PDF Oxu

Araşdırma

  • 1 879

Milli informasiya təhlüksizliyi üzrə mükəmməl konsepsiya

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması respublikamızın informasiya resurslarının qorunması və kiberhücumların qarşısının alınmasında mühüm rol oynayacaq

Milli informasiya təhlüksizliyi üzrə mükəmməl konsepsiya

Məlum olduğu kimi, Prezident İlahm Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması haqqında Fərman imzalayıb. Yeni quruma informasiya təhlükəsizliyi siyasətinin təmin olunması ilə bağlı bir sıra mühüm səlahiyyətlər verilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirəcək. Qurum, həmçinin, dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması və bu sahədə qabaqlayıcı tədbirlər görəcək.

Hazırda Azərbaycan hökuməti dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadənin tətbiqi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirib. Dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi fəaliyyətinin tənzimlənməsi məqsədilə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Nümunəvi inzibati reqlamentin layihələri" hazırlanıb. Yəni, ölkəmizdə elektron xidmətlərin tətbiqi üçün yaradılan güclü hüquqi baza və infrastruktur mövcuddur. Bu silsilə tədbirlərin davamı kimi informasiya cəmiyyətinin qurulması və təhlükəsizliyinin təmin olunması da başlıca stratejdi məqsədlərdən sayıla bilər. Ölkənin makroiqtisadi indiktorlarının daha da yaxşılaşması, iqtisadi və siyasi islahatların keyfiyyət baxımından dərin xarakter alması, innovasiyaların tətbiqi dairəsinin genişlənməsi ölkəmizin qarşısında yeni çağırışları meydana çıxarır. Yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan bütün sahələrdə davamlı islahatları dərinləşdirdiyindən dövlət idaretmə sisteminin də müasir tələblərə uyğunlaşdırılması yeni dövrün çağırışlarından sayılır. İdarəetmə sisteminin yeni inkişaf platformasına uyğunlaşdırılmasının başlıca meyarı "Elektron hökumət"in qurulmasıdır. Bu konsepsiyanın əsas fundamental prinsipləri dövlət strukturlarında elektron xidmətələr şəbəkəsinin yaradılmasından ibarətdir. Bu mənada, yeni təşkilatın xüsusi rolunu yüksək qiymətləndirmək olar.

Yeni Dövlət Agentliyi çox strateji struktur olmaqla, respublikamızın milli təhlükəsizliyinin təmin olunmasında mühüm olan informasiya resurslarının qorunması, kiberhücumların qarşısının alınması, dövlət idarələrinin elektron xidmətlər sisteminin təhlükəsizliyinin mühafizəsi kimi çoxplanlı fəaliyyətlə məşğul olacaq.

Agentliyin fəaliyyəti Azərbaycanda informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamlılığnı genişləndirəcək, "Elektron hökumət"in yaradılması sahəsində addımları sürətləndirəcək. Respublikamızda elektron xidmətlər şəbəksinin geniş miqyas alması baxımından qeyd olunan qurumun xüsusi əhəmiyyətini də qeyd etmək olar. Ümumiyyətlə, yeni innovativ layihələrin çevikliyini təmin etmək, investisiya mühitini yaxşılaşdırmaq, investorların maraqlarını təmin etmək, birgə layihələrdə iştirak üçün imkan yaratmaq məqsədilə e-xidmətlərin tətbiqi mühüm yer tutur. E-xidmətlər sistemli və kreativ bir proses olmaqla sonda "E-hökumət"in tam təmin olunmasına dərin baza yaradır.

Milli informasiya təhlüksizliyi və kibertəhlükələrə qarşı güclü platformanın yaradılması hər bir dövlətin strateji fundamental məqsədlərindən biri sayılır. Bu gün informasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə çevrilmişdir. Ona qarşı mübarizə aparmaq üçün bütün dünya birliyinin fəal səylərini birləşdirmək, habelə, müasir təhdidlərin aradan qaldırılması və qarşısının alınması probleminə əsaslı yeni strateji yanaşmanın formalaşması zəruridir.İnformasiyanın artmaqda olan əhəmiyyəti qarşılıqlı informasiya təsiri proseslərinin tənzimlənməsinin təmin olunması üçün dövlətin fəal müdaxiləsini tələb edir. Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafı artıq bu gün cəmiyyətin həyatının demək olar bütün sahələrində genişmiqyaslı mənfi nəticələr doğurur.

İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi dövlətin, cəmiyyətin və insanların fəaliyyətinin vacib şərtlərindən biridir. Qlobal informasiya cəmiyyətinin formalaşması nəticəsində dövlətlərarası ziddiyyətlər və münaqişələr virtual məkana da keçir. İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması və istifadəsi nəticəsində virtual məkanda formalaşan şəbəkəni, həmçinin, istifadəçiləri informasiya resursları və sistemlərini mümkün təhdidlərdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi olduqca vacibdir.

Qloballaşan dünyada informasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə cinayətin yeni növləri yaranır, dövlətin ərazi bütövlüyü ilə bağlı məlumatlar təhrif edilir, terrorizm ideologiyasının təbliğ edilməsi və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal şəkildə istifadə edilir.

İnformasiya təhlükəsizliyinin təmini məsələlərində cəmiyyətin bütün qüvvələrinin dövlət, biznes və vətəndaş cəmiyyətinin, xüsusən, cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir. Bundan başqa, son zamanlar fişinq, botnet, saxtalaşdırma, fırıldaqçılıq hadisələri sürətlə artmaqdadır. Bu kimi hallara qarşı mübarizə siyasətinin işlənməsi mühüm əhəmiyyət kəsb edir.

Son illər bir çox ölkələrdə, o cümlədən, MDB regionunda informasiya şəbəkələrinə müdaxilə, kiberhücumların geniş xarakter alması müşahidə edilir. İşğalçı Ermənistanın kiberhücumları da bu sıradandır.

Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri ilə çox tez-tez üzləşir. Belə hallara total formada "Eurovision-2012" müsabiqəsi zamanı çox rast gəlindi və həmin qurumun internet saytı dağıdıldı. Eləcə də, Azərbaycanın veb-saytları kənar hücumlara məruz qaldı. Eləcə də, Ermənistan ilə Azərbaycan arasında münaqişənin mahiyyəti haqqında yalan məlumatlar yayan informasiya resurslarının yaradılması, ərazilərin adları dəyişdirilmiş saxta xəritələr hazırlanması, bu məqsədlər üçün Azərbaycana aid domen adlarından istifadə edilməsi ölkəmizə qarşı haker hücumlarının müxtəlif növləri hesab edilə bilər.

Beləliklə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması ölkəmizdə informasiya təhlükəsizliyi siyasətinin möhkəmlənməsinə, dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə, informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinə səbəb olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər