Azərbaycanın ortamüddətli dövr üçün makroiqtisadi inkişaf proqnozları Avropanın sosial meyaralarına çatmağa zəmin yaradır
"Azərbaycanda 2013-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 116 manat səviyyəsində nəzərdə tutulub. Növbəti ildə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün isə 93 manat səviyyəsində nəzərdə tutulub. "2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən, gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 93 manat məbləğində müəyyən olunacaq. Beləliklə, gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 10,7% artırılır.
Qeyd edək ki, ölkəmizdə yaşayış minimumunun və ehtiyac meyarının həddi bu ilin əvvəlində artırılıb. 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, ehtiyac meyarının həddi isə 84 manat məbləğində müəyyən olunub.
Göründüyü kimi, respublikamızda həyata keçirilən sosial siyasətin başlıca istiqamətləri davamlı olaraq ölkəmizin maliyyə imkanlarının artması fonunda bütün sosial kateqoriyaların əməkhaqqı, müavinət və təqaüdlərinin artırılmasından ibarətdir. Bu sosial siyasətin təntənəsi kimi son 8 ildə minimum əmək haqları, ehtiyac meyarı və yaşayış minimumunun məbləğinin hər il artırılması nəzərə çarpıb. Məsələn, 2004-cü ildə 25 manat təşkil edən yaşayış minimumunun həddi 2011-ci ildə 102 manata çatdırılıb. Gələn il bu göstərici 116 manata bərabər olacaq. Yaşayış minumumunun məbləğinin orta həddi 2004-cü ildə 25 manat, 2005-ci ildə 52 manat, 2006-cı ildə 58 manat, 2007-ci ildə 64 manat, 2008-ci ildə 70 manat, 2009-cu ildə 84 manat, 2010-cu ildə 87 manat, 2011-ci ildə 102 manat, 2012-ci ildə 108 manat təşkil edib. Beləliklə, ötən 8 il ərzində ölkə üzrə yaşayış minimumunun məbləği 4,4 dəfə artırılıb.
Son 8 ildə respublikamızda ehtiyac meyarının həddinin də davamlı olaraq artımı baş verib. Belə ki, ehtiyac meyarının məbləği 2004-cü ildə 5 manat, 2005-ci ildə 20 manat, 2006-cı ildə 30 manat, 2007-ci ildə 40 manat, 2008-ci ildə 55 manat, 2009-cu ildə 60 manat, 2010-cu ildə 65 manat, 2011-ci ildə 75 manat təşkil edib. 2012-ci ildən etibarən bu rəqəm 84 manat, gələn isə 93 manata bərabər olacaq. Göründüyü kimi, 2004-cü ildən indiyədək ehtiyac meyarının məbləği bir neçə dəfə artırılıb. Bununla yanaşı, 2004-2011-ci illər ərzində minimum əmək haqqını məbləği 17 dəfə artırılıb. 2004-cü ilin əvvəlllərində bu rəqəm 5,5 manat təşkil etdiyi halda hazırda 93,5 manata çatdırılıb.
Azərbaycan minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarının məbləğinə görə, MDB ölkələri arasında ən yaxşı göstəricilərdən birinə malikdir. Respublikamız qeyd olunan sosial göstəricilər üzrə Rusiya və Qazaxıstandan sonra 3-cü sırada yer tutur. Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri sosial sahədə inkişaf indikatorlarının Avropa Sosial Xartiyasnın tələblərinə çatdırmaqdan ibarətdir. Əsas sosial hədəflər ölkə üzrə ehtiyac meyarının yaşayış minimumuna çatdırmaqdır. Ortamüddətli dövr üçün makroiqtisadi inkişaf proqnozları Azərbaycanın bu sosial meyaralara çatmasına dərin zəmin yaratmış olur.
İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin birgə hazırladığı qarşıdakı 3 ilin sosial-iqtisadi inkişaf proqnozlarına görə, Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının həddinin əhəmiyyətli dərəcədə artırılacağı nəzərdə tutulur. Proqnozlara əsasən, 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 130 manata, 2014-cü ildə 138 manata, 2015-cü ildə 146 manatadək artırılması reallaşacaq. Həmçinin, yaşayış minimumunun pensiyaçılar üçün 2013-cü ildə 101 manata, 2014-cü ildə 107 manata, 2015-cü ildə 114 manata, uşaqlar üçün 2013-cü ildə 99 manata, 2014-cü ildə 106 manata, 2015-cü ildə 112 manatadək artırılacağı proqnozlaşdırılır. Qeyd olunan ortamüddətli dövr üzrə proqnoz göstəricilərində minimum əməkhaqqının məbləğinin artırılması da öz əksini tapıb. Minimum əməkhaqqının 2012-ci ildə 93,5 manat, 2013-cü ildə 120,2 manata, 2014-cü ildə 127,7 manata, 2015-ci ildə 140 manata çatdırılacağı nəzərdə tutulur. Yeri gəlmişkən, qeyd olunan dövrdə sosial müavinətlərin, doktorant və tələbələrin təqaüdlərinin də artırılması proqnozlaşdırılır.
Ümumiyyətlə, insanların daha yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib. Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 10 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox əməkhaqqı və pensiyaların artım dinamikasında hiss olunur. Belə ki, 2001-2012-cu illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 4,3 milyard manatdan 27 milyard manata qədər artıb. Bu, altı dəfədən çox artım deməkdir. Orta pensiya və aylıq əməkhaqları isə dörd dəfədən çox artıb. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib.
Göründüyü kimi, əhalinin gəlirləri,aylıq əməkhaqqı və pensiya üzrə artım templəri dinamik xarakter daşıyır. Bu faktor makroiqtisadi sabitlik, sosial inkişaf baxımından mühüm nəticələr kimi səciyyələndirilə bilər. Sosial siyasətin uğurla həyata keçirilməsi insanların aylıq gəlirlərinin, əməkhaqlarının artmasına öz mühüm təsirlərini göstərməkdədir. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısı sosial siyasətlə iqtisadi siyasətin vəhdətini elə bir çevik tərzdə tənzimləyir ki, bu, "zəngin dövlət, varlı vətəndaş" prinsiplərinə gətirib çıxarmaqdadır. Nəzərə alsaq ki, yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin ilkin nəticələri çox ümidverici olub, onda yaxın illərdə bu istiqamətdə daha pozitiv nəticələr gözləməyə dəyər.
2012-ci ilə və qarşıdakı illərə dair sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək. Ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığı və nəzərdə tutulan digər hədəflərə tam çatmağa imkan verəcək. Bu illər ərzində Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər geniş miqyas alacaq. Minimum əməkhaqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siaysətin əsas məqsədləri olacaq.
"Səs" Analitik Qrupu