PDF Oxu

Araşdırma

  • 1 151

YAP və milli-mənəvi dəyərlərimizin vəhdəti

YAP və milli-mənəvi dəyərlərimizin vəhdəti

Ümumiyyətlə, humanitar elmlərdə, xüsuilə, fəlsəfədə milli-mənəvi dəyərlər və onun funksional mahiyyəti ilə əlaqədar olaraq çox ciddi fikirlər mövcuddur. Məhz 1950- ci illərdən başlayaraq bu sahədə ciddi elmi ədəbiyyat yaranmağa başlamışdır. Məhz milli-mənəvi dəyərlər insanın şüurlu bir varlıq olaraq həyatı anlaması və gələcəyinə yön verməsi baxımından əhəmiyyətli bir fenomendir. Canlı varlıqlar arasında insan malik olduğu milli-mənəvi dəyərlər nəticəsində rasional bir tərzdə həyatını qiymətləndirir. Bu mənada, milli-mənəvi dəyərlər kontekstində insan keçmişini, indisini və gələcəyini düşünərək qərarlar verir.

Siyasi mənada hər hansı partiyanın aid olduğu xalqın milli-mənəvi dəyərlərini təbliğ və təşviq etməsi isə siyasi funksionallıq baxımından son dərəcə əhəmiyyətli məsələlərdəndir. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının 20 illik tarixinə nəzər saldıqda onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiqliyini və təbliği baxımından isə çox işlər gördüyünün şahidi oluruq. Bu mövzunu bir neçə aspektdən təhli etmək mümkündür. Mən bu qısa məqalə çərçivəsində bir neçə nümunə və arqumentlər ilə məsələni analiz etməyə səy göstərəcəm.

İlkin olaraq Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərın mahiyyəti və funksionallığı baxımından ifadə etdiyi bir neçə fikir aktuallıq kəsb etməkdədir. " Mən fəxr edirəm ki, Azərbaycanlıyam"- deyən Ulu Öndər bütün həyatı boyu milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmuşdur. Hələ sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix - diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərancam imzalamışdır. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin aşağıda qeyd edəcəyimiz ifadələri, milli-mənəvi dəyərlərimizin mahiyyəti və din-dövlət münasibətlərinin stratejik funksionallığı baxımından da son dərəcə əhəmiyyətli mətləbləri özündə ehtiva etməkdədir:" Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımıyla insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərdən ayrı düşünmürük. Ancaq dövlət-din münasibətləri şəffaf, başadüşülən olmalıdır. Azərbaycan dövlətinin qanunları Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olmalıdır. Dindən siyasi proseslərdə istifadə olunma cəhdlərinə qarşı ciddi mübarizə edilməlidir. Din siyasi və ideoloji mübarizələrdən kənarda qalmalıdır. Din hər bir insanın fərdi- mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır".

Mövzu ilə bağlı olması baxımından oktyabr ayının əvvəlində Təhsil Nazirliyinin qarşısında təxribat xarakterli keçirilən ``hicab aksiyası`` barədə YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədovun söylədiyi fikirlər də bu kontekstdə analşılmalıdır. Məhz bu ifadələr YAP-ın milli-mənəvi dəyərlərimizə hansı rakursdan yanaşdığını da göstərməkdədir: "Qadının mənəviyyatı onun başındakı hicabla müəyyənləşmir. Bunu edən insanlar onu etməyə kim tərəfindən təhrik olunmasına baxmayaraq, cahil insanlardır, XXI əsrdə özlərinə yer tapa bilməyən insanlardır. Biz xurafata, cahilliyə aparan təbliğatların qarşısına Azərbaycanı müasirləşdirən və gələcəyə aparan təbliğatı qoymalıyıq. Əxlaq, mənəviyyatı təkcə başı bağlamaqla əldə etmək olmaz".

Digər cəhətdən bir neçə gün əvvəl YAP Qadınlar Şurası tərəfindən partiyanın 20 illiyinə həsr olunmuş toplantının keçirilməsi də milli-mənəvi dəyərlərin funksionallığı baxımından YAP-ın gender siyasətinin əsas məqamlarından biri kimi başa düşmək olar. Məhz modern dövrdə, xüsusilə müstəqil dövlət quruculuğunda qadının cəmiyyətdəki rolu və funksiyası günbəgün artmaqdadır. Yeni Azərbaycan Partiyası tərəfindən gender siyasəti istiqamətində keçirilən bu tədbirlər milli-mənəvi dəyərlərimizin cəmiyyətdə daha da geniş yayılması baxımından çox əhəmiyyətlidir.

Ümumiyyətlə isə, "Səs" qəzeti, 6 noyabr 1992-ci ildə Heydər Əliyevin ``Yeni, Müstəqil Azərbaycan Uğrunda``(Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı) tarixi yazısını milli-mənəvi dəyərlərimizin anlaşılması və tətbiq olunması baxımından əhəmiyyətli strateji mətn olaraq hesab etmək olar. Ümummilli Lider tarixi yazısında Azərbaycanda yaşayan hər bir vətəndaşın milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, demokratik azadlıqlara və hüquqlara malik olmasını vurğulayaraq Azərbaycanın onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olduğunu qeyd etməkdədir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevə görə yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub-saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.

Yeri gəlmişkən Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, onun strateji siyasətinin layiqli icraçısı Cənab Prezident İlham Əliyevın də milli-mənəvi dəyərlərin təbliği və tətbiqi sahəsində göstərdiyi fəaliyyətləri qeyd etməliyəm. Bu mövzu ilə bağlı çöx nümunə və arqument gətirmək olar. Mövzunu uzatmamaq və lakonik şəkildə ifadə etmək üçün deyə bilərəm ki, məhz bu sahəyə dövlət başçımız hər zaman öz ciddi qayğısını göstərməklə lazımi tədbirlərin həyata keçirilməsinə müvəffəq olmaqdadır. Belə ki, ən son olaraq nümunə və arqument olması baxımından məşhur xalq qəhrəmanımız Koroğlunun Bakının mərkəzi yerlərindən birində heykəlinin qoyulması söylədiklərimizə istinad təşkil edə bilər. Heykəlin açılış mərasimində cənab Prezident İlham Əliyevin söylədiyi nitq milli-mənəvi dəyərlərimizin strateji təhlili baxımından son dərəcə əhəmiyyətli bir çıxışdır: "Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır. Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir...Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq".

Nəticədə, Cənab Prezidentin bu və ya digər tədbirlərdəki milli-mənəvi dəyərlərimizin təbliği və təbiqi sahəsindəki çıxışları, eyni zamanda, Sədri olduğu Yeni Azərbaycan Partiyasının da siyasi-mədəni kursunu müəyyən etməkdədir. Məhz bu istiqamətdə Yeni Azərbaycan Partiyası 20 illik siyasi kariyerasında Azərbaycanın milli-mənəvi dəyərlərini qlobal inteqrasiya prosesində yaymaqla cəmiyyətdə partiya olaraq öz funksionallığını da təsdiq etmişdir.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər