PDF Oxu

Araşdırma

  • 2 272

Azərbaycanın bu gününə və gələcəyinə xidmət edən partiya

image

Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir hadisədir. Bu gün öz sıralarında 600 mindən artıq üzvi birləşdirən bu partiya Respublikamızın ictimai-siyasi həyatında ən görkəmli yer tutur və Azərbaycan xalqının xoş gələcəyini təmin edən bir partiyadır. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin təbirincə desək "Yeni Azərbaycan Partiyasina hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır".

20 illik şərəfli və keşməkəsli yol keçən Yeni Azərbaycan Partiyası nüfuzunu daha da möhkəmləndirərək, təkcə ölkənin deyil, bölgənin aparıcı siyasi qüvvəsinə çevirilmişdir.

Qüdrətli tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində söylədiyi bir fikiri də xüsusi qeyd etmək istərdim: "Siz artıq fırtınalardan çıxmısınız. Məsələn, adamı atırsan dəryaya ki, görüm nəyə qadirdir. Görürsən ki, fırtınalı dənizdən çıxır. Siz artıq bu fırtınalara tab gətirib sahilə çıxmısınız, bərkimisiniz, ayaq üstə möhkəm dayanırsınız. Bundan sonra da beləcə fəaliyyət göstərəcəksiniz, mən buna tamamilə əminəm". Bu fikirlər bir daha bu gün ölkəmizin ictimai-siyasi həyatında əsas rol oynayan Yeni Azərbaycan Partiyasının çətinliklərdən üzüağ çıxaraq böyük şərəfli yol keçdiyinin təsdiqidir. Yaradılmasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan partiya ötən bu dövrü biri-birindən əhəmiyyətli uğurları ilə zənginləşdirmiş, qarşıya qoyduğu hədəflərə nail olmaq üçün ciddi səylər göstərmiş, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilmişdir.

Zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Yeni Azərbaycan Partiyasının zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya olduğunu həmin dövrə nəzər salmaqla bir daha təsdiq etmiş olarıq. Bu o dövr idi ki, Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi tənəzzül baş alıb gedir, torpaqlarımız bir-birinin ardınca işğal olunur, xalqın sabaha ümidi tamamilə itirdi. Belə bir çətin dövrdə xalq üzünü Naxçıvana-öz xilaskarına tutdu. Ümumilikdə Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciətində həmin dövrün xarakteristikası öz əksini taparaq bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Müraciətdə deyilirdi: "Yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. ... Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar... Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar. " Dahi şəxsiyyət Heydər Əliyev müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu həmin cavabda böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdir. Müraciətin sonunda ümummilli lider Heydər Əliyev YAP-ın obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdir: "Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram."

Ulu öndər Heydər Əliyev partiyanın yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində də bu gerçəkliyi diqqətə çatdırmışdır ki, partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində yaranan əhvali- ruhiyyədən irəli gəlmiş bir hadisədir.

Məlum olduğu kimi, partiyanın təsis konfransı obyektiv səbəblərdən Bakıda deyil, Naxçıvanda keçirildi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında ulu öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Bununla da ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Bu təşkilatlar da öz növbəsində ərazi ilk partiya təşkilatlarını özündə birləşdirdi. Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyasına çevrilməsi onun gücünü, nüfuzunu daha da artırdı, sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirməsində güclü stimul oldu. Bu faktı da xüsusi qeyd etməliyəm ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı partiyanın həyatında yeni dövrün, mərhələnin əsasını qoydu. YAP iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini daha da möhkəmləndirdi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. Uğurları şərtləndirən amilləri qeyd edərkən hər zaman düzgün seçilən siyasətlə yanaşı, sözlə əməl birilyinin də önəmi xüsusi qeyd edilir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da genişlənməsində bu amilin rolu inkaredilməzdir.

