PDF Oxu

Araşdırma

  • 1 309

Milli Məclisdə büdcə ilə bağlı müzakirələr davam edir

2013-cü il dövlət büdcəsinin layihəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 25,4 faiz olacaq

Milli Məclisdə büdcə ilə bağlı müzakirələr davam edir

Dünən Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirildi. Müzakirələr zamanı çıxış edən deputatlar 2013-cü ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildirib, bəzi təkliflərini də səsləndirdilər. Qeyd olunu ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdirilməklə yanaşı, yenilərinin də həyata keçirilməsinə başlanılacaqdır. Büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır.

Büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır

Müzakirə olunan məsələ ilə bağlı deputat Vahid Əhmədov bildirdi ki, müəllimlərin, həkimlərin və dövlət büdcəsindən maliyyələşən təşkilatların 700 minə yaxın üzvünün əməkhaqqının yüksəldilməsi və sovet dövründən əhalinin banklarda qalmış əmanətlərinin qaytarılması üçün büdcədən vəsaitin ayrılması müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, növbəti illərdə dövlət büdcəsinə gəlir gətirən sahələrin genişləndirilməsinə ehtiyac var. Vahid Əhmədov kənd təsərrüfatı sahəsində islahatlara ehtiyacın olduğunu da diqqətə çatdırdı. Deputat eyni zamanda bildirdi ki, bankların kredit faizlərinin yüksək olması sevindirici hal deyil.

Millət vəkili Fəzail Ağamalı isə bildirdi ki, Azərbaycanda son illər iqtