PDF Oxu

Araşdırma

  • 3 374

Yeni Azərbaycan Partiyası – 20

YAP Səbail rayon təşkilatında bütün işlər partiyanın Nizamnaməsi və İcra Katibliyinin övsiyələrinə uyğun həyata keçirilir

Yeni Azərbaycan Partiyası – 20

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Səbail rayon təşkilatıdır

Rayon təşkilatı yaranıb- 21 fevral 1993-cü il

Təşkilatın sədri – Zahid Qaralov

Təşkilat üzvlərinin sayı - 23463 nəfər

Qadınlar – 13223 nəfər

Gənclər – 15876 nəfər

Şura üzvləri – 135 nəfər

İdarə Heyətinin üzvləri – 36 nəfər

Nəzarət-Təftiş Qrupunun üzvləri – 9 nəfər

İlk təşkilatların sayı - 110

Ali təhsillilər – 11095 nəfər

Texniki təhsillilər – 6235 nəfər

Humanitar təhsillilər – 14110 nəfər

Akademiklər – 2 nəfər

AMEA-nın müxbir üzvləri – 2 nəfər

Elmlər doktoru- 122 nəfər

Fəlsəfə doktoru – 513 nəfər

Milli Məclisin deputatı – 12 nəfər

Bələdiyyə üzvü – 28 nəfər

Xalq artisti – 9 nəfər

Əməkdar artist – 30 nəfər

Əməkdar incəsənət xadimi – 5 nəfər

Tələbələr – 11803 nəfər

Rayon təşkilatının ünvanı: Bakı şəhəri, ak.Abasqulu Abaszadə keçidi 3A

Elektron ünvan: [email protected]

Telefonlar: 437 06 00, 437 06 03

Zahid Qaralov: Partiyamızın Nizamnaməsindəki müddəalar müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinə çevrildi

YAP Səbail rayon təşkilatı partiyanın ən böyük yerli strukturlarından biridir. YAP İdarə Heyətinin üzvü, professor Zahid Qaralov rayon təşkilatının sədridir. Xatırladaq ki, Z.Qaralov partiyanın yaranmasında fəal iştirak edən şəxslərdən biri, ötən əsrin 90-cı illərinin əvvəlində yaradılmış Heydər Əliyevin müdafiə komitəsinin sədri olub. O dövrün ağrılı-acılı günlərinin canlı şahidi olan Z.Qaralov bildirir ki, xalqı və ölkəni belə ağır vəziyyətdən yalnız böyük siyasi və dövlət xadimi Heydər Əliyev xilas edə bilərdi. Ona görə də, bir qrup ziyalı Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün iş aparmağa başladılar. Bu insanlar Ulu öndər Heydər Əliyevi partiya yaratmağa və dövlətə sahib çıxmağa, Azərbaycanı ağır vəziyyətdən xilas etməyə çağırırdılar. Xeyli təkiddən sonra böyük öndər partiya yaratmağa və ona rəhbərlik etməyə razılıq verdi. Azərbaycanın bütün rayonlarında, şəhərlərində təşəbbüs qrupları yarandı, xüsusilə insalar "91-lər"in məhşur müraciətini yüksək qiymətləndirdilər və bu çağırışın arxasınca getdilər. Beləliklə, 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. "Ulu öndər Heydər Əliyev tərəfindən partiyanın 6 maddədən ibarət nizamnaməsi hazırlanmışdı və bu nizamnamə təsis konfransında qəbul olundu. Həmin 6 maddədən ibarət olan nizamnamə müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinə çevrildi. O zaman 500 nəfərin yığışıb təsis etdiyi partiya indi ümumxalq partiyasına çevrilib. Heydər Əliyev belə ifadə etmişdi ki, bizim partiya Azərbaycana yeni siyasi mühit gətirməlidir, Azərbaycanı yeniləşdirməlidir. Bu siyasi təşkilatın Yeni Azərbaycan Partiyası adlandırılması təsadüfi deyildi. Çünki yeni respublika qurulmalı idi. O dövrdə ölkəmizin əraziləri işğal olunurdu, dərin iqtisadi-siyasi böhran mövcud idi. Belə bir şəraitdə dövlətə sahib çıxmaq, xalqın çağırışına cavab vermək hər insanın bacaracağı iş deyildi. Bu məsuliyyəti Ulu öndər Heydər Əliyev öz üzərinə götürdü. Sabitlik təmin olundu, daha sonra iqtisadi inkişaf başladı. Xalqın inamı, Heydər Əliyevin iradəsi, təcrübəsi və müdrikliyi idi ki, yarandıqdan 6 ay sonra YAP hakim partiyaya çevrildi. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə partiyamız uğurla inkişaf edir"- deyə, təşkilat sədri qeyd edir.

