ASALA bu dəfə Azərbaycan diplomatlarını hədəfə alıb
VIII yazı
Araşdırmalar göstərir ki, terrorçuluq, dövlət terroru işğalçı Ermənistanın mövcudluğunun siyasi mahiyyətini təşkil edir. Söhbət ondan gedir ki, bu dövlət, faktiki olaraq, tarixən heç vaxt ermənilərə aid olmayan ərazilərdə - qədim Azərbaycan torpaqlarının bir hissəsinə çar Rusiyası dövründə ermənilərin köçürülməsi nəticəsində yaradılıb və "böyük Ermənistan" xülyasına qapılaraq, qonşu ölkələrin hesabına ərazisini genişləndirməyə səy göstərir. XIX əsrin sonlarından başlayaraq, yaradılan əksər erməni təşkilatlarının terroru əsas mübarizə vasitələrindən biri kimi dəyərləndirməsi bunu əyani şəkildə sübut edir. Başqa sözlə, ASALA məhz 100 ildən artıq davam edən, məqsədli şəkildə gerçəkləşdirilən terrorçuluq ideologiyasının təzahürü kimi meydana çıxıb və çoxsaylı erməni terror təşkilatlarından yalnız biridir. Aşağıda sadalanan faktlar da bunu bilavasitə təsdiqləyir.
Ermənilərin Vanda qaldırdıqları qiyam...
1915-ci ilin aprel ayına yaxın ermənilərin Vanda başladıqları qiyam böyük vüsət almağa başlamışdı. Erməni katalikosu V.Gevork bu üsyanda 10000 nəfər silahlı komitəçinin iştirak etdiyini bildirdi.
Van valisi Gövdət bəy 1915-ci il 21 aprel tarixli teleqramında ermənilərin şəhərdə vuruşmağa başlaması haqqında xəbər verirdi. Vali aprelin 24-də vurduğu digər teleqramda bölgəyə ətrafdan 4000-ə qədər qiyamçı erməni gətirildiyini, qiyamçıların ətraf kəndləri yandırdığını, qiyamçıların qarşısını almağın qeyri-mümkün olduğunu yazırdı. Erməni quldurlarının yarısı Vanın mərkəzinə hücuma keçmiş, aprelin əvvəllərində Osmanlı bankı, Duyumu ümumiyyətlə Reci, poçt-teleqraf idarəsi, hökumət binaları və bir çox binanı dağıtmışdılar. Aprelin 15-dən etibarən, ətrafdakı bütün erməni dəstələri də bölgəyə gələrək şəhəri tamamilə mühasirəyə almışdılar.
Ermənilərin Vandakı vəziyyətini öyrənən Qafqaz rus ordusunun komandanı general Yudeniç məqamdan istifadə etməyi qərara almışdı. Mart ayından bəri erməni drujinalarından dördünü Bəyazidə toplamışdı. Yudeniç general Truxinin ikinci Transbaykal kazak eskadronunu da əlavə etmiş və Truxinə Aladağ üzərindəki Təpəriz kəndini aşaraq Bəkirqala və Vana tərəf irəliləməsini əmr etmişdi.
Türk-müsəlman əhalisinə tutulan divan
1915-ci il mayın 8-də ermənilər Van şəhəri və ətrafına böyük hücum təşkil etmiş ətrafdakı müsəlman kəndləri yandırılmağa başlanmışdı. Vali Cövdət bəy Vandan çəkilmək haqqında əmr vermiş, mayın 17-də müsəlman əhalisi Vandan çıxmışdı. Həmin gün ermənilər Van şəhərini öz nəzarətləri altına almışdılar. Osmanlılar Vanı tərk etdikdən bir neçə gün sonra rusların ön dəstələri Vana gəlmiş və erməni birlikləri ilə birləşmişdilər. Vanın yeni hakimi Aram Manukyan rus komandanı Nikolayevə şəhərin açarlarını təqdim etmiş, Nikolayev də onu Vanın rəsmi valisi təyin etmişdi.
Türklərə düşmən münasibət bəsləyən Vandakı İtaliya konsulluq agenti Sbordan 1915-ci il mayın 31-də yazırdı ki, aprelin əvvəlində Vandakı ermənilər Aram və başqalarının başçılığı ilə qiyam qaldırdılar. Şəhərin mərkəzi hissəsində 100-120, "bağlar" adlanan hissəsində isə 1500-ə qədər erməni qiyamçısı vardır. Türklər qiyamı yatırmağa müvəffəq olmadılar. Ermənilər poçt, teleqram, Dette Publique kontorunu, hətta ingilis konsulluğunu və bir çox başqa binaları dağıtdılar. Qiyam 27 gün davam etdi, ermənilər səbirsizliklə rusları gözləyirdilər. Nəhayət, ruslar gəldilər. Birinci olaraq şəhərə erməni könüllüləri daxil oldular. Aram general-qubernator təyin olundu.
