Bəlli olduğu kimi, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən ölkə Prezidenti İlham Əliyev sosial-iqtisadi uğurlar fonunda sənaye istehsalında vəziyyətin o qədər də ürəkaçan olmamasını qeyd etmişdir. Bu, konkret faktlarla qeyd edən Prezident İlham Əliyev neft hasilatının azalmasını bp-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əlaqələndirib. Ekspertlərin gəldiyi qənaət isə ondan ibarətdir ki, bp üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə Azərbaycana 8 milyard dollar ziyan vurub ki, bu ziyan da mütləq və mütləq ödənilməldir.
Millət vəkili Aydın Mirzəzadə: "Ölkə Prezidenti bp-ni öz öhdəliyini lazımı qaydada yerinə yetirməməsini konkret faktlarla izah edib"
- Ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında bp şirkəti ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə müzakirə edilməkdədir. Bp dünyanın tanınmış bir şirkətlərindən biridir və ölkə Prezidenti bp-ni öz öhdəliyini lazımı qaydada yerinə yetirməməsini konkret faktlarla izah edib. Bunu da konkret faktlarla izah edib. Söhbət burda itkidən gedir. Bu, Azərbaycanın inkişafına dəyə biləcək zərbədir. Bu baxımdan, Cənab Prezident bp şirkətinin götürdüyü öhdəliyi yerinə yetirməməkdə ittiham edib. Bp kifayər qədər təcrübəli bir şirkətdir. Azərbaycan dövləti təbii sərvətlərinin istismarında xarici şirkətlərlə əlaqədə tərəflərin öhdəliklərinin icra edilməsinin tərəfdarıdır. Azərbaycan bu müqavilələrdə öz üzərinə düşən öhdəliklərin sonuncu bəndinə qədər yerinə yetirib.
Millət vəkili Fazil Mustafa: "Bu onu göstərir ki, Prezidentin əlində tutarlı əsaslar var".
- Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bp ilə bağlı səsləndirdiyi fikirləri tamamilə əsaslı hesab edirəm. Çünki Azərbaycan bp Şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edir. Prezidentin çıxışında da bildirildi ki, verilən proqnozlar qəbul edilməzdir. Düşünürəm ki, bp-yə bu qədər gəlir gətirildiyi halda, hər hansı bir şəkildə lobbiçilik fəaliyyətində adı Azərbaycan əleyhinə hallanır. Bu, onu göstərir ki, Prezidentin əlində tutarlı əsaslar var. Hesab edirəm ki, bu mövqe geniş müzakirə olunmalıdır.
Millət vəkili Musa Quliyev: "Öhdəlikləri yarıda qoymaq, yaxud da bir proqnoz verib, o proqnoza başqa formada əməl etmək, bununla da tərəf-müqabilini piz vəziyyətdə qoymaq heç bir ciddi şirkətə yaraşmır"
- Azərbaycan Prezidenti həmin müşavirədə həm Azərbaycan əhalisinə, həm bp şikətinə, həm də Azərbaycanla işləyən bütün beynəlxalq şirkətlərə mesaj verdi ki, Azərbaycan hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Azərbaycan öz tərəf-müqabillərini bərabər şərtlər daxilində və bütün müqavilələrə hörmətlə yanaşmağı tələb edir. İstər bp olsun, istər başqa bir şirkət, onlar müqavilə öhdəliklərini yerinə yetirmirsə, bu, həmin şirkətin etibarsızlığını göstərir. Bp-yə Azərbaycan tərəfdən çox böyük şanslar verildi. Bp işlədiyi müddət ərzində ona bizim ölkəmiz tərəfindən hər cür iqtisadi, hüquqi və digər şəraitlər yaradıldı. Bu şəraitlərdən istifadə edərək öz işini gördü. Öhdəlikləri yarıda qoymaq, yaxud da bir proqnoz verib, o proqnoza başqa formada əməl etmək, bununla da tərəf-müqabilini pis vəziyyətdə qoymaq heç bir ciddi şirkətə yaraşmır, o cümlədən, Bp-yə. Bp ən azı ölkə Prezidentinin çıxışından sonra Azərbaycan ictimaiyyətinə bu öhdəliklərin yerinə yetirməməsinin səbəbini açıqlamalı və nə zaman bu nöqsanların aradan qaldıracağını bildirməlidir. Digər tərəfdən bp dünyada məşhur bir şirkətdir və bu mənada öz reputasiyasını qorumalıdır və bu haqda düşünməlidir. Azərbaycanda öhdəliklərini bu cür yarıtmaz şəkildə yerinə yetirən bir şirkətlə dünyanın başqa şirkət və təşkilatları çalışmağa tərəddüd edərdilər. Cənab Prezidentin bu məsələni açıqlaması ilk öncə Azərbaycan iqtidarının və Azərbaycan Prezidentinin açıq siyasət aparmasının bir daha əyani sübutu oldu. Bu öhdəliklər Azərbaycan dövləti ilə, Azərbaycan xalqının adından bağlanırsa, xalq bu barədə məlumatlandırılmalıdır. Çox doğru olaraq ölkə Prezidenti İlham Əliyev ictimaiyyətə müraciət etdi ki, ictimaiyyət həqiqəti, Azərbaycan dövlətinin başçısının dilindən eşitsin. Hesab edirəm ki, bp indiyə qədər yol verdiyi nöqsanları aradan qaldırmalıdır.
