PDF Oxu

Araşdırma

  • 1 172

BAŞ TUTMAYAN XƏYANƏTLƏR

1994-CÜ İL 4 OKTYABR HADİSƏLƏRİNDƏN 18 İL KEÇİR

BAŞ TUTMAYAN XƏYANƏTLƏR

1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhddən bizi 18 il ayırır. ...AXC-Müsavat iqtidarı xalqın və dövlətin mənafeyinə zidd fəaliyyəti ilə ölkədə çox ağır böhranlı vəziyyət yaratdığına görə, 1993-cü ilin yayında hakimiyyətdən getdi. Azərbaycanın taleyi xalqımızın müdrik oğlu, zəngin dövlətçilik təcrübəsi olan görkəmli siyasi xadim Heydər Əliyevə etibar edildi. Elə o vaxtdan da respublikamız milli dövlət quruculuğu, demokratik islahatlar və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yoluna qədəm qoydu. Səriştəli daxili və xarici siyasət xətti yeridilməyə başlandı. Dönməz və ardıcıl müstəqillik kursu, ictimai-siyasi həyatda beynəlxalq standartlara uyğun demokratik islahatlar aparılması təkcə ölkə daxilində deyil, xarici dövlətlərdə də Azərbaycanda inam və etimadı artırırdı. Bütün bunlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün atılmış uğurlu addımlar idi və təbii ki, gözü hakimiyyətdə olan qüvvələri təmin etmirdi. Onlar ölkədə aranı qarışdırmaq, öz pozuculuq əməllərini həyata keçirmək üçün fürsət gözləyirdilər. Xaricdəki anti-Azərbaycan qüvvələr isə müxtəlif planlarla və təxribatlarla xalqımızın tarixi haqqı olan milli azadlığına, dövlət müstəqilliyinə mane olmağa çalışırdılar.

Sözsüz ki, 1994-cü ilin oktyabrındakı hadisələr çox-çox əvvəl hazırlanmışdı və bu, ilk növbədə, Azərbaycanın müstəqilliyinə, o cümlədən, Ümummilli Lider Heydər Əliyevə qarşı yönəlmişdi. Sentyabrın 24-də televiziya ilə xalqa müraciət edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə qarşı çıxan qüvvələri sonuncu dəfə xəbərdar edərək, bildirdi ki, əks-təqdirdə, dövlət lazımi güc nümayiş etdirəcəkdir. Lakin qarşı tərəf bu xəbərdarlıqdan nəticə çıxarmadı, əksinə, sentyabrın 29-da parlament sədrinin müavini Afiyəddin Cəlilovun və Prezident yanında Xüsusi İdarənin başçısı Şəmsi Rəhimovun qətlə yetirilməsi dövlət çevrilişinə hazırlığın növbəti addımı oldu. Həmin günlər Nyu-Yorkda BMT-nin 49-cu sessiyasında iştirak edən dövlət başçısı sentyabrın 30-da Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar bəyanat verərək, bu terrorçuluq aktını son vaxtlar Azərbaycanın müstəqilliyi əleyhinə yönəlmiş cəhdlərin yeni bir dalğası kimi xarakterizə etdi. Oktyabrın 2-də Ulu Öndər Bakıya qayıdanda hadisələr kritik həddə cərəyan edirdi. Xətai rayonunun prokuroru Mahir Cavadov qardaşı Rövşən Cavadovun komandanlığı altında olan Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup silahlısı ilə Respublika Prokurorluğuna basqın etmişdi. Vəziyyət partlayış həddində idi.

Oktyabrın 4-də Ümummilli Liderimiz Heydər Əliyev dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, birbaşa xaricdən yönəldilən qüvvələrin silahlı qiyam yolu ilə dövlət çevrilişi etməyə cəhd göstərdiklərini bildirdi, onları ölkənin müstəqillik və suverenliyini qorumaq, zorakılıq və irticanın təntənəsinə yol verməmək naminə bütün imkanlardan istifadə etməyə çağırdı.

Böyük siyasi xadim bu hadisələrdə də, ilk növbədə, xalqın köməyinə arxalandı. Oktyabrın 4-də axşamdan xeyli keçmiş Ulu Öndər xalqa müraciət etdi. Bu müraciətə cavab olaraq yüz minlərlə insan gecəyarısı Prezident Sarayının qarşısına toplaşdı. Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Sarayının qarşısında başlanan və on minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq səhərədək davam etdi. Oktyabrın 5-də gündüz Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi ümumrespublika mitinqi keçirildi.

Bütünlükdə, 4 və 5 oktyabr mitinqləri "Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq" birliyinin parlaq təcəssümü idi. Həmin birlik qarşısında heç bir pozucu qüvvə tab gətirə bilməzdi. Yerlərdəki sağlam qüvvələr bu birliyə arxalanaraq müstəqilliyimizə və dövlətçiliyimizə qarşı çıxanları yerində oturtdular.

Beləliklə, bədxahlar məqsədlərinə nail ola bilmədilər. Çünki artıq bu dövlətin rəhbərliyində qorxaq liderlər "komandası" yox, xalqın və dövlətin Qüdrətli Lideri Heydər Əliyev dayanmışdı. Xalq görürdü ki, görkəmli siyasi xadimin yorulmaz fəaliyyəti sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh və siyasi danışıqlar yolu ilə nizamlanması, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində ciddi iş aparılır. Azərbaycan həqiqətləri yüksək səviyyəli rəsmi görüşlərdə, beynəlxalq tribunalarda dönə-dönə bəyan edilir, dünya dövlətləri ilə bərabərhüquqlu siyasi-iqtisadi əlaqələr yaradılır, ölkə iqtisadiyyatını dirçəltmək məqsədi ilə xarici investisiyaların cəlb edilməsi sahəsində mühüm müqavilə və sazişlər imzalanır.

1994-cü ilin 3-4 oktyabrında ölkədə qiyam və çevriliş yolu ilə hakimiyyətə gəlmək cəhdinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər Heydər Əliyev dövlətçiliyi müdafiə etmək üçün ən qəti addımları atdı. Təsadüfi deyil ki, Azərbaycan rəhbərinin bu qətiyyəti dünyanın böyük ölkələrində, dünya ictimaiyyətində təqdir edildi. ABŞ və Rusiyadan qardaş Türkiyə və qonşu İranadək əksər dövlətlərin başçıları Azərbaycan liderinin qətiyyətini, dövlətçilik yanğısını və milli qeyrətini alqışladılar. Bütün bunlar Azərbaycan rəhbərinin xalqına və millətinə arxalanması sayəsində mümkün olmuşdu.

Bu gün müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyasının dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində biri-birindən əhəmiyyətli uğura imza atır, Azərbaycan siyasətində müstəqil olduğunu hər addımında dünyaya nümayiş etdirir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər