Və ya Azər Əhmədov, Qənimət Zahid kimi "mənəviyyat simvolları" hansı üzlə tərbiyə və mədəniyyətdən dəm vururlar
Ölkə mətbuatında son günlər ərzində Gülər Əhmədova olayı ətrafında müxtəlif aspektli müzakirələr aparılır. Bu müzakirələrdə isə həm korrupsiya hadisəsi, həm də tərəflərin qarşılıqlı səsləndirdiyi fikirlər obyektə çevrilir. Lakin bu günə qədər aparılan müzakirələrdə yalnız müxalifət qəzetlərinin mövqeyində sistemsizlik müşahidə olunur. Hələ də cəmiyyətə də aydın deyil ki, müxalifət qəzetləri, daha doğrusu, İsa Qəmbər və Əli Kərimli Gülər Əhmədova məsələsindən hansı maraqları naminə istifadə etmək istəyir? Elə götürək "Azadlıq" qəzetini. Gülər Əhmədova və Elşad Abdullayev haqqında məlum video ortaya çıxarkən, sabiq millət vəkilini düşmən elan etmiş AXCP-nin mətbuat orqanı indi də hadisə tərəflərindən birinə qarşı mənəvi terrorun aparıldığını iddia edir. Bu cür düşüncə o qədər primitivdir ki, bilinmir, "Azadlıq" qəzetinin apardığı kampaniya nə üçün hər gün 180 dərəcə fırlanır? Əlbəttə ki, cəmiyyətdə AXCP rəhbərliyi və "Azadlıq" qəzeti haqqında dolğun təsəvvürü var. Bu səbəbdən də, ortaya cavablarını axtaran müxtəlif suallar çıxır?
Bəlkə Gülər Əhmədova Əli Kərimlinin cinayət əməllərilə bağlı ciddi faktlara malikdir?
Məlum video yayıldıqdan dərhal sonra bəyanat verən AXCP sədri Əli Kərimli çalışdı ki, sözügedən məsələdən həm qərəzli dairələr qarşısında "hörmət" qazanmaq, həm də hakimiyyətə qarşı təzyiq etmək vasitəsi kimi istifadə etsin. Hətta AXCP sədri Gülər Əhmədovanı düşmən də elan edərək, onun timsalında bütün dövləti ittiham etməkdən çəkinmədi. Amma nədənsə, bir müddət sonra Əli Kərimli tamamilə prosesdən kənara çəkildi və Gülər Əhmədovanı müdafiə edən yazıları "Azadlıq" adlı qəzetində dərc etdirdi. Hətta Əli Kərimlinin mirzələri həftə ərzində Gülər Əhmədovanın mövqeyini müdafiə edən yazılar da dərc etməkdən çəkinmədilər. Məhz bu məqamla bağlı ortaya bir sıra suallar çıxdı: nə üçün Əli Kərimli mövqeyini bu dərəcədə dəyişdi? Bəlkə Gülər Əhmədova Əli Kərimlinin cinayət əməllərilə bağlı ciddi faktlara malikdir və bu səbəbdən də Əli Kərimli neytrallıq nümayiş etdirməyə çalışır?
Bu mənada da, artıq "Azadlıq" adlı qəzetdə konkret məsələ ilə bağlı deyil, yalnız hakimiyyəti tənqid edən yazılar yer almağa başlayır. Baş vermiş hadisəyə obyektiv baxış bucağından yanaşmaq əvəzinə, Gülər Əhmədovanın mövqeyini müdafiə edən fikirlər ortaya qoyulur...
Qənimət Zahidin "mənəviyyat dərsi"...
Elə ötən saylarında söylənilən mövqedən çıxış edən "Azadlıq" Gülər Əhmədovanın təhqir olunduğunu iddia etdi. Amma Gülər Əhmədovanın əvvəl söyləyidiyi fikirlərin üstündən xətt çəkən Qənimətsayağı qəzet bir daha öz mövqe(sizli)yini ortaya qoydu. Əlbəttə ki, burada təəccüb doğuran onan ibarətdir ki, "Azadlıq" qəzetinin rəhbərliyi hansı üzlə yazır ki, filankəs təhqir olundu, mənəviyyat tapdalandı.
Məgər "Azadlıq" qəzetinin rəhbərliyi belə bir materialı səhifəyə qoyarkən düşündümü ki, özü bu cəmiyyət tərəfindən təcrid edilmiş "mənəviyyat simvoludur"? Deyəsən, Qənimət Zahidin yadından çıxıb "Üç palma" əhvalatı. Və ya Azər Əhmədov azyaşlı qohumu ilə çıxardığı oyunlar hələ heç kəsin yadından çıxmayıb. Təbii ki, bu cür faktlar çoxdur və cəmiyyətə açıqlana bilər. Azər Əhmədov, Qənimət Zahid kimi "mənəviyyat simvolları" hansı üzlə tərbiyə və mədəniyyətdən dəm vururlar? Ona görə də, "Azadlıq" qəzetinin rəhbərliyi kimisə təhqir edərkən və ya müdafiə edərkən, ilk növbədə, özünün hansı vəziyyətdə olduğunu xatırlamalıdır.
"Səs" Analitik Qrupu