Artıq hər kəs üçün adi kateqoriyaya çevrilmiş "Ərəb baharı" prosesi çərçivəsində geosiyasi oyunlar hələ də davam etdirilməkdədir. Şimali Afrikanın və Yaxın Şərqin böyük münaqişə ocağına çevrilməsini istəyən maraqlı qlobal aktorların Tunisdə, Misirdə, Liviyada, Yəməndə proqnozlaşdırılan nəticələri reallığa çevirməsinə baxmayaraq, Suriya məsələsində müəammalı gözləmə məqamı tutublar. Aydındır ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Şimali Afrikada pay bölgüsünü bir neçə gün ərzində həll etmiş qlobal aktorlar Suriya nöqtəsində qəniməti deyil, məsuliyyəti paylaşmağı düşünürlər. Çünki Suriya həm Yaxın Şərq regionunun konyukturasının dəyişməsinin, həm də İranın tabutunun qurulmasının son mismarıdır. Amma Suriya məsələsi ətrafında İran-Rusiya-Çin üçbucağının Qərb dünyasına qarşı durması maraqlı dövlətlər arasındakı geosiyasi və geoiqtisadi bazarlaşmanı şərtləndirib. Yaxın Şərqin gələcəyinin hansı düşərgənin qərarlarından asılı olması problemi bütün tərəfləri narahat etdiyindən gizli diplomatiyaya və savaşa start verilib.
Rusiya üçün Suriya və İran Yaxın və Orta Şərq regionundakı siyasi-hərbi mövcudluğunu qoruyub saxlamaq, qlobal proseslərə təsir etmək imkanıdır. Çin üçünsə, bu, ucuz və keyfiyyətli yanacaq deməkdir. Yəni, anlaşılan odur ki, qlobal təsir imkanları olan hər iki aktor strateji maraqları naminə Suriya, dolayısı ilə İranı müdafiə etmək məcburiyyətindədir. Ona görə də, Rusiya və Çinin bütün cəhdləri nəticəsində İran vasitəsilə Bəşər Əsəd sürətli şəkildə silahlandırılır, həmçinin, Suriya ətrafında qərar tutmuş dövlətlərin ərazisində fəaliyyət göstərən ayrı-ayrı terrorçu və silahlı qruplaşmalar hərəkətə gətirilir. Eyni zamanda, İran dini-ideoloji təsir vasitələrindən istifadə etməklə, Suriya daxilindəki vəziyyəti diqqətdən yayındırmaq üçün ətrafdakı islam dövlətlərinə ara-sıra baş ağrıları da yaşadır. Görünən odur ki, Suriya ətrafında su həddindən artıq bulanıqdır və vəziyyət daha da kritikləşməyə doğru gedir. Belə bir vaxtda Yaxın və Orta Şərqin aparıcı aktorlarından olan Türkiyənin ortaya çıxması daha çox maraqlı görünür. Əlbəttə ki, rəsmi Ankara yerləşdiyi bölgədə baş verən proseslərə biganə qala bilməzdi, lakin onun Suriya üçün "Troya atı" kimi irəli sürülməsi başadüşülən deyil. Bu səbəbdəndir ki, Suriya ətrafında baş proseslərin başlanması ərəfəsində minlərlə qaçqının Türkiyə sərhədlərinə yığılması, onlar üçün sərhədyanı ərazilərdə düşərgələrin salınması, gündəlik tələbatların ödənilməsi üçün həddindən artıq yüksək vəsaitin qarşılıqsız xərclənməsi analitiklər tərəfindən təhlükəli oyunların başlanğıcı kimi qəbul edilməyə başlanıldı. Hətta Türkiyəyə məxsus qırıcı təyyarənin Suriya sərhədləri daxilində vurulması, onun şimalından PKK terrorçularının daha fəal şəkildə Türkiyə ərazisinə daxil olması və terror aktları törətməsi həmin məntiqin davamı kimi dəyərləndirilir. Sanki bilərəkdən müxtəlif provakasion tədbirlərlə Türkiyə Suriya bataqlığına çəkilir. Görünür, qlobal aktorların bu oyunları öz bəhrəsini verdi ki, TBMM Suriyaya girmək və hərbi əməliyyatlar həyata keçirmək haqqında qanunu təsdiqlədi. Təbii ki, Ankara belə bir qanunu məclisdə təsdiqlətməklə, gələcək hadisələrdən özünü sığortalamağa çalışacaq. Lakin belə bir vəziyyətdə otaya hər kəsin cavab axtardığı bir sual çıxır: Niyə məhz Türkiyə? İrəli sürülən ssenarilər əsasında təhlillər aparmaqla, Türkiyənin seçilməsinin səbəblərini aydınlaşdıra bilərik. Birincisi, Ankara Yaxın Şərq layihəsini reallaşdıran aktorlar tərəfindən 2003-cü il hadisələrinə görə, cəzalandırılır. Yəni həmin vaxt ABŞ və onun müttəfiqləri İraqa hərbi müdaxilə edərkən, Ankaranın İraqın Şimalını nəzarətə götürməyi təklif olunmuşdu. Hətta İraqda Amerika əsgərləri tərəfindən türk mehmetciklərin başına torbaların keçirilməsindən sonra belə AKP hökuməti zəif olduğundan TBMM-dən İraqa girmək üçün icazə ala bilməmişdi. Məhz bu hərəkətə görə də, bu günə qədər Türkiyə cəzalandırılır. Fikir yetirsək görərik ki, eyni ssenari yenidən oynanılır. Türkiyəyə qarşı yeni təxribatlar törədilir və Ankaranın münaqişəyə aktiv tərəf kimi qoşulması təmin edilir.
İkincisi, maraqlı aktorlar Suriya məsələsində hərbi və iqtisadi baxımından regionda lider olan Türkiyənin xidmətlərindən yararlanmaq, eyni zamanda, güclənən Türkiyəni İran-Rusiya-Çin uçbucağı ilə üz-üzə qoymaq istəyirlər. Çünki bəlli hadisələrdən sonra Türkiyə ilə İsrail arasında münasibətlərin soyuqlaşması ərəb dünyasında rəğbətlə qarşılandığından Ankaranın nüfuzu həm Afrikada, həm də Yaxın Şərdə getdikcə yüksəlirdi. Amma Türkiyənin bu qədər qüdrətlənməsi təbii hal olaraq, qlobal aktorlara sərf etmirdi. Ona görə də, Türkiyənin Suriya münaqişəsinə salınması ilə onun zəiflədilməsi həyata keçirilməli idi.
Üçüncüsü, dərinləşən münaqişə ilə yeni Yaxın Şərq layihəsinin reallığa çevrilməsi prosesinin sürətləndirilməsi nəzərdə tutulur. Belə ki, Suriya daxilində nə qədər çox qan tökülərsə, bir o qədər də daha çox insan Türkiyəyə qaçacaq. Onsuzda İraq müharibəsində bu ölkəni tərk etmiş 5 milyon insanın böyük bir hissəsi Türkiyədə məskunlaşmışdı. İndi də Suriyadan köçənlər Türkiyə ərazisində yerləşirlər. Təbii ki, bu da planlı şəkildə həyata keçirilən bir ssenaridir. Türkiyənin cənub vilayətlərinə köçürülən suriyalılar, iraqlılar arasında etnik mənsubiyyətinə görə fərqləndirilmələr aparılsa, onların böyük əksəriyyətinin kürd olacağı da gün kimi aydındır. Bununla da, aydınlaşır ki, dünyanı idarə edən mərkəzlərin Yeni Yaxın Şərq lahiyəsində yaradılması planlaşdırılan Kürdüstan üçün indidən əhali potensialı formalaşdırılır.
Əlbəttə ki, bu cür ssenarilər əsasında hadisələrin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirmək heç də çətin olmur. Amma istənilən versiyadan aydın şəkildə görürük ki, Suriya bataqlığı nəinki region üçün, hətta Türkiyə üçün yaxşı gələcək vəd etmir. İstənilən mövqedən yanaşıldıqda aydın şəkildə görürük ki, Suriya müharibəsində bütün məsuliyyət Bəşər Əsədin üzərinə qoyulduğu kimi, Ankaranın da boynuna yüklənilir. Artıq Suriya müharibəsində heç kəs kənar qüvvələri görmür. Burada yalnız Suriyaya hər zaman hərbi müdaxilə etməyə hazır olan Türkiyə diqqət mərkəzindədir. Ona görə də, Türkiyənin atacağı addımlar gələcək geosiyasi mənzərəni müəyyənləşdirməyə qadir olacaq. Çünki Suriya elə bir qaladır ki, onun dağılması Yaxın və Orta Şərqin geosiyasi dizaynını dəyişəcək, yeni dövlətlərin yaranma prosesini sürətləndirəcək...
"Səs" Analitik Qrupu