Bu günlərdə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 21 ili tamam oldu. Yeni Azərbaycan Partiyası 21 illik müstəqillik tarixinə malik olan Azərbaycanın 20 ildə keçdiyi yola yaxından bələdçilik etməklə, qazanılan uğurlara öz imzasını atıb. Ulu öndər Heydər Əliyev 91-lərin müraciətinə cavabında da Azərbaycanın dövlət müstəqilliyinin tarixi nailiyyətimiz olduğunu önə çəkərək onu qorumağı, daha da möhkəmləndirməyi hər kəsin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Bu fikri də xüsusi vurğulamışdır ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu, memarı kimi təqdim olunması da bu səbəbdən qaynaqlanır ki, 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa edən Azərbaycan həmin dövrün iqtidarının səriştəsizliyi, siyasi bacarığının yoxluğu, öz şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən üstün tutmasının ucbatından müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı bu bəladan xilas etdi. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş günü kimi daxil olması da ölkəmizin hansı bəlalardan qurtulduğunun, inkişaf, tərəqqi yoluna çıxdığının təsdiqidir. 15 iyundan başlanan yol bu günümüzə qədər uğurlarla zənginləşir, gələcəyə daha böyük inamla irəliləməyə əsas verir. Sözsüz ki, bu nailiyyətlərdə ölkənin iqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. İnkişaf strategiyasının düzgün müəyyənləşdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açmaqla, biri-birindən əhəmiyyətli uğurların qazanılmasını şərtləndirir. Sabiliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev ölkədə ictimai siyasi durumu sabitləşdirməklə, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək üçün əlverişli şərait yaratmaqla ölkəmizi böyük investisiyalar məkanına çevirdi. İqtisadi qüdrətini günbəgün möhkəmləndirən Azərbaycan beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə, əsil söz sahibinə çevrildi. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi, beynəlxalq aləmdə dostlarının sayının günbəgün artması, ən əsası bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi də iqtisadi və demokratik islahatlar sahəsində qazandığı uğurların nəticəsidir. Bir faktı da xüsusi qeyd etməliyik ki, ölkəmiz yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunur. Ötən ilin sonunda partiyanın təşkilatçılığı ilə keçirilən, dünyanın 30 ölkəsindən 60-a yaxın nümayəndənin qatıldığı "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransda da ölkəmizin uğurları geniş təhlil edildi, bildirildi ki, Azərbaycanın bugünkü uğurlarının təməlində dayanan əsas amillərdən biri həyata keçirdiyi islahatları dövrün tələblərinə uyğunlaşdırması, çağırışlara yüksək səviyyədə cavab verməsidir. Bu kimi tədbirlər eyni zamanda Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrin ikişafına böyük önəm verməsini də təsdiqləyir. Beynəlxalq əməkdaşlıq partiyanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Partiyanın bu və ya digər ölkənin hakim partiyaları ilə əlaqələrinin yüksək səviyyədə qurulması, qarşılıqlı səfərlər münasibətlərin inkişafına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasına öz müsbət təsirini göstərir. Ölkələr, xalqlar arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu hər zaman önə çəkilərək Yeni Azərbaycan Partiyasının fəaliyyəti yüksək dəyərləndirilir. Partiyanın 20 illik yubileyi ərəfəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı qurumun VII Baş Assambleyasının ölkəmizdə keçirilməsi də beynəlxalq əməkdaşlığın hansı səviyyədə olduğunun göstəricisidir. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq ələqaləri mövcuddur. Məlumdur ki, YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 18 nəfərdən ibarət İdarə Heyətinin üzvlərindən biridir. Partiyanın təşkilatçılığı ilə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçıları bu fikri xüsusi qeyd etmişdilər ki, Yeni Azərbaycan Partiyasının ən böyük nailiyyəti xalqımızı nicata, inkişafa aparan yolun seçilməsidir. Bu yol Azərbaycanı firavanlığa və işıqlı gələcəyə aparır.

YAP həmçinin birləşdirici funksiyanı da yüksək səviyyədə yerinə yetirir. Partiyanın təşkilatçılığı ilə müxtəlif mövzularda tədbirlərin keçirilməsi, həmin mərasimlərə digər siyasi partiyaların təmsilçilərinin də qatılaraq öz mövqelərini ortaya qoyması müsbət addım kimi dəyərləndirilir.

Partiya öz fəaliyyətində inkişafa necə nail olmağın yollarını müəyyənləşdirib və bu istiqamətdə uğurlu addımlar atır. Ölkədə keçirilən seçki proseslərindən böyük qələbə ilə çıxması da xalqın bu partiyaya inamının göstəricisidir. Hər seçkiyə konkret proqramla qatılan partiya qarşıya qoyduğu məqsədləri açıqlayır, ölkə ictimaiyyətini bu vəzifələri uğurla həyata keçirmək üçün birliyə, həmrəyliyə çağırır. Əvvəlki seçkilərə "Yeni, müstəqil Azərbaycan" uğrunda qatılan partiyanın son parlament seçkilərində devizi "Güclü dövlət, yüksək rifah" oldu. Bu onu göstərir ki, hər dövrün tələbi partiyanın siyasətində xüsusi yer alır, hədəfə çatmağın yolları müəyyənləşdirilir və uğurlu addımlar atılır. Azərbaycanın malik olduğu imkanlar qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi qərarını şərtləndirən amillərdən biri də məhz ölkəmizin sürətli inkişafıdır. Qurum təmsilçiləri bildirirlər ki, belə bir bir qərarın qəbul edilməsində əsas məqsəd təşkilatda birləşən 52 ölkədən 330 partiyanın nümayəndələrinə kiçik dövlət olan Azərbaycanın böyük uğurlarını nümayiş etdirməkdir.

Azərbaycanın demokratik inkişafı hər zaman təqdir olunur, ötən dövrdə keçdiyi yol, qazandığı uğurlar digər ölkələrə nümunə göstərilir. 2001-ci il noyabrın 22-də Yeni Azərbaycan Partiyasının keçirilən II qurultayında ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olduğunu önə çəkərək bildirmişdir: "Demokratiya mücərrəd anlayış deyildir, bunlardan ibarətdir. Əgər biz bunları etməsəydik, Azərbaycan ötən dövrdə ağır vəziyyətdən çıxıb indi bu səviyyəyə qalxa bilərdimi? Ona görə həqiqi demokratiya iqtidarın yaratdığı demokratiyadır. Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur."

Yeni Azərbaycan Partiyası demokratiya prinsiplərini fəaliyyətinin önündə saxlayır. Partiyanın ötən dövr ərzində ölkədə keçirilən seçkilərdə fəal iştirakı, yaradılan demokratik şəraitdən səmərəli istifadə edərək qələbəsini təmin etmək uğrunda mübarizə aparması da deyilənlərin təsdiqidir. Daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi və müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP seçkilərdə böyük fəallıq nümayiş etdirməklə yanaşı, seçki marafonuna qatıldığı şüarla bir daha tutduğu yola, xəttə sadiq olduğunu nümayiş etdirir. Prezident, parlament və bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə qazandığı uğur qələbələr partiyası olduğunu təsdiqləyir.

Təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirilən YAP-ın sıralarında bu gün 570 mindən artıq üzv birləşir. Cari ilin birinci yarısı üçün açıqlanan statistik rəqəmlər də ürəkaçandır. Belə ki, bu dövrdə partiyaya 20 min 559 nəfər qəbul olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. İyulun 1-ə olan məlumata əsasən partiya üzvlərinin sayı 575 min 591 nəfər olmuşdur. Təbii ki, bu cür artım bir daha insanların Yeni Azərbaycan Partiyasına, onun sədrinə inandığını və onu dəstəklədiyini sübut edir. Partiya üzvlərinin 40 faizini gənclər təşkil etməsi bu faktı ortaya qoyur ki, Azərbaycan gəncləri Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirməklə yanaşı, həyata keçirilən siyasətə böyük dəstək verirlər. Gənclərin ictimai-siyasi fəallığının artırılması partiyanın siyasətində əsas yer tutur. Ulu öndər Heydər Əliyev partiyanın yarandığı gündən sıralarında gənclərin və qadınların çoxluq təşkil edilməsinin vacibliyini bildirmişdir. YAP Gənclər Birliyinin və YAP Qadınlar Şurasının yaradılması da bu məqsədə xidmət edir. YAP-ın II qurultayında çıxışı zamanı ümummilli lider Heydər Əliyev bu vacib amili də diqqətə çatdırmışdır ki, gərək partiyada gənclərin sayı daha çox olsun. Çünki gənclər bu partiyada birləşməlidir. Həmin çıxışında bir məqam da xüsusi vurğlanmışdır ki, bu günün gənclərinin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövr keçməsindən xəbəri yoxdur. Onlara həmin dövrün reallıqlarının olduğu kimi çatdırılması vacib şərtdir. Partiyanın gələcəyinə böyük inamla yanaşan ulu öndər Heydər Əliyev bildirmişdir: " Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar." Bu günümüzün reallıqlarına nəzər salmaqla ulu öndər Heydər Əliyevin həmin dövrdə proqram xarakterli çıxışında əksini tapan bütün vəzifələrin uğurla həyata keçirildiyinin şahidi olarıq. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Reallıqlar bu faktı təsdiqləyir ki, partiyanın təqdim etdiyi proqramlar sadəcə vədlər deyil. Birgə səylər nəticəsində hər bir vəd konkret əməli işlə təsdiqlənir. Bu isə YAP-ın cəmiyyətdə nüfuzunun, siyasi çəkisinin daha da artamasına stimul verir. Partiyanın keçdiyi 20 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. 2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlət başçısı İlham Əliyevin 2008-ci il prezident seçkilərində təkrar qələbəsini şərtləndirdi. Xalq bir daha Prezident İlham Əliyevlə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə bir olduğunu, ətrafında sıx birləşdiyini təsdiqlədi. Ölkəmiz 2013-cü il prezident seçkiləri ərəfəsindədir. Bu günümüzün uğurları fonunda bir daha qətiyyətlə deyirik ki, cənab İlham Əliyevin, Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbəsi şəksizdir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində münaqişə ədalətli həllini tapacaq, ərazi bütövlüyümüz bərpa ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Ən böyük uğur o zaman olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaq.

Sözsüz ki, 20 ilin uğurlarını bir yazıda qeyd etmək mümkünsüzdür. Bu uğurların ümumiləşdirilmiş ifadəsi bugünkü güclü, qüdrətli Azərbaycandır. Uğurların davamlılığının təmin olunması dövlətin siyasətində prioritet məsələdir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda ötən ilin noyabarında imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı da bu məqsədə xidmət edir. Başlıca hədəf qarşıdakı on ildə Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir.

Azərbaycanın iqtisadiyyatını, təhsilini, elmini, intellektini dünya müstəvisində tanıdan və mövqelərini möhkəmləndirən, dövlət quruculuğu yolunda böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə Azərbaycan xalqını, partiya sıralarında birləşən yüz minlərlə üzvünü, dövlətimizin hər zaman möhkəm keşiyində duran Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, qarşıya qoyulan hədəflərə çatmaq üçün birlik, həmrəylik və firavanlıq arzu edirəm.

Qətiyyətlə inanıram ki, hər zaman olduğu kimi Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək, müstəqil Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsi naminə səy və bacarığımızı əsirgəməyəcəyik!

Yaşasın Heydər Əliyevin zəkasının, müdrikliyinin məhsulu olan Yeni Azərbaycan Partiyası!

Yaşasın Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyev!

yap.org.az

İradə Hüseynova

YAP Siyasi Şurasının üzvü,

Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor

Digər xəbərlər