PDF Oxu

Araşdırma

  • 1 751

Uzaq Şərq – yeni qaynar region

Uzaq Şərq – yeni qaynar region

Qlobal geosiyasət üçün yeni ciddi problem yetişməkdədir. Uzaq Şərqdə ABŞ və Çinin nüfuz uğrunda mübarizəsi daha da gərginləşib. Pekində hesab edirlər ki, Amerika ölkəni dənizdən mühasirəyə alır.

Böyük mübarizənin əlamətləri

"Ərəb baharı" dünyanın geosiyasi mənzərəsinə ciddi təsir göstərir. Hazırda Yaxın və Orta Şərq qlobal miqyasda siyasi mühitin ən çox diqqət yetirilən məkanıdır. Lakin bunun Uzaq Şərqdə baş verən geosiyasi prosesləri kölgədə qoyduğunu demək yanlışlıq olardı. Orada dünyanın ən böyük gücləri nüfuz uğrunda mübarizə aparırlar.ABŞ KİV-i ölkənin hərbi-dəniz donanmasının 80%-ni Sakit okean hövzəsinə topladığı haqqında informasiyalar yayıb. Vaşinqton ən müasir hərbi gəmilərini həmin bölgəyə yeridir. İlk baxışdan bunun üçün elə bir səbəbin olmadığı qənaəti yarana bilər. Çünki hələlik həmin regionda müharibə aparan ölkə yoxdur. Daha geniş miqyasda vəziyyətə nəzər saldıqda isə başqa məqamlar meydana çıxır.Çinin sürətli inkişaf tempini saxlaması Qərb siyasətçilərini düşündürür. Pekinin bir neçə ildən sonra ABŞ-la qlobal miqyasda rəqabət apara biləcək gücə sahib ölkə olacağı ehtimal olunur.Bəzi proqnozlara görə, Pekin hətta dünya lideri ola bilər. Bunu Çin rəhbərliyi inkar edir. Onlar özlərini "inkişaf etməkdə olan ölkələr" sırasına aid edirlər. Lakin real rəqəmlər başqa mənzərəni ortaya qoyur.Qərbdə Vaşinqtonun həmin rəqabətdən qalib çıxması şansının yüksək olmadığı qənaətində olan analitiklər var. ABŞ bu mübarizədə uduzmamaq üçün sistemli həyata keçirilən geosiyasi kurs yürütməyə başlayıb.Qərbin tanınmış politoloqları da (məsələn, H.Kissincer və Z.Bjezinski) ABŞ-Çin rəqabətinin dünyanın gələcək geosiyasi mənzərəsinin əsas məsələsi olacağı qənaətindədirlər. Bu prosesdə kimin daha şanslı olduğunu birmənalı müəyyənləşdirmək çətindir. Hər hansı təsadüf qüvvələr nisbətini kəskin dəyişə bilər.Asiya-Sakit okean regionunda gedən geosiyasi və iqtisadi proseslər onların bu proqnozlarının əsaslı olduğuna dəlalət edir. Eyni zamanda, Amerika üçün geosiyasi risk faktorunun yüksəldiyi təəssüratı yaranır.

Uzaq Şərqin "ada" münaqişələri

Dünya KİV-ində Uzar Şərqlə bağlı yayılan məlumatlar və analizlərin təhlili göstərir ki, bu məkanda bir neçə münaqişə ocağı yaranmaqdadır. Onları iki qrupa bölmək olar. Birincisi, region ölkələrinin bir-birinə qarşı olan ərazi iddiaları. Onlar, əsasən, adalarla bağlıdır. Maraqlıdır ki, həmin münaqişələrin bir tərəfi həmişə Çin olur.Çinin Vyetnam, İndoneziya, Filippin və Bruneylə Parasel adaları ilə bağlı problemləri vardır. Parasel üç adadan ibarət arxipelaqdır. O, Cənubi Çin dənizində yerləşir.Çinin Yaponiya ilə də "ada problemi" meydana çıxıb. Yaponiya Senkaku adalarının (Çin dilində adı Dyaoyuydao) ona məxsus olduğunu bəyan edib və onları satın alıb. Rəsmi Pekin Tokionun bu addımına da sərt reaksiya verib. Çin həmin əraziyə hərbi gəmilər göndərib. Hazırda adalar ətrafında Yaponiya ilə Çin arasındakı gərginlik davam edir.Bəs bu regional münaqişələrin ABŞ-la nə əlaqəsi var? Çinin "Global Times" və "Jenmin Jibao" qəzetlərinin yazdıqlarına görə, Amerikanın həmin məsələlərə birbaşa aidiyyəti vardır. "Global Times" avqustun 6-da dərc edilən sayında qeyd edirdi ki, "ABŞ başa düşməlidir ki, Cənubi Çin dənizi ilə Aralıq dənizi arasında böyük fərq var". Yəni Amerika Yaxın Şərqlə Uzaq Şərqi səhv salmasın. "Jenmin Jibao" isə daha kəskin ifadələr işlədib: "Biz ABŞ-ın üstünə qışqıra bilərik: "mumla!"". Çin tərəfdən bu cür reaksiyaların olması əsassız deyil.Məsələ ondan ibartətdir ki, ABŞ-ın regionun Çinlə rəqabət aparan ölkələrinə əhəmiyyətli hərbi yardımı ilə "ada problemləri"nin alovlanmasında paralellik vardır. Vyetnamın "Kamran" portunda ABŞ hərbi-dəniz donanmasının gəmiləri peyda olublar. Amerikanlar Vyetnam və Filippinlə birgə hərbi təlimlər keçiriblər. ABŞ Filippin ordusunun modernləşməsinə yaxından kömək edəcəyini bildirib. Bütün bunlar bu ilin aprelində adalarla bağlı mübahisələrin qalxdığı vaxta təsadüf edir.Vaşinqton Çinlə Yaponiya arasında adalarla bağlı yaranmış mübahisədə birmənalı Tokionu müdafiə edir. O cümlədən, ABŞ "Gündoğan ölkə"yə hərbi yardımları artırır.Beləliklə, "adalar problemi" fonunda ABŞ-ın Çin sərhədi boyunca hərbi təzyiqləri durmadan artır. Çinin su sərhədləri boyunca əlavə hərbi gəmilər yerləşdirilir. Amerika Yaponiya və Cənubi Koreyaya yeni silahlar göndərib. Asiya-Sakit okean hövzəsində hava hücumundan müdafiə sistemləri gücləndirilir. Avstraliyada dəniz piyadalarının yeni bazası yaradılır. Bundan başqa, həmin regionda hava qüvvələrinə məxsus daha bir baza formalaşdırılır.