Aldadıcı "qələbə" illüziyası
"Hayastan" qəzetinin 1915-ci il 6 iyun tarixli 25-ci sayında yazılmışdı. "...Biz düşməndən çox mövqe aldıq. Üsyanın dördüncü günü ən böyük qələbəni əldə etdik. Həmid Ağa qışlağındakı partlayış da o gün oldu. Biz qışlağın təməli altında bir bomba yerləşdirdik. Qumbara atəş aldısa da, binanı yıxa bilmədik. Sonra gecə birdən qışlağın yanmaqda olduğunu gördük. Əsgərin bir bölüyü yandı, başqaları qaranlıqdan istifadə edərək qaçdılar. Orada düşmən qovulduqdan sonra bütün Aydesdən əlimizə keçdi. Bundan sonra hücuma keçən hökumət qüvvələrini hər yandan geri çəkilməyə məcbur etdik. 6 mindən çox olan bu qüvvələr təxminən minə qədər ölən və yaralı gətirdi. Bütün tariximizdə belə şanlı bir çarpışma görünməmişdir".
Qəzetin yenə həmin sayındakı bir yazıda deyilirdi: "Erməni könüllüləri birinci alayı düşmənlə baş verən savaşda qələbə qazanaraq əsgərsiz olan bir çox möhkəmləndirilmiş mövqe tutmuşdur... İkinci könüllü alayı Aykidirtiş Dronun komandası altında hərəkət etdi. Tumanin ilk döyüşü Kavza kəndi yaxınlığında oldu. Bu döyüşdə Dro yaralandığından komandanlıq Armen Karoya (Karaqin Pastırmacıyan) keçdi. Van işğal edildikdən sonra ermənilər rus generalının şərəfinə bir ziyafət təşkil etmişdilər..." Ziyafətdə Aram demişdi: "Bir ay əvvəl üsyana qalxdığımız zaman ümmidimizi rusların gəlişinə bağlamışdıq, durumumuz çox təhlükəli idi. Titanik tayfaları kimi, ya təslim olmalı, ya da ölməli idik. Biz ölüm yolunu seçdik. Amma siz gözlənilməyən bir anda yetişdiniz..."
Osmanlının zəfəri...
Və geri çəkilməyə vadar edilən rus-erməni hərbi birləşmələri
Van ruslar tərəfindən alındıqdan sonra, orada baş vermiş hadisələri ABŞ tarixçiləri st.C.Şou və E.K.Şou belə təsvir edirdi: Muşun və Türkiyənin şərq rayonlarının digər mühüm mərkəzlərinin minlərlə erməni sakini yeni erməni dövlətinə toplanmağa başladılar, onların içərisində qaçqın dustaqların dəstələri də vardı. İyulun ortalarında ən azı 250 000 erməni toplanmışdı. Ancaq iyulun əvvəllərində Osmanlı hissələri geri çəkilən rus ordusunu sıxışdırdılar. Geri çəkilən rus ordusunu minlərlə erməni müşaiyət edirdi: onlar ölü doğulmuş dövlətin yol verdiyi qətllərə görə cəzadan ehtiyat edirdilər. Türklərə kəskin düşmən münasibət bəsləyən erməni müəllifi Ovanesyan yazırdı ki, geri çəkilən rus ordusu ilə birlikdə 200 000-dən çox erməni Cənubi Qafqaza qaçdı. Müvafiq mənbələrdə bu geri çəkilmə zamanı 40 min nəfər erməninin öldürüldüyü bildirilir.
Türklərə qarşı soyqırım...
Yüz il sonra aşkar edilən kütləvi məzarlar
İstisnasız olaraq, müharibə şərtləri və ağılsız təbliğat nəticəsində baş vermiş bu itkilərin günahını heç cür türklərin üstünə yıxmaq mümkün deyil. Vanın işğalından sonra rusların təhriki ilə erməni qiyamları ətrafa yayılmış, erməni dəstələri bir çox yerlərdə qətllər törəmiş və bəzi kəndləri tamamilə yox etmişlər. Cəmi 3 il sonra ermənilər bu kütləvi qətlləri, soyqırımını Azərbaycanın quzeyində davam etdirmişlər. Bakıda, Neftçalada, Şamaxıda, Qubada aşkar edilən kütləvi məzarlar erməni vəhşiliyinin bariz nümunəsidir. Son zamanlar aparılan axtarışlar nəticəsində Van şəhərindəki Səlimbəy məhəlləsində, Ersiş (Qıla məhəlləsi) də, Zava kəndində, Çatbayır (Baxçasaray), Çaldıranda və Alagöydə toplu məzarlar təşkil edilmişdir. Zivə kəndində 8 kəndin 3 min nəfər sakini ermənilər tərəfindən qətl edilmişdi.
