Məlum olduğu kimi, Azərbaycanın ilk telekommunikasiya peyki- "Azərspace"nin orbitə çıxarılması yönündə hazırlıq tədbirləri başa çatıb. Yaxın aylarda peykimiz orbital sahədə öz yerini tutacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti bu işlərlə bağlı texniki məsələləri də həll edib. Qurum ötən iki ildə telekommunikasiya peykinin, o cümlədən, məsafədən zondlama peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində tədbirlər həyata keçirib. Azərbaycanın ilk süni telekommunikasiya peyki "Azerspace-1" 2013-cü ilin yanvar ayında orbitə buraxılacaq. "Azerspace-1" telekommunikasiya peykinin Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır. Peykin istehsalı isə ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən aparılıb. Peykin orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın "Marsh" sığorta brokeri vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb. Azərbaycanın ilk telekommunikasiya peykinin kosmosa çıxarılması respublikamız üçün hansı siyasi-iqtisadi-sosial-elmi və strateji əhəmiyyət kəsb edir?!
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən diversifikasiya siyasətinin əsas komponenti yaxın ortamüddətli dövrdə informasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında dominantılığını təmin etməkdən ibarətdir. Bu starteji xəttin əsas trendlərindən biri isə kommunikasyiaların ən son innovativ meyarlarını tətbiq etmək, bu texnologiyaların gəlirtutumlu sahəyə çevrilməsi yolu ilə iqtisadiyyatda modernizasiyanı gücləndirməkdir. İnformasiya-kommunikasyia texnologiyalarının əsas sütunlarından biri olan kosmik sənaye infrastrukturunun yaradılması da məhz bu hədəflərdən sayıla bilər. Kosmik sənaye çoxşaxəli olub, kosmik maşınqayırmanın inkişafı, kosmik komplekslərin layihə simasının təkmilləşdirilməsi, kosmik tədqiqatların nəticələrinin analizi, təsərrüfat əhəmiyyətli məsələlərin həlli, apparaturaların qurulma prinsiplərinin işlənilməsi, informasiyanın toplanılması və emalının müasir texnologiyalarının yaradılması, həmçinin, yeni növ materialların hazırlanması kimi geniş bölmələri əhatə edir. Bu nəhəng infrastrukturların yaradılması güclü iqtisadi inkişaf və milli-elmi kadr instititutlarının olmasını vacib edir.
Kosmik texnika və texnologiyaların yaradılması baxımından real vəziyyəti nəzərdən keçirsək, Azərbaycanın kosmik tədqiqatlar və kosmik infrastrukturlar baxımından əhəmiyyətli nailiyətlər əldə edən ölkə olması təsəvvürünə malik ola bilərik. Azərbaycanın kosmik sənaye strategiyası ilə bağlı məqsədlərə nail olması üçün əlverişli perspektivlər mövcuddur.
Kosmosdan ən son elmi-texnoloji kəşflərin tədqiqi sahəsində respublikamız üçün perspektiv istiqamətlərin müəyyənləşdirməsi, kosmik sənaye müəssisələrinin və milli aerokosmik potensialın texniki tərəqqisi üçün yeni imkanlar yaradır. "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb, peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılıb.
Müasir dövrdə kosmik sənaye təkcə kosmosu fəth etmək vasitəsinə deyil, həm də qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə çevrilib. Kosmos sahəsi elmi-texniki araşdırmalara, o da dolayısı ilə innovasiyalara yol açır. Artıq Avropa institutları tərəfindən kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığı üçün əsas instrument kimi qəbul edilib. Kosmik rabitə digər rabitələrə nisbətən 5 dəfə ucuzdur. Bu baxımdan Azərbaycanın kosmosa buraxacağı peykin yaxın illər ərzində gəlir gətirəcəyini düşünmək olar. İnformasiya texnologiyaları sahəsində ölkəmizin son illər böyük inkişaf yolu keçdiyini qeyd edən Prezident İlham Əliyev kosmik sənaye sektorunun inkişafı sayəsində respublikamızın siyasi-iqtisadi gücünün artacağına inandığını ifadə edib: "Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir. Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır".
Peykimizin kosmosa çıxarılması Azərbaycanın etibarlı informasiya təhlükəsizliyi sisteminin formalaşmasını təmin etməklə yanaşı, ümumən, telekommunikasiya sisteminin inkişafına ciddi təkan verəcək. Telekommunikasiya peykinin fəzaya buraxılmasından sonra ölkənin bütün ərazisində internet, beynəlxalq telefon danışıqları, televiziya yayımı və peyk xidmətlərinin keyfiyyəti yüksələcək, müvafiq olaraq qiymətlər aşağı düşəcək. Bundan başqa, məsafədən zondlama peyki vasitəsilə xəritəçəkmə, hidrometeorologiya, yerin təkinin öyrənilməsi, geodeziya işlərinin yüksək səviyyədə aparılması mümkün olacaq. Hazırda Azərbaycanın müəyyən ucqar dağlıq yaşayış məntəqələrinə fiber-optik kabellərin çəkilməsi həm rentabellilik, həm də keyfiyyət baxımından sərfəli deyildir. Belə yaşayış məntəqələrində "VSAT" stansiyası quraşdırmaqla az məskunlaşmış əhaliyə peyk üzərindən teleyayım, peyk rabitəsi və internet xidmətləri göstərmək daha rentabelli olacaq.
Ölkəmizin kosmik sənayenin inkişafı, rəqəmli televiziya və internet iqtisadiyyatının qurulması istiqamətində dünyanın ən nüfuzlu şirkətləri ilə birgə əməkdaşlığı yaxın vaxtlarda öz real nəticəsini göstərmiş olacaq. Söhbət milli kosmik peykin yaradılmasındant gedir. Beynəlxalq Telekommunikasiya İttifaqı 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib. Onların ikisi ölkənin daxili tələbləri üçün, biri isə beynəlxalq istifadə üçün nəzərdə tutulub. Azərbaycan yaxın vaxtlarda orbitə öz milli peykini buraxmaqla Avropanı və Asiya regionunda transkommunikasiya şəbəkəsinə çevrilmiş olacaq.
Neft-qaz ölkəsi olan Azərbaycan milli telekommunikasiya peyki vasitəsilə kəşfiyyat işləri apara biləcək. Onun sözlərinə görə, milli peyk mümkün fövqəladə hallar - daşqınlar, torpaq sürüşmələri, yanğınlar barədə operativ məlumatlar əldə etməyə, hadisə yerindən kosmik çəkilişlər aparmağa, preventiv tədbirlər həyata keçirməyə imkan verəcək. Hazırda fəzada orbital mövqeyə malik 30-a qədər dövlət informasiyaların qitələrarası ötürülməsi və yayımına nəzarət etməklə yanaşı, peyk icarəsindən külli miqdarda gəlir götürür. Respublikamız ildə bu sahədən təxminən 750 milyon - 1 milyard dollar gəlir götürməyi planlaşdırır.
Yaxın onillikdə ölkəmizin kosmik sənaye sektorunda daha əlamətdar hadisələr baş verəcək, Azərbaycanın milli peykləri kosmik fəzaya yol açacaq, kosmik texnologiyaların gündəlik həyatımıza nüfuz etməsi üçün yeni imkanlar yaranacaq.
"Səs" Analitik Qrupu