlıq" Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların tikintisi aparılır. Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlər inşa olunur. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi işləri aparılır, Mikayıl Hüsenyov küçəsində Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binasının və deponun inşası başa çatmaq üzrədir.

20-ci yaşayış sahəsində Dövlət Neft Şirkəti "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionu əsaslı şəkildə yenidən qurulur, burada AFFA tərəfindən 3200 yerlik yeni stadion və inzibati bina inşa edilib. Dövlət Filarmoniyasının binasındakı təmir başa çatıb, Dövlət Musiqili Komediya Teatrının binasının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri başa çatmaq üzrədir. Ölkə başçısının Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 16 mərtəbəli, 146 mənzilli yeni binanın tikintisinə qərar verilib, hazırda burada tikinti işləri gedir və 2013-cü ilin sentyabr ayında bina istifadəyə veriləcək.

Sosial tədbirlər bütün əhali kateqoriyalarını əhatə edir

Rayonda bütün əhali kateqoriyalarını əhatə edən mütərəqqi sosial tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılır. Bu çərçivədə RİH tərəfindən həyata keçirilən "Abad həyət" layihəsini xüsusi qeyd etməyə ehtiyac yaranır. Bundan başqa, 2012-ci ilin 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 424 ailə (1744 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müvavfiq qaydada baxılaraq hər bir ailə üzvünə 28,30 manat olmaqla, orta hesabla hər bir ailəyə 116,39 manat sosial yardım təyin olunub. Hazırda Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2443 nəfər sosial müavinət alır. Bura hər 3 qrupa aid əlilllər, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, ailə başçısını itirməyə, yaşa görə müavinət alanlar, müharibə veteranları, qəyyumlar, şəhid ailələri, fəxri ad almış şəxslər və s. aiddir.

I yarım il ərzində mərkəz tərəfindən 36 nəfər Qarabağ və Çernobıl əlili müxtəlif istirahət mərkəzlərinə, həmçinin, 22 nəfər digər kateqoriyalardan olan əlil isə "Mərdəkan" pansionatına, "Ulusu" sanatoriyasına və "Nabran" sağlamlıq mərkəzinə müalicəyə göndərilib. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13125 nəfər təqaüdçülərə ilin 6 ayı ərzində 16.729.842,80 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməib. Şöbə tərəfindən təqaüd və müavinətlərin ödənişi hər ayın 17-18-nə kimi bankomatlar vasitəsi ilə həyata keçirilmiş, vaxtı keçmiş plastik kartlar operativ şəkildə yeniləri ilə əvəz olunmuşlar. Səbail rayon Məşğulluq Mərkəzinə ilin 6 ayı ərzində 473 nəfər iş axtaran vətəndaş müraciət edib, onların 438 nəfəri daimi işlə təmin olunub, işlə təmin olunanların 326 nəfəri fəhlə, 112 nəfəri isə mühəndis-texniki işlə təmin olunublar. İşə düzələnlər arasında 49 nəfər qadın, 147 nəfər isə gəncdir.

Keyfiyyətli təhsil daha sağlam və güclü gələcək deməkdir

Səbail rayonu təhsil sahəsində əldə olunmuş nailiyyətlərlə də diqqət cəlb edir. Belə ki, cari ilin ötən dövrü ərzində rayonun orta məktəbələrində təhsil prossesi yüksək səiyyədə aparılıb, bir sıra tədbirlər həyata keçirilib. Şagirdlər bir sıra respublika və beynəlxalq müsabiqələr və olimpiadalarda layiqincə iştirak ediblər. Rayon üzrə 14 nəfər şagird Respublika miqyaslı müxtəlif fənn olimpiadalarının qaliblərindən olublar. Həmçinin, digər kütləvi bilik və idman yarışlarında da səbailli şagirdlər yüksək nailiyyətlərlə fərqləniblər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 iyun 2012-ci il tarixdə imzaladığı "2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" Sərəncamına görə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəb qaliblər sırasında olub, qeyd olunan müsabiqədə müvəffəqiyyət qazandıqlarına görə məktəb birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 iyun 2012-ci il tarixdə imzaladığı "2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamına görə Səbail rayonundan 11 müəllim qaliblər sırasina çıxıb və birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar. Məktəblilərin asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlərdə 500-dən çox uşaq və yeniyetmə iştirak edib.

Beləliklə, 2012-2013-cü illər ərzində həyata keçiriləcək əlavə tədbirlər Səbail rayonunun da sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

RƏFİQƏ KAMALQIZI

Yazı Səbail rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Digər xəbərlər