Enerji və xammal: yeni zərbə istiqaməti

İkinci münaqişə ocağı enerji və xammal sahəsində Amerikanın Çinə qarşı həyata keçirdiyi tədbirlərlə bağlıdır. Vaşinqtonun Əfqanıstandakı hərbi kontingenti Çinin ora sərmayə qoymasına ciddi əngəldir. Pekin Əfqanıstan üzərindən Pakistan və İranla da xammal sahəsində əməkdaşlıq üçün lazımi səviyyədə quru yol əlaqəsi yarada bilmir.ABŞ Mərkəzi Asiyanın neft və qaz ehtiyatlarından Çinin istifadə etməməsi üçün bütün imkanlara əl atır. Bu sahədə regionda münaqişələrin alovlanması təhlükəsi belə artmışdır. Türkmənistan, Qırğızıstan və Özbəkistanın Çinlə enerji sahəsindəki əməkdaşlığı hazırkı səviyyədən xeyli yüksək ola bilərdi.İndi Vaşinqton Çinin Afrika "yolunu bağlamaq" istiqamətində addımlar atır. Hillari Klintonun bu ilin avqustunda "qara qitə"yə səfəri zamanı Çin məsələsi ciddi müzakirə olunub. Afrika ölkələri ilə Çinin ticarət dövriyyəsi 2011-ci ildə 166 milyard dollar təşkil etmişdi. Amerika bunun əvəzində həmin ölkələrə kreditlər və hərbi yardım təklif edib.Amerika bunlara paralel olaraq ASEAN ölkələrinə də təzyiqlər edir. Çinin bu ölkələrlərə ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 363 milyard dollar təşkil etmişdi. Artıq ASEAN-a üzv olan bir sıra ölkələr ABŞ-Çin qarşıdurmasında Vaşinqtonu seçib. Çinin regionda ən böyük rəqiblərindən olan Hindistanın da Amerika ilə əməkdaslığa üstünlük verməsi Pekini narahat edir. Analitiklər bu tendensiyanın güclənəcəyini proqnozlaşdırırlar.

Çinin "qürurlu tənhalığı" və yeni reallıqlar

Bütün bunlardan çinli analitiklər heç də nikbin nəticə çıxarmırlar. ÇXR-in Hərbi-dəniz tədqiqatları İnstitutunun analitiki Li Szenin gəldiyi nəticəyə görə, Amerika Çin üçün həyati əhəmiyyəti olan dəniz yollarını bağlaya bilər. Buna görədir ki, ABŞ ölkəni dənizdən mühasirəyə alır.Çinin qurudan da sədaqətli müttəfiqi yox dərəcəsindədir. 2 min illik tarixdə Pekinin qonşularının hansı münasibəti göstərdiyini təsdiqləyən kifayət qədər faktlar vardır. "Böyük Çin səddi"nin XXI əsr texniki imkanları qarşısında etibarlı maneə olacağını düşünmək isə sadəlövhlükdür. Çin rəhbərliyi ABŞ-la mübarizənin gərginliyini getdikcə daha çox hiss edir.Uzaq Şərqdə geosiyasi vəziyyətin bu cür inkişaf etməsi bütövlükdə dünya üçün ciddi təhlükələr törədir. Burada Rusiya faktorunu da mütləq nəzərə almaq lazımdır. Moskvanın son zamanlar Uzaq Şərq istiqamətində xeyli fəallaşdığını gözardı etmək olmaz. Şübhə yoxdur ki, Rusiya özünün lazım bildiyi məqamda ABŞ-Çin mübarizəsinə təsir edəcək.Sakit okean hövzəsində suların isinməsi Mərkəzi Asiyada da "geosiyasi hərarəti yüksəldə" bilər. Artıq həmin regionda hadisələr daha təhlükəli müstəviyə keçməkdədir. Region dövlətləri arasında mübahisələrin olması diqqətdən yayınmır.Bəzi ölkələrdə, məsələn, Özbəkistan, Tacikistan və Qırğızıstanda daxili sosial-siyasi gərginlik artır. Fərqanədə (Özbəkistan) etirazlar yüksəlir, Pamirdə (Tacikistan) hökumət təmsilçilərinə qarşı təxribatlar artır, Oşda (Qırğızıstan) etnik zəmində narazılıqlar yenə də özünü göstərir.Bununla da ABŞ-Çin qarşıdurması böyük bir geosiyasi regionda gərginliyin yüksəlməsinə səbəb olur. Bu tendensiyanın azalacağına təminat yoxdur. Ona görə də analitiklər dünyanın geosiyasi səhnəsində növbəti qlobal miqyaslı qarşıdurmanın baş verəcəyini istisna etmirlər.

Newtimes.az

Digər xəbərlər