2-ci yazı
ABŞ-da siyasi partiyaların əsası dövlətin yarandığı ilk illərdə, XVIII əsrin sonlarında qoyulub. Bu gün ABŞ-da siyasi proseslərin əsas iştirakçıları 18-ci yüzillikdəki sələflərinin varisləri olan Demokratlar və Respublikaçılar partiyalarıdır.
Niyə məhz bu iki partiya?
Maraqlıdır ki, çox nadir hallar istisna olmaqla, məhz bu iki partiyanın nümayəndələri prezidentliyə, Konqresə, qubernatorluğa və ştatların qanunvericilik orqanlarına seçilirlər. 1852-ci ildən başlayaraq ölkə prezidenti ya respublikaçılardan, ya da demokratlardan seçilir. İkinci Dünya müharibəsindən bu yana yalnız bu əsas iki partiyanın nümayəndələrinə verilən səslər bütövlükdə 95 faiz təşkil edir. Çox nadir hallar olub ki, 50 ştatın hər hansı birinə ya respublikaçılardan, ya da demokratlardan olmayan namizəd qubernator seçilsin. Digər bir diqqətçəkən məqam ondan ibarətdir ki, bu günə qədər respublikaçılardan 18, demokratlardan isə 16 nəfər prezident kürsüsündə oturub.
Doğrudur, bu iki aparıcı partiyadan başqa Amerikada digər kiçik partiyalar, o cümlədən, Kommunist Partiyası da fəaliyyət göstərir, lakin onların heç biri geniş dəstəyə malik olmadıqları üçün prezident seçkilərində qalib gələ bilmirlər. Amerikalıların yarıdan çoxu siyasi səhnənin iki partiya tərəfindən inhisara alınmasından gileylənir və üçüncü partiyaya ehtiyac olduğunu deyirlər. 2000-ci ildə keçirilən prezident seçkilərindən sonra "Gellap" sorğularından biri müəyyən etmişdir ki, amerikalıların 67 faizi həm prezident seçkilərində, həm də eyni şəkildə Konqresə və ştatların idarəetmə orqanlarına seçkilərdə Demokratlar və Respublikaçılar partiyaları kimi öz namizədlərini irəli sürən üçüncü bir güclü partiyanın yaradılması ideyasını dəstəkləyirlər.
Gizli sövdələşmə
Hər iki partiyanın istər daxili, istərsə də xarici siyasətindəki bir çox məqamların və maraqların üst-üstə düşməsi demokratlar və respublikaçılar arasındakı bir gizli sövdələşmənin olması şübhəsini yaradır.
ABŞ xarici siyasətində hər iki siyasi partiya arasındakı gizli "həmrəylik" onların ABŞ-ın daxili siyasətinin bir çox aspektlərinə yanaşmalarına da aiddir. Belə ki, Amerikada ölüm hökmünün ləğvinin baş tutmaması, sağlamlıqla bağlı sığortalama siyasətinin həyata keçirilməməsi və bir çox məsələlərdə də bu partiyalar "əlbir fəaliyyət" göstərirlər.
ABŞ hərbi qüvvələrinin İraqa və Əfqanıstana təcavüzü həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənib. Buş hakimiyyətinin İraqla bağlı siyasətinə, xüsusilə, beynəlxalq hüquq normalarını pozaraq İraqa hərbi müdaxilənin edilməsi zamanı demokratların çox az bir hissəsi öz narahatlığını bildirib. Əksər demokratlar isə bunu dəstəklədilər. ABŞ-ın Əfqanıstana təcavüzü də eyni şəkildə həm respublikaçılar, həm də demokratlar tərəfindən dəstəklənib. Bu partiyaların hər ikisi Əfqanıstana çox geniş miqyaslı hərbi kontingentin göndərilməsi və ölkənin nəzarətə alınması üçün genişmiqyaslı bombardmandan istifadə edilməsinə narahatçılıq keçirməyiblər.
Dünyanı özünə uyğunlaşdırmaq cəhdi
ABŞ siyasi həyatının aparıcı partiyaları olan bu iki partiyanın enerji siyasəti ilə bağlı yanaşmalarının da üst-üstə düşməsi təsadüfi deyildir, çünki ABŞ xarici siyasətinin əsas prioritetlərindən biri də məhz enerji təhlükəsizliyi və Amerika şirkətlərinin maraqlarının qorunmasıdır. Yüksək kapitala arxalanan və onların vasitəsilə maliyyələşən həm Respublikaçılar, həm də Demokratlar, əslində, ABŞ xarici siyasətinin əsas prioritetlərinin, yəni enerji təhlükəsizliyinin təminatında və ABŞ şirkətlərinin maraqlarının qorunmasında birbaşa maraqlıdırlar. Açıq etiraf edilməsə də, hər iki partiyanın konkret fəaliyyəti bunu deməyə əsas verir ki, onlar ABŞ-ın ən güclü dövlət kimi dünyanı özünə uyğun formada dəyişdirmə cəhdini dəstəkləyirlər və belə bir hüququn ABŞ-a verilib - verilməməsinin fərqinə belə varmırlar.
Bir sözlə, kimin hakimiyyətə gəlməsinə baxmayaraq, ABŞ-İraq və ya ABŞ-Əfqanıstan müharibələri, "Ərəb baharı" labüd idi və həm demokratların, həm də respublikaçıların dəstəklədiyi xarici siyasətin nəticəsidir. Bu siyasət isə imperialist mahiyyətli ABŞ dövlət maşını və yaxud başqa deyimlə dərin dövlət tərəfindən hazırlanır və hakimiyyətdə kimin olmasından asılı olmayaraq yerinə yetirilir. ABŞ siyasətinin tədqiqatçısı Mişel Çossudovskinin sözləri ilə desək, "Yeni Dünya Nizamı adı altında Dövlət Departamentində, Pentaqonda və Mərkəzi Kəşfiyyat İdarəsində hərbi planları hazırlayanlar xarici siyasətə həmlə edirlər. Onlar təkcə NATO ilə bağlı deyildirlər, həmçinin, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatının əməkdaşları ilə də əlaqələr saxlayırlar. Öz növbəsində, Vaşinqtonda yerləşən beynəlxalq maliyyə bürokratiyası öldürücü "iqtisadi terapiyanı" Üçüncü Dünya ölkələrinə sırıdığına görə məsuliyyət daşıyırlar" .
Bir məqamı da xatırladaq ki, ABŞ-da Respublikaçılar partiyasının bütün seçkiqabağı fondlarının təqribən 40 faizini, Demokratlar partiyasının fondlarının təqribən 60 faizini sionistlərin kapitalı təşkil edir.
Cabir