Millət vəkili Zahid Oruc: "Azərbaycana 8 milyard dollar ziyan vurulub"
- Bp-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycana 8 milyard dollar məbləğində ziyan vurulub. Əgər qoyulmuş investisiyanın 28 milyard dollar olduğu nəzərə alınarsa, Azərbaycan kimi bir ölkənin xarici qurumlar üçün nə qədər faydalı və etibarlı tərəfdaş olduğunu görməmək mümkün deyil. Dünya miqyasında qiqant şirkətlər sayılan və çox böyük dövlətlərin və onların rəhbərlərinin maraqlarının müdafiəçisi olan belə korporasiyalara qarşı prinsipial etiraz bildirilirsə, bu, o deməkdir ki, ölkəmiz 90-cı illərin ortasındakı gücsüz durumundan çıxıb. Əlbəttə, neft strategiyası bizim maraqlara tam cavab verib və regionun siyasi-iqtisadi xəritəsini dəyişib.Azərbaycan büdcəsinə vurulmuş 8 milyard dollarlıq ziyan bp tərəfindən ödənilməlidir. Bizim iqtisadi imkanlarımızın güclənməsi bp-nin hansı siyasətinə uyğun olmayıb və ya bu, Qərb yanaşmasıdırmı, bütün bunların konfidensial tərəfləri dövlət başçımıza bəllidir. Görünür, Cənubi Qafqazda əsas diqtə edən tərəfə çevrilməklə biz Qarabağ məsələsində daha güzəştsiz xətt yürüdəcəyimiz ehtimalı bizə 8 milyardlıq ziyana başa gəlib. Lakin o vəsaitlər bu millətin sosial-iqtisadi həyatına xərclənəcəkdi. Deməli, güclü xalq nəzəriyyəsini təbliğ edən Qərb hesablayır ki, 2020-ci ildə Azərbaycanın büdcəsi 100 milyard manat, elə o qədər də valyuta rezervi ola bilər ki, bu da Cənubi Qafqazın yerdə qalan 2 ölkəsindən bir yerdə indiki 10 dəfəlik fərqi 50 dəfəlik fərqlə əvəzləyə bilər.
Millət vəkili Musa Qasımlı: "Bp şirkəti üzərinə götürdüyü öhdəlikləri pozub, imzaladığı müqavilənin şərtlərini yerinə yetirməyib"
- Nazirlər Kabinetinin son iclasında Cənab Prezindetimiz İlham Əliyevin bp şirkəti ilə bağlı söylədikləri fikirlər tamamilə doğrudur. Burada söhbət neft və qazın hasilatının azalmasından gedir. Neft və qazın hasilatının azalması ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Çünki ölkədə aparılan infrastruktur layihələri, sərmayələr qoyuluşu və bir çox məsələlər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və qazın üzərində qurulub. Belə olduqda bp şirkəti götürdüyü öhdəliyi yerinə yetirmirsə, bunun ilk zərbəsi Azərbaycana və Azərbaycan xalqına dəyir. Belə bir şəraitdə çıxış yolu nələr ola bilər. Ölkə Prezindetinin bp şirkətini tənqid etməsinə dair səsləndirdiyi bütün fikilərlə razıyam. Hesab edirəm ki, bp şirkəti üzərinə götürdüyü öhdəlikləri pozub, imzaladığı müqavilənin şərtlərini yerinə yetirməyib. Belə bir şəraitdə, Azərbaycan iqtisadiyyatına ziyan dəyir. Ona görə də şirkət üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün bu məsələyə beynəlxalq hüquq çərçivəsində baxıla bilər. Yəni, Azərbaycan tərəfi bp şirkətini məhkəməyə verə bilər. Bu öhdəliklərin yerinə yetirilməməsi Azərbaycana sərmayə qoyulması imkanlarını aşağı salır. Bundan da ziyan Azərbaycan dövlətinə dəyir. Hesab edirəm ki, əgər şirkət bu vəziyyəti aradan qaldırmasa, Azərbaycan onu beynəlxalq məhkəməyə verməlidir. Bp şirkəti ya üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir, ya da müqavilənin şərtlərini pozduğu üçün məhkəmədə cavab verməlidir.
Babək Hacıyev