Müxalifətin siyasi mənfəət, yaxud, siyasi dividend axtarışlarından doğan tərzlərinə nəzər salarkən, bir daha bəlli olur ki, əslində, bu kimi davranışlar arxasında şişirdilmiş "siyasət" motivi normal düşüncəli cəmiyyət arasında daha çox nəzərə çarpır. Söz yox ki, vətəndaş cəmiyyətinin quruculuğunda müxalifətçilik amilinin dayanması həm də demokratik plüralizmin göstəricisidir. Yəni normal, sivil dəyərlərə əsaslanan, məntiqi siyasi gedişlər edən müxalifətçiliyin bir müddətdən sonra iqtidarda olmaq şansları hər zaman mövcud olub. Bunu müasir dünyanın siyasi həyatında cərəyan edən hadisələrdən də görmək mümkündür. Xüsusilə, Qərb ölkələrində bu kimi tendensiyalara daha çox rast gəlinir.
Ancaq elə də uzağa getməyərək, Gürcüstanda baş verən siyasi mühitə də nəzər sala bilərik. Bu baxımdan, qonşu Gürcüstanda müxalifətin məhz öz potensial gücü vasitəsilə, daha dəqiq desək, şişirdilmiş "siyasətdən" uzaq şəkildə parlament seçkilərində səs çoxluğu əldə etməsini bu kontekstdən izah etmək mümkündür. Təbii ki, sivil müxalifətçiiyin də əsasını bu kimi əhəmiyyətli məsələlər əhatə edir.
Lakin təəssüf ki, Azərbaycan müxalifətinin, xüsusilə, özlərini "ənənəvi müxalifətin liderləri" adlandıran fərdlərin bu və ya digər şəkildə ən kiçik hadisələrə belə, dar düşüncə müstəvisində yanaşma xətti tutmaları özündə ucuz populizmdən başqa heç nəyi əks etdirmir. Bu kimi olaylara bir çox məsələləri aid etmək mümkündür.
Xatirinizdədirsə, bir zamanlar "ənənəvi müxalifət" mətbuatı kimi ictimaiyyətə sırınan "Azadlıq", "Yeni Müsavat" qəzetləri keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi, keçmiş səhiyyə naziri Əli İnsanovu demək olar ki, hərgünkü buraxılışlarında müxtəlif məsələlərdə ittiham edir, onların fəaliyyətlətini tənqid atəşinə tuturdular. Ancaq həmin adamların məlum dövləti cinayət əməlləri faş olduqdan sonra, sözügedən mətbuatın onlara qarşı baxışları anidən dəyişikliyə məruz qaldı. Nəticədə, həm F.Əliyev, həm də Ə.İnsanov "Azadlıq" və "Yeni Müsavat"ın "qəhrəmanlıq obrazlarına" çevrildilər. Və əlbəttə ki, belə gedişlərin arxasında adları çəkilən mətbuata bilavasitə nəzarət edən AXCP sədri Əli Kərimlinin, eləcə də, Müsavat başqanı İ.Qəmbərin siyasi mənfəət güdmələri dayanmışdı. Bu gün də həmin şişirdilmiş "siyasət" "liderlər" tərəfindən yürüdülməkdədir.
Belə ki, məlum Elşad Abdullayev və Gülər Əhmədova videogürüntüsündən sonra, müxaifət "liderləri"nin dərhal həmin hadisəyə münasibətlər bildirmələri, müxalifətyönlü mətbuata bəyanatlar, müsahibələr, açıqlamalar vermələri də qeyd edilən mövzunun tərkib hissəsidir. Çünki burada da, onların təbirincə olan yanaşmada süni ajiotaj yaratmaq qəsdi, eyni zamanda, şişirdilmiş "siyasət" motivi dayanıb. Gəlin bir daha məlum olayla bağlı müxalifət "liderləri"nin və mətbuatının davranışlarına diqqət yetirək.
İlk öncə, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində hər iki partiya sədrinin - Ə.Kərimlinin və İ.Qəmbərin ayrılıqda verilən bəyanatları dərc olundu. Bunun ardınca, onların monopoliyaları altında rejim üsul-idarəçiliyi ilə idarə edilən "İctimai Palata" dərhal qondarma "sessiya" keçirdi və parlamentin legitimliyi haqqında əsassız fikirlər səsləndirildi. Həmin əsassızlıq həm də onu deməyə əsas verir ki, bu gün parlamentdən kənar qalan müxalifət "liderləri" xalqın etimadını, səsini qazanmadıqlarını növbəti dəfə ört-basdır etməkdən ötrü əllərinə düşmüş "fürsətdən" istifadə etməyə səy göstərdilər. Onlar belə qənaətə gəlmişdilər ki, 2013-cü il seçki demarşında belə "siyasətin" yürüdülməsi yeni şans yarada bilər. Lakin onların səsləri, fikir və mülahizələri, təbii ki, özlərindən uzağa gedib çıxmadı. Beləliklə, normal düşüncəli cəmiyyət, sağlam təfəkkürlü ictimaiyyət üçün maraq kəsb etməyən bu kimi sui-istifadə davranışı növbəti dəfə fiaskoya uğradı. Sanki məsələdən teatr oyunu çıxarmaq istəyən "liderləri"n dramatik aktyorluq bacarıqları ən yaxşı halda sirk məzhəkəçiliyinə daha çox bənzədi.
Digər tərəfdən, Ə.Kərimlinin İ.Qəmbərin nəzarətində olan media qurumları növbəti "fürsətcillik" göstərərək, G.Əhmədova faktorunu özünküləşdirməyə, özləri tərəfə cəlb etməyə başladılar. Yəni, ittiham olunan tərəfin "məsumluğunu" müdafiə etməyə çalışdılar. Lakin qarşı tərəfin buna reaksiya verməməsi növbəti dəfə onların "siyasi" fürsətcilliklərinin yer almasına keçilməz baryer, sədd çəkdi. Nəticədə yenidən məcrasını dəyişməyə məcbur olan müxalifət yetkililləri şişirdilmiş "siyasətlərini" reallaşdırmadıqlarından sonra, birtərəfli qaydada əsassız ittihamlarla çıxış etməyə başladılar. Məgər bunun özü-özülüyündə "ənənəvi müxalifətin" hansı "siyasətə" xidmət etməyinin isbatı deyilmi?
Məhz bu xüsusda, ictimaiyyətə "ənənəvi müxalifət" kimi sırınmağa cəhdlər edən, lakin həmin cəhdlərində daim rəzillik və cılızlıq təsiri bağışlayan "liderləri"n şişirdilmiş "siyasətləri" imitasiyadan başqa heç bir obrazı canlandırmır. Belə müxalifətin isə iqtidara gəlmək şansı bütün hesablamalar çərçivəsində, əlbəttə ki, sıfıra bərabərdir.
"Səs" Analitik Qrupu