Vandakı rus hərbi hissələrinin komandanı general Nikolayev Qafqazdakı rus ordularının komandanına 1915-ci il avqustun 1-də bildirirdi ki, erməni "könüllüləri" ələ keçən qənimətləri götürərkən bunlara mane olmağa çalışan rus əsgərlərinə atəş açmışlar. Bundan başqa "könüllülər" daxili basqınlar etməkdən və hər cür cinayətlər törətməkdən zövq alırlar. Bu artan cinayətlərə son qoymaq məqsədi ilə Vanda hərbi tribunal qurulmuşdu. Erməni "könüllülərinin" qətl-qarət hərəkətlərinə son qoymaq üçün ayrıca cəza dəstələri göndərmək lazım bilinmişdi.
Ermənilərin növbəti cinayətləri
Milyondan çox türkü qaçmağa vadar edən terror, qətliam təhdidi
Osmanlı qüvvələri 1915-ci il iyulun 22-də hücuma keçib Vanı geri aldılar. Türklərin müvəffəqiyyətləri uzun müddət davam etmədi. Avqustda ruslar yenidən Vanı işğal etdilər. Şərq cəbhəsi Van-Ağrı-Xorasan xətti üzrə sabitləşdi. Ancaq 1916-cı ilin fevralında ruslar iki istiqamətdə: Van gölü ətrafında cənubdan Bitlisə və Muşa doğru, ikincisi Qarsdan Ərzuruma doğru hücuma keçdilər. Fevralın 16-da Ərzurum alındı.
Şou yazır: "Bunun ardınca bütün müharibə ərzində ən dəhşətli qırğın baş verdi: milyondan çox müsəlman kəndli qaçmalı oldu... Onlardan minlərcəsi Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə qaçmağa cəhd etdikdə, tikə-tikə doğrandı. Aprelin 18-də ruslar Trabzonu, iyulda Ərzincanı tutdular. Ancaq cənubda Van gölü ətrafında rusların hücumu dayandırıldı. Bundan sonra 1918-ci ilin yazında kimi Şərq cəbhəsində mühüm dəyişiklik baş vermədi.
Osmanlı qüvvələri 1915-ci il iyulun 2-də hücuma keçib Vanı geri aldılar: ancaq avqustda Van yenidən rusların əlinə keçdi. Vandakı qiyam zamanı Muşa vəda sirayət etmişdi. 1915-ci il fevralın 21-də II korpus komandanlığının Daxili İşlər Nazirliyinə göndərdiyi teleqramda deyilirdi ki, Muşdan iki saat yarım məsafədəki Siranun kəndində olan 40-50 nəfərlik erməni quldur dəstəsi ətraf kəndlərə basqınlar etmişdir.
Misli görünməmiş talanlar və vəhşiliklər
Muş və ətrfında əvvəlcə 7000 erməni silahlandırıldı və bunlar qruplarla kəndlərə səpələndilər. Ordudan fərarilik edən ermənilər də onlara qoşuldular və Sasunda böyük quldur birləşməsi təşkil edildi. Rus ordusunun bölgəyə gəlməsi ilə daşnak dəstələri və hnçak qrupları "ruslara sədaqətlərini və şücaətlərini" göstərmək üçün kişiləri cəbhədə olan türk kənd və qəsəbələrindəki qadın, uşaq və yaşlılara təsəvvürə gəlməz işgəncələr verirdilər və qətlə yetirirdilər. Rusiyadan gələn erməni "könüllü alayları"nın da iştirakı ilə erməni quldurlarının sayı 30 minə çatdı.
Muşulu Hacı Əlizadə Əbdülbaqi, Hacı Əhmədoğlu, Yunus çavuş və yoldaşlarının 1916-cı il mayın 23-ü - iyunun 5-i arasında verdikləri ifadədə deyilirdi: Müharibənin ilk günlərində bəyazidli Suren və Ərzurum vəkili Karaqin Pastırmacıyanın tabeçiliyindəki 1200 nəfərlik erməni dəstəsi müsəlman kəndlərinə basqın edir, talan edir və görünməmiş bir vəhşiliklə zavallı və müdafiəsiz əhalini yerlərindən qovurdu.
"Səs" Analitik Qrupu