Bakının mərkəzində yerləşməyimiz işimizin məsuliyyətini artırır

Azərbaycanda hər sahə üzrə yeniləşmənin müşahidə olunduğunu deyən Z.Qaralovun sözlərinə görə, elə bir sahə qalmayıb ki, orada mütərəqqilik, müasirlik, demokratik prinsiplər öz təsdiqini tapmasın: "Səbail rayonu da bu prosesin içərisində fəal iştirak edir. Bakı Azərbaycanın mərkəzidirsə, Səbail rayonu da Bakının mərkəzi hesab olunur. Təkcə mərkəzdə yerləşdiyinə görə yox, bütün aparıcı administrativ orqanlar bu rayonda yerləşir. Ona görə də, bizim rayon təşkilatının işi digərlərindən çətin və məsuliyyətlidir".

Xatırladaq ki, YAP Səbail rayon təşkilatı 21 fevral 1993-cü ildə yaradılıb və ilk vaxtlarda təşkilat Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda yerləşib. Sonra təşkilat ayrıca qərargahla təmin olunub. İki ildir ki, rayon təşkilatı yeni inşa olunmuş binada fəaliyyət göstərir. Yeni qərargahda bütün imkanların olduğunu deyən Z.Qaralov hazırda partiyanın 20 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyini bildirib.

Təşkilatda "Biz Heydər Əliyevin elmi irsini öyrənik" məktəbi fəaliyyət göstərir

"İş sistemimizi də partiyanın prinsipləri əsasında qurmuşuq. Hər ilin əvvəlində bütün məsələləri əhatə edən iş planı hazırlayırıq. Bu plan təşkilatın İdarə Heyətində, rayon Şurasında müzakirə olunaraq qəbul edilir. Digər qurumlar bunun əsasında öz işlərini qururlar. Təşkilatın ana xətti əhali arasında təbliğat-təşviqat işinin təşkilidir. İkinci istiqamət ilk partiya təşkilatları ilə iş aparmaq, üçüncü istiqamət yeniyetmə və bitərəf gənclərlə işdir. O cümlədən, "Biz Heydər Əliyevin elmi irsini öyrənik" adlı məktəb yaratmışıq ki, üçüncü ildir fəaliyyət göstərir. Ölkəmizin nüfuzlu elm xadimləri, "91-lər hərəkatı"nın üzvləri, partiynın yaranmasında xidmətləri olan insanlar burada gənclər üçün mühazirələr oxuyurlar. Gənclər böyük həvəslə bu məktəbə gəlirlər. Biz noyabrın 7-də məktəbin ikinci buraxılışının diplomlarını vermişik. Ümumiyyətlə, gənclərlə fəal iş aparılır. Məqsəd odur ki, rayon gəncləri diqqətdən kənar qalmasın. Bütün bunların nəticəsidir ki, 23 min 463 nəfərdən ibarət olan təşkilat üzvlərinin 63 faizi gənclərdən ibarətdir. Qeyd edim ki, bu ilin ötən dövrü ərzində təşkilata 455 nəfər üzv qəbul olunub ki, onların 221 nəfər qadın, 349 nəfəri isə gəncdir. Təşkilatda vacib işlərimizdən biri də uçot qeydiyyatıdır. 20 il ərzində partiyamızın üzvlərinin sayı 600 min nəfərə yaxınlaşıb ki, onların da təxminən 50 min nəfəri Səbail rayon təşkilatında üzvlüyə qəbul edilib. Amma üzvlərin bir hissəsi iş yerini və ya yaşayır yerini dəyişməsi ilə əlaqədər onlar müvafiq rayonun partiya təşkilatının uçotuna verilib"- deyə, Z.Qaralov bildirib.

