Cərəyan edən ictimai-siyasi hadisələr fonunda yaranan subyektiv jurnalist baxşıları sonradan arzuolunmaz hallara rəvac verir
İctimai müzakirələrdən biri kimi daim aparıcı mövzu kontekstində yer alan media və jurnalistika fəaliyyəti, eləcə də, peşə davranışı kimi digər bənzər məqamlar bu gün də öz aktuallığını qoruyub-saxlamaqdadır. Məhz belə bir maraq çərçivəsində Bakıda keçirilimiş "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusundakı seminar həm də öz əhəmiyyəti ilə seçilmişdir. Və həmin əhəmiyyətli nüansları təhlil etmədən öncə, daha bir neçə incə məqamlara toxunmaq zərurəti meydana çıxmaqdadır.
Belə ki, Qərb mediasından fərqli olaraq, Azərbaycanda jurnalistikanın inkişafı, bu peşəyə olan fərqli baxış bəzi neqativlikləri və çatışmazlıqları üzə çıxartmaqda, qabartmaqdadır. Xüsusilə, cərəyan edən ictimai-siyasi hadisələr fonunda yaranan subyektiv jurnalist baxışları sonradan arzuolunmaz hallara rəvaclar verir. Maraqlısı da odur ki, belə olaylar məhz qərəzdən, eyni zamanda, peşə kodeksini qavramamazlıqdan yaranır və bu olaylar arxasında, təəssüf ki, bitərəflikdən daha çox, tərəfkeşlik missiyası dayanır. Yəni hadisələrə obyektiv deyil, qərəzsayağı subyektiv qiymətlər verən jurnalist hər hansı ictimai-siyasi qurum rəhbərinin müvafiq sifarişini ona verilmiş tapşırıqlar fonunda həyata keçirir. Sərgilənən bu kimi tərzlər isə müxalifət mediasında artıq ənənə şəklini almşdır.
Üzərinə "Press" yazılmış uniformanı çıxararaq, icazəsiz aksiyalara qatılmağın söz və mətbuat azadlığına aidiyyatı yoxdur
Məsələn, hər hansı bir siyasi partiyanın təhkimində fəaliyyət göstərən yazılı və ya elektron mətbu oraqnın müxbiri partiya rəhbərliyinin keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyanı işıqlandırmaqdan ötrü hadisələrin cərəyan etdiyi məkana gedir, sonradan həmin icazəsiz aksiyanın iştirakçısına çevrilir. Bu cür əməllərin hər hansı jurnalistika peşəsinə aid edilməsi isə, əlbəttə ki, qəbuledilməzdir. Yəni üzərinə "Press" yazılmış gödəkçə uniformanı çıxararaq, siyasi hadisələrə bilərəkdən qatılmağın, nəticədə, törətdiyi əməlinə görə müvafiq cəzanı almağın jurnalistkikaya, söz və mətbuat azadlığına heç bir aidiyyatı ola bilməz. Bunu "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də maraqlı dərəcədə şərh edib: "Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmaq lazımdır ki, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar...Jurnalistlərin də vəzifəsi ondan ibarətdir ki, özlərini media nümayəndəsi kimi təqdim etsinlər, keçirilən tədbirin iştirakçısına çevrilməsinlər".
Ancaq yuxarıda vurğuladığımız kimi, süni ajiotaj yaratmaq pərdəsi altında, əslində, jurnalistikadan sui-istifadə edib, hər hansı siyasi təşkilat sədrinin şəxsi maraqlarını müdafiə etmək media təmsilçisinin vəzifəsi deyil.
Başqa tərəfdən, demək lazımdır ki, Qərb dövlətlərində hüquq- mühafizə orqanları ilə jurnalistlər arasında hər hansı tədbir öncəsi müəyyən razılaşmalar aparılır ki, sonradan bu razılşmalar müqabilində jurnalistlərin təhlükəsizliyi və informasiya təminatları da ödənilir. Yəni polis-jurnalist qarşıdurması yaşanmır.
