Forum iştirakçıları Azərbaycanla bağlı yüksək təəssüratlarını bölüşdülər
Məlum olduğu kimi, oktyabrın 4-5-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 694 nəfər iştirak ediblər. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir. İki gün davam edən forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən, Nobel mükafatı laureatlarının iştirakı ilə müxtəlif mövzularda "dəyirmi masa"lar təşkil olunub. Eyni zamanda, forum çərçivəsində qonaqlar üçün Azərbaycanın paytaxtı Bakı şəhəri və ölkənin regionları, Azərbaycan xalqının zəngin mədəni irsi və incəsənəti ilə tanış olmaq üçün geniş proqramlar da təşkil olundu.
Multikulturalizmin nailiyyətləri və problemlərinə, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etika problemlərinə, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalara, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara həsr olunmuş bu forumda Azərbaycan nümayəndələri ilə yanaşı dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, o cümlədən, tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarının və mötəbər beynəlxalq qurumların rəhbərləri bu məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparmışlar. Artıq forum öz işini uğurla başa vursa da, forum iştirakçıları xoş təəssüratlarını bölüşməkdə davam edirlər.
Eskart Hotzel (Fransa): "Bakı Beynəlxalq Humanitar Forumu insanın inkişafının humanitar aspektlırinin, qarşılıqlı münasibətlərin, sivilizasiyalararsı dialoqun aktual məsələlərinin müzakirəsi üçün gözəl fürsətdir. Qloballaşma dövrünün humanitar problemlərinin həllinə dair məsələlərin müzakirəsinin beynəlxalq səviyyədə aparılması təqdirəlayiq haldır. Bu forumun keçirilməsi humanitar məsələləıin həllinin, ümumiyyətlə, bu mövzunun təbliğinin ölkələr üçün nə qədər səmərəli və lazımlı olmasını nümayiş etdirmişdir. Bakı Humanitar Forumu təkcə Azərbaycan üçün deyil, bütünlükdə, dünya ölkələri üçün sözün geniş mənasında, humanitar əməkdaşlığın ən aktual məsələlərinin müzakirə ediləcəyi nüfuzlu bir tədbirdir".
Harald Şil (Almaniya): "Mədəni və konfessiyalararası əməkdaşlıq ənənələrinə malik olan Azərbaycana bu səfərimdən çox razıyam. Biz bu forumda ölkələrarası geniş siyasi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu isə dünyada sülhün və əmin-amanlığın bərqərar olmasında, qarşılıqlı humanitar əlaqələrin inkişafında böyük rol oyanyacaq. Beynəlxalq həyatın mühüm məsələlərinin əksəriyyəti barəsində ölkələrimizin beynəlxalq aləmdə mövqeləri çox oxşardır. Bir çox məsələlər üzrə bu mövqelər tamamilə üst-üstə düşür. İqtisadi sahədə əməkdaşlığımızın inkişaf səviyyəsi bizi qane edir".
Çexiya Respublikasından qonağımız olan Eduard Qombar və Lana Qombarovalar da Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Beynəlxalq Forumda iştiraklarından məmnun olduqlarını bildirdilər: "Bakı Beynəlxalq Humanitar Forumu insanın inkişafının humanitar aspektlərinin müzakirə edilməsi üçün çox gözəl məkandır. Biz elm, texnika və iqtisadiyyatın inkişafı ilə bağlı forumda qaldırılacaq humanitar aspektləri müzakirə etdik. Zənnimcə, elə ötən forumların təcrübəsi də göstərmişdir ki, bu, günün tələbidir, çünki elmin inkişafı bütöv bir sistemin inkişafını qabaqlayır. Bundan əlavə, forumda multikulturalizmin, qarşılıqlı münasibətlərin, sivilizasiyalararası dialoqun aktual məsələlərini müzakirə etmək üçün məkan yaradılmışdır. Əslində, diskussiya məkanları bu il də eynidir, lakin elm və bütövlükdə, humanitar məkana kifayət qədər güclü təsir göstərən yeni informasiya texnologiyaları ilə bağlı bəzi problemlər də müzakirə edildi. Yeni texnologiyalardan, o cümlədən, sosial şəbəkələrdən istifadə olunması problemlərinin, elektron KİV-lər sahəsində fəaliyyətlə əlaqədar bir çox mövzuların müzakirəsi nəzərdə tutulur. Üç il əvvəl Rusiya-Azərbaycan Humanitar Forumu kimi başlanmış Bakı Forumu daha sonra formatını dəyişmiş və ötən ildən ilk dəfə Bakı Beynəlxalq Humanitar Forumuna çevrilmişdir".
Almaniyadan olan türkoloq-alim Hendrik Boesçoten isə bu tipli forumların əsas qayəsinin cəmiyyətdə nüfuz sahiblərinin gücünü müasir dövrdə ən çox ehtiyac hiss edilən və zərurət hesab olunan xalqlararası əlaqələrin daha da artmasına yönəltməkdir: "Forumun müzakirə mövzularından olan multkulturalizm aktuallığı ilə daha çox seçilir. Humanitar əməkdaşlıq insan fəaliyyətinin sanki bütün sahələrini əhatə edərək, sabitlik və əmin-amanlıq üçün böyük rol oynayır, sivilizasiyalararası dialoqa olan maneələri aradan qaldırmaqda əvəzsizdir. O, ölkələri və xalqları tolerantliq, həmrəylik və ədalət dəyərləri əsasında birləşməyə bir çağırışdır. BHF ideal platforma kimi qlabollaşan dünyada humanitar dəyərlərin qorunmasında və inkişafında bundan sonra da əvəzsiz xidmət etmiş olacaqdır. Xalqlar və dövlətlər arasında humanitar məsələlərin həllində ortaq məxrəcə gəlmək dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dioloqun inkişaf etdirilməsinə mühüm töhvə verəcəkdir. Forumun məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaqla yanaşı sağlamlığa, ətraf mühitə, təhsilə, mədəniyyətə və s. sahələrə diqqət yönəltməkdir. Forumun ideya istiqamətlərindən biri də iqtisadi inkişafdan yararlanan bu məsələlərə humanitar nöqteyi-nəzərdən yanaşmaq, humanitar meyarları səfərbər etməklə cəmiyyətin sosial-mədəni həyatının bu amillər əsasında inkişaf modelini müzakirə etməkdir".
Franko Frattini (İtaliya): "Bakı gözəldir, tarixi mədəniyyət abidələri ilə göz oxşayır. Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi bu gözəl şəhərin qonağı olmaq, burda 100 ölkə nümayəndəsinin iştirakı ilə keçirilmiş bu forumda bütün dünyanı düşündürən məsələlərin müzakirəsinə qatıldığım üçün çox xoşbəxtəm. Azərbaycan xalqının mehribanlığının və qonaqpərvərliyinin əyani şəkildə şahidi oldum. İnanıram ki, burda iştirak edənlərin əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar".
Mario Baldı (İtaliya səfiri): "Ölkələrarası dialoqun və həmrəyliyin inkişafında böyük rolu olacaq bu humanitar forumun iştirakçısıyam. Bir çox sahələrdə münasibətlərin inkişafına və bir sıra qlobal məsələlərin həllinə həsr olunmuş bu forumun gözəl nəticələr əldə edəcəyinə inanıram. Azərbaycanlılar və italyanlar istər xarakter, istər görünüş etibarilə çox oxşardırlar. Bu baxımdan da özümü bu ölkədə yabançı hiss etmirəm. Sizləri çox sevirəm".
RƏFİQƏ KAMALQIZI