Seçki ilində iş planı daha gərgin və məsuliyyətli olacaq

Rayon təşkilatının digər fəaliyyət istiqamətləri də rayonun büdcədən maliyyələşən orqanları ilə, mərkəzi rəhbər orqanlarla əlaqələrin qurulmasıdır. Təşkilat partiya tədbirlərinin təşkili, təsərrüfat-maliyyə işi və özəl müəssisələrlə iş, qadınlar və YAP-çı gənclərlə iş, veteranlarla iş məsələlərinə xüsusi diqqət yetirir. Eləcə də, əlamətdar günlərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Z.Qaralov deyir ki, bu işlər sədr müavinləri və İdarə Heyətinin üzvləri arasında bölünüb. Onlar hər 2-3 aydan bir gördükləri işlər barədə İdarə Heyətinə məlumat verirlər. "Bütün işlərimiz partiyanın Nizamnaməsi, partiyanın mərkəzi aparatının tövsiyələrinə uyğun həyata keçirilir. Amma hesab edirəm ki, qarşıdan gələn 2013-cü ilin iş planımız daha gərgin və məsuliyyətli olacaq. Çünki gələn il seçki ilidir. Bizim öz yolumuz var ki, seçkilərdə YAP bir daha böyük qələbə qazansın. Biz bu məqsəd üçün mübarizə aparacağıq"- deyə, Z.Qaralov vurğulayıb.

Yeri gəlmişkən, YAP Səbail rayon təşkilatı sədrinin 6 müavini var: Afət Xanbabayeva, Muxtar Nağıyev, Əhliman Qarayev, Arzuman Muradlı, Xalidə Bayramova və Mehman İsmayılov.

Onu da qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov həm də YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvüdür. O rayon təşkilatının işində fəallığı ilə seçilir.

Afət Xanbabayeva: Ölkəmizin çətin dövründə yaranan partiyamızın qiyməti çox böyükdür

YAP-ın ötən illər ərzində böyük yol keçdiyini deyən sədr müavini Afət Xanbabayeva partiyanın çox çətin bir zamanda yarandığını bildirib. Onun sözlərinə görə, belə bir partiyanın dövlətimiz üçün qiyməti çox böyükdür: "1990-cı illərin əvvəlində ölkəmizdə anarxiya o qədər dərin idi ki, belə vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilərdi. O zamanlar atam Əjdər Xanbabayev Ulu öndərimizin Moskvadan Bakıya qayıtmasına çalışırdı. Amma onu 1990-cı ilin iyun ayında qətlə yetirməklə Heydər Əliyevin Bakıya gəlməsinin müəyyən müddətə qarşısını aldılar. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra cəbhədə atəşkəs elan olundu, çörək növbələri ləğv edildi, vətəndaş qırğınının qarşısı alındı. Bu gün isə ölkəmizdə əminamanlıqdı. Mən partiyamızın 20 illik yubileyi münasibətilə hamını təbrik edirəm".

Arzuman Muradlı: Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənməkdədir

Təşkilat sədrinin digər müavini Arzuman Muradlı partiyanın yaranma tarixinə nəzər salaraq o dövrdə ölkəmizin və xalqımızın çətin sınaqlarla üz-üzə qaldığını bildirib. Onun sözlərinə görə, xalqımız problemlərdən çıxış yolunu yalnız Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də ölkəmizin ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu öndərimizə müraciət etdilər. A.Muradlı qeyd edib ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi və partiyanın Sədri Heydər Əliyevin sayəsində Azərbaycan üzləşdiyi bütün problemlərdən xilas oldu. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: "Sıraların¬da 600 min nəfərə yaxın insanın birləşdiyi¬ Yeni Azərbaycan¬ Partiyası bu il özünün 20 illik yubileyini¬ qeyd edir. Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir". Sədr müavini bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənməkdədir.

YAP Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov da YAP-ın tarixi zərurətdən yarandığını bildirib. O qeyd edib ki, Azərbaycanın ağır bir dövründə yaranan partiyaya xalq ümidlə baxırdı. Çünki bu partiyanın qurucusu böyük dövlət xadimi Heydər Əliyev idi. "Bu gün YAP fəaliyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. Hamımız bu ideyalara sadiq olmalıyıq, bütün idarə və müəssisələrdə partiya işinə diqqətlə yanaşılmalıdır"- deyə, R.Vahabov vurğulayıb.

YAP Səbail rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Səbuhi Gülməmmədov isə deyir ki, 9 nəfərdən ibarət qrup fəaliyyətini partiyanın nizamnaməsi əsasında qurub. Onun sözlərinə görə, partiyaya qəbul, üzvlük haqlarının toplanması, ərizə-müraciətlərin araşdırılması və s. yönündə daim iş aparılır. Bütün fəaliyyət haqqında NTQ-nin arayışları təşkilatın İdarə Heyətinə təqdim edilir.

YAP sıralarına qəbu məsələlərinə xüsusi diqqət yetirilir

Təşkilatın aparat rəhbəri Həsən Tağıyev də uzun müddətdir ki, bu vəzifədə çalışır. Və aparat işlərinin öhdəsindən lazımi səviyyədə gəlir. Gündəlik fəaliyyət haqqında məlumat verən H.Tağıyev deyir ki, aparatda ümumilikdə 10 nəfər çalışır. Burada əsas iş ilk təşkilatlarla qurulub. Çünki partiyanın özəyini ilk təşkilatlar təşkil edir. Ona görə də, hər bir təlimatçı 20-23 ilk təşkilatı kurasiya edir. "Eyni zamanda, Partiya uçotunun aparılması, İdarə Heyətinin iclaslarıınn təşkil edilməsi, müraciətlərə baxılması işləri ilə məşğul oluruq. İlk təşkilatlarda partiyaya qəbul məsələlərini xüsusi diqqət mərkəzində saxlayırıq. Çünki bu məsələdə səhvə yol vermək olmaz. Üzvlük haqlarının toplanması da fəaliyyətimizin bir hissəsidir. Ümumiyyətlə, gördüyümüz işlər haqqında ildə iki dəfə partiyanın İcra Katibliyinə hesabat veririk"- deyə, aparat rəhbəri qeyd edib.

Qadınlar Şurası gənc nəslin təlim-tərbiyəsinə böyük önəm verir

YAP Səbail rayon təşkilatının Qadınlar Şurası da öz işini günün tələbləri səviyyəsində qurub. Şuraya 1999-cu ildən professor Nubar Muxtarova rəhbərlik edir. N.Muxtarova deyir ki, 1993-cü ildə 140 nəfər qadın olubsa, hazırda bu rəqəm 13 min 223 səviyəsindədir. Qadınların əsasən ziyalılardan ibarət olduğunu deyən N.Muxtarovanın sözlərinə görə, onlar gənc nəslin təlim-tərbiyəsinə böyük önəm verirlər. Ona görə də, bu istiqamətdə fəal iş aparılır. Digər tərəfdən, Qadınlar Şurası iş planında nəzərdə tutulan tədbirləri həyata keçirirlər.

Gənclər Birliyi fəal təbliğat işi aparır

YAP Səbail rayon təşkilatının sədr müavini, təşkilatın Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov isə bildirir ki, gənclərlə hərtərəfli iş aparılır. Onun sözlərinə görə, hazırda rayon təşkilatında gənclərin sayı 15 min 876 nəfərdir. Ənənəvi tədbirləri həmişə reallaşdırdıqlarını deyən M.İsmayılov bundan əlavə, gənclərlə mütəmadi olaraq təmas qurduqlarını qeyd edir. "Təkcə YAP üzvü olan gənclərlə deyil bitərəflərlədə fəal təmasda olmağa çalışırıq. Onlara müxtəlif layihələr çərçivəsində dövlətin və partiyamızın siyasətinin uğurlarını təbliğ edirik. Bu da həmin gənclərdə düzgün təsəvvürlərin formalaşmasında vacib rol oynayır. Eyni zamanda, gənclərin partiyamıza maraq və meyillərinin öyrənilməsi üzrə sorğular keçiririk" - Gənclər Birliyinin sədr müavini deyir. M.İsmayılov həmçinin qeyd edib ki, bu çərçivədə yaradılan "Siyasi maarifçilik" İctimai Birliyi də müxtəlif istiqamətlər üzrə gənclərin maarifləndirilməsi işi ilə məşğul olur. Onların sırasına norkomaniyaya qarşı mübarizə, sosial şəbəkələrdə Azərbaycanın uğurlarının təbliğ olunması, Qarabağ həqiqətlərinin təbliği və s. məsələlər daxildir. Bu məqsədlə də broşürlər, bukletlər də nəşr edilərək gənclər arasında paylanılır.

Qeyd edək ki, YAP Səbail rayon təşkilatının yeni qərargahı maddi-texniki cəhətdən yüksək səviyyədə təmin olunub. Bu da təşkilatın aparatının daha da məhsuldar işləməsinə stimul verən əsas amillərdən biridir.

yap.org.az

Digər xəbərlər