Amma Azərbaycanın müxalifət mediasında çalışan bəzi media təmsilçiləri həm də süni ajiotajları vasitəsilə, bir növ Qərbdə sığınacaq axtarmaqla məşğludurlar. Qondarma "dissident" adını qazanmaq üçün hər cür rəzil addımlara gedən bu kimi dırnaqarası jurnalistlərin isə həqiqi jurnalistikaya aid etmək qətiyyən düzgün olmazdı. Məhz belə xüsusi amillərə toxunan Miyatoviç demək istəyib ki, bu kimi tədbirlərin davamlı olması vacibdir.
Əli Həsənov: "Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməlidirlər"
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da seminar çərçivəsində ifadə etdiyi fikri özündə bir çox maraqlı məqamları əks etdirir. "Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər"-deyə vurğulayan Əli Həsənov qeyd edib ki, seminar Azərbaycan dövlətinin dəstəyi ilə dövlət nümayəndələri, mətbuat nümayəndələri və ATƏT nümayəndələrinin iştirakı ilə keçirilib. Yəni yuxarıda qeyd edilən hadisələrin qarşısını almaq üçün bilavasitə Azərbaycan hakimiyyəti maraqlıdır. Çünki bu, həm də müasir, sivil və demokratik dəyərlərə cavab verə biləcək jurnalistikanın inkişafı üçün vacib addımdır.
Müxalifət mətbuatının qeyri-peşəkar "jurnalisti" İdrak Abbasovun peşə davranışlarını kənara qoyaraq, şəxsi motivdə iştirakçıya çevrilməsinə də münasibət bildirən Əli Həsənov vurğulayıb ki, qarşılaşdığı situasiya İ.Abbasov üçün aruolunmaz hadisəylə nəticələnib. Məhz belə bir məqama toxunan PA rəsmisi deyib ki, İ.Abbasov öz yerini düz seçməyib: "Həmin şəxsə qarşı güc tətbiq edilməsi onu göstərir ki, o öz yerini düzgün seçməyib. Hüquq-mühafizə orqanları onun özünü jurnalist kimi aparmadığını, o özü isə jurnalist olduğunu bildirir. Bizim də məqsədimiz ondan ibarətdir ki, daha dəqiq müəyyən edək ki, kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyəti necə qurulmalıdır, jurnalistlərin forması necə olmalıdır, onların yeri necə müəyyən olunmalıdır".
Əli Həsənov, həmçinin, qeyd edib ki, mətbuat işçilərinin vəsiqələrinin formasının necə olması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu müəyyənləşməlidir: "Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək, media nümayəndəsi olduğunu bildirir".
Əli Həsənov jurnalistlərin bəzi mətbu orqanlara qarşı yönəlmiş maliyyə sanksiyaları ilə bağlı verdiyi sualı cavablandırarkən bildirib ki, hakimiyyət heç bir vətəndaşın öz şərəf və ləyaqətini qorumaq məqsədilə məhkəmələrə müraciət etmək hüququnu məhdudlaşdırmır: "Məhkəmələrin hansısa müraciətlərə baxaraq, qərar qəbul etməsini məhdudlaşdıra bilmərik. Uzun müddətdir ki, mətbuat orqanlarını mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməyə çağırırıq".
PA rəsmisi bildirib ki, dövlət nə qədər mətbuat orqanlarına dəstək versə də, əgər onlar vətəndaşların hüquqlarına hörmətlə yanaşmasalar, öz işlərinə məsuliyyətlə yanaşmasalar, özlərində təkzib vermək cəsarəti tapmayacaqlarsa, bu kimi problemlər olacaq: "Biz əgər "Diffamasiya haqqında" qanunu qəbul etmək niyyətimizi ortaya qoymuşuqsa, mətbuat mütləq şəkildə öz məsuliyyətini dərk etməli və insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Məhkəmələrin çıxardığı qərarlar icraya yönəldikdə, hakimiyyət ona heç nə edə bilməz".
Nəticədə, vurğulamaq mümkündür ki, cəmiyyətdə özlərini "jurnalist" kimi təqdim edən bəzi dırnaqarası şəxslərin bu peşəyə müxtəlif rəzilliklərlə qara ləkə yaxmaq haqqları, ümumiyyətlə, yoxdur. Və əgər hər hansı jurnalist öz peşəsinə hörmət bəsləyirsə, bu kimi hallara qarşı mübarizə aparmalıdır. Çünki jurnalistin əsas vəzifələrindən biri də öz peşəsinə hörmət etməsidir.
RÖVŞƏN NURƏDDİNOĞLU