Son günlərdə qərb KİV-lərində yer alan xəbər və analitik yazılar arasında Gürcüstanda keçirilən seçkilərə geniş yer verilməkdədir.Məlum olduğu kimi, Bidzina İvanişvilinin lideri olduğu "Gürcü arzusu" müxalifət koalisiyası ilə Gürcüstan prezidenti Mixail Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının mübarizəsi yeni parlamentdə 150 mandat uğrunda aparılır ki, bunlardan 77-si proporsional, 73-ü isə majoritar sistem əsasındadır.Maraqlı olan odur ki, seçkilər sona çatdıqdan dərhal sonra, rəsmi nəticələrin elan edilməsini gözləmədən Gürcüstan prezidenti Mixail Saakaşvili uduzduğunu və müxalifətə keçdiyini elan etdi. Hadisələrin bu cür cərəyan etməsi regionun bir sıra dövlətlərində təəcüb doğurdu.
Bəzi ölkələr də bunu çaşqınlıqla qarşıladı.Seçkilərin digər maraqlı məqamı isə Qərb dairələrinin reaksiyaları oldu: Qərb bu seçkiləri regionun ən demokratik seçkisi adlandırdı və Gürcüstanı bu münasibətlə təbrik etdi.Bu məsələnin görünən tərəfidir. Biraz da hadisələrə başqa aspektdən yanaşaq.Gürcüstan prezidenti Mixail Saakaşvili iqtidara 2003-cü ildə ölkədə həyata keçirilən qızılgül inqilabı ilə gəldi. Rusiyaya simpatiyası olan və uzun illər Sovet imperiyasının rəhbərlərindən biri olmuş Eduard Şevernadzenin məğlubiyyəti ilə nəticələnən bu qalibiyyət Qərb dairələri tərəfindən demokratiyanın regiona nüfuz etməsi kimi dəyərləndirilməyə başladı. Gürcüstan Prezidenti isə daha əvvəl elə həmin dairələr tərəfindən adəta ulduza çevrilmişdi.Gürcüstan prezidenti Mixail Saakaşvili ikinci dəfə 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsi zamanı beynəlxalq mətbuatın gündəminə gəldi. Rusiya tərəfindən hardasa ölümlə hədələnən bu lider Qərb tərəfindən dəstəklənməyə başladı. Lakin bu dəstək Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal olunmasının, eləcə də daha sonda elə Rusiya tərəfindən də müstəqilliklərinin tanınmasının qarşısını ala bilmədi. Buna paralel olaraq isə, Gürcüstanın və Qərbin istəklərinə baxmayaraq, Gürcüstan NATO-ya üzv də ola bilmədi. Bu nöqteyi-nəzərdən Qərbin Gürcüstana dəstəyi nəticə etibarilə bəyanatlardan o tərəfə keçmədi. Rusiya ilə münasibətlər isə gettikcə gərginləşdi.Bu dəfəki seçkilərin belə nəticə verməsi, yuxarıda qeyd edilənlərin işığında olduqca maraqlı görünür.Bir tərəfdən, inkaredilməz bir faktdır ki, Gürcüstan prezidenti Mixail Saakaşvili həqiqətən də ölkədə demokratikləşmə sahəsində çox işlər görmüşdür. Bürokratik əngəllər və korrupsiya azalmış, ölkənin beynəlxalq aləmdə nüfuzu artmışdır. Rusiyanı nəzərə almasaq, Gürcüstanın dostlarının sayı da artmışdır. O zaman belə bir sual ortaya çıxır: nədən Gürcü xalqı son seçkilərdə prezident Mixail Saakaşvilinin apardığı islahatlarla bağlı xidmətlərini qiymətləndirmədi və onun partiyasını iqtidarda saxlamadı?Nəzərə alsaq ki, "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili Rusiyaya simpatiyası olan bir şəxsdir, Rusiya-Gürcüstan münasibətlərinin gərgin olduğu bir dönəmdə Gürcü xalqının onu Gürcüstanda iqtidara gətirməsi olduqca düşündürücüdür.Digər tərəfdən isə, Rusiya ilə münasibətlər gərginləşdiktən sonra Gürcüstanda iqtisadi vəziyyət o qədər də ürəkaçan olmamışdı, çünki Gürcüstanın əsas iqtisadi və ticarət tərəfdaşları arasında Rusiya əhəmiyyətli yer tuturdu. Bu baxımdan, sıravi insanların iqtisadi və sosial rifahında müəyyən geriləmə hiss olunurdu. Bu isə bizə aşağıdakı iki nəticəyə gəlməyə əsas verir:Gürcü xalqı bu seçimi etməklə regionun super gücü olan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını istəyir. Necə deyərlər uzaq qohumdansa yaxın qonşu yaxşıdır.Gürcü xalqını demokratiya, insan hüquqları kimi pafoslu məvhumlardan çox özünün şəxsi sosial və iqtisadi rifahı maraqlandırır. Yəni insanların təməl hüquqları olan yaşamaq hüququ cəmiyyəti maraqlandıran mülki və siyasi hüquqdan daha əhəmiyyətli görünür (Qeyd edək ki, bu özünü Avropada bu gün daha qabarıq göstərir).Qeyd edilənlər isə özlüyündə geosiyasi bir nəticəyə gətirib çıxarır. Gürcü xalqının Qərbə etibarı qalmayıb. Böyük dövlətlərin öz geosiyasi maraqlarını reallaşdırdıqları mübarizə meydanında başqasının maraqları üçün özünü qurban verməyə dəyməz. Maraqlarını müdafiə etdiyin tərəfdaşının çətin zamanda səni hansı dərəcədə müdafiə edəcəyi bəlli deyildir.Beləliklə, Cənubi Qafqazda Ermənistanın Rusiyanın forpostu olduğu hər kəsə bəllidir. Ancaq beynəlxalq təcrübə başqalarının maraqlarına xidmət etmənin düzgün bir siyasət olmadığını isbat etmişdir və eyni aqibət Ermənistanı da gözləməkdədir.Qərbin tərəfdarı kimi bilinən Gürcüstanın bu seçimi isə bölgədə Qərbin nüfuzunun azalmağa başlamasına bir işarədir. Belə bir vəziyyət demokratiya və insan hüquqları şüarı altında müxtəlif ölkələrdə həyata keçirilən rəngli inqilabların gələcək perspektivləri haqqında nikbin düşünməyə əsas vermir. Bu isə region dövlətləri ilə yanaşı Qərbin özünü də narahat etməlidir.O ki qaldı Azərbaycana, regionda baş verən proseslər Azərbaycanın tutduğu xarici siyasət kursunun-balanslaşdırılmış xarici siyasətin nə qədər düzgün və düşünülmüş olduğunu bir daha sübut edir. Azərbaycan isbat etdi ki, xarici havadarlara arxalanmadan, müstəqil surətdə xarici siyasət yürütmək nəinki mümkündür, hətta vacibdir.
Newtimes.az