Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Ümummilli lider Heydər Əliyevin siyasi kursu ətrafında sıx birləşərək Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, demokratik, hüquqi və dünyəvi dövlət qurulmasında əhəmiyyətli rol oynayıb. YAP - 20 il ərzində Azərbaycanı uğurlu gələcəyə aparan, öz xalqına sədaqətlə xidmət edən, zəngin, şərəfli bir tarix yaşayan və davamlı inkişaf yolu keçən, xalqın böyük hissəsinin rəğbətini, inamını qazanan bir partiyadır.
Ölkəmizin ən ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaranan Yeni Azərbaycan Partiyasının adı respublikamızda dövlətçiliyin qorunması, sabitliyin və demokratik prinsiplərin bərqərar edilməsi kimi mühüm sayılan dəyərlərlə eyni pillədə dayanır. Yəni Azərbaycanın həm beynəlxalq arenada, həm də daxili siyasətdə əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqəlidir. Bu gün də partiya öz üzərinə götürdüyü missiyanı şərəflə, ləyaqətlə yerinə yetirməkdədir.
YAP ölkəmizin aparıcı, siyasi təşkilatı olmaqla müstəqil Azərbaycanın inkişafına, qüdrətlənməsinə, azad, demokratik dövlətə çevrilməsinə, vətəndaş həmrəyliyinin yaradılmasına, xalqımızın milli maraqlarına xidmət edən ümumxalq partiyasıdır.
Ulu Öndərin rəhbərliyi ilə yaradılmış və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi bu siyasi təşkilatın həyatında yeni bir mərhələnin əsasını qoyub. Belə ki, Heydər Əliyev ideyaları əsasında yaranan partiya bu gün hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında daha da genişlənir, möhkəmlənir, inkişaf edir və ölkənin ümdə problemlərinin həlli üçün nüfuz dairəsini artırır.
Azərbaycan müstəqillik qazandıqdan sonra YAP-ın siyasi nüfuzu sayəsində ölkədə sabitlik yarandıqca, dövlət quruculuğu gücləndikcə, inkişaf üçün gərəkli olan digər məqamlar da ön sıraya çıxmağa başlamışdır. Ölkənin siyasi kursunu müəyyənləşdirən bu partiya Ulu Öndərin rəhbərliyi altında dövlət quruculuğu sahəsində effektli irəliləyişə nail olunması üçün idarəçilik qurumlarının mütəşəkkil fəaliyyət dairəsinin bərqərar edilməsi istiqamətində uzunmüddətli strategiya qurmuşdur.
Respublikada aydın, birmənalı ekoloji siyasət yürüdülməsi və bunun üçün müvafiq institusional dəyişiklik aparılması üçün Ulu Öndərimiz Heydər Əliyevin Sərəncamı ilə 23 may 2001-ci il tarixdə SSRİ dövründən qalmış bir neçə qurum ləğv olunaraq onların əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənmiş, ölkə iqtisadiyyatında yüksək templə irəliləyişə nail olunmuş, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində də çox mühüm işlər görülmüşdür.
Bu gün də Ümummilli liderimiz, YAP-ın qurucusu Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün bu istiqamətdə vaxtilə başlanılmış işlər davam etdirilir, yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır.
YAP-ın yaradıcısı Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə onun qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilmiş, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və Dövlət Proqramı təsdiq edilərək icrasına başlanılmış, respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş, milli parklar yaradılmış, ətraf mühitin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi Ümummilli liderin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. 23 may tarixinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə Sərəncam ölkə başçısının bir daha ətraf mühit sahəsinə olan diqqətinin nəticəsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu ekoloji siyasət nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə daxil olan meşələrin, su hövzələrində bioloji resursların mühafizəsi və artırılması, ətraf mühitin mühafizəsi və monitorinqi, hidrometeorologiya, geologiya sahələrində də böyük işlər görülmüş və hazırda da uğurla davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi bu sahənin prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 20 illiyi ərəfəsində Samur-Yalama Milli Parkını yaratmaqla bir daha ekologiyaya, ətraf mühitin mühafizəsinə və təbiətimizə olan diqqət və qayğısını nümayiş etdirdi.
Qeyd edək ki, Samur-Yalama Milli Parkının yaradılması ilə ölkədə təsis olunmuş Milli Parkların sayı 9 oldu.
Möhtərəm Prezidentimizin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi Azərbaycanın sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır. Əminliklə deyə bilərik ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlar qazanacağıq.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti YAP-a olan ümumxalq inamını daha da genişləndirmiş və onu ümumxalq partiyasına çevirmişdir. YAP - Azərbaycanı uğurlu gələcəyə aparan siyasi təşkilat, Ulu Öndərimizin öz xalqının inamı və dəstəyi əsasında formalaşdırdığı bir partiyadır.
Hüseyn Bağırov
Azərbaycan Respublikası
Ekologiya və təbii sərvətlər naziri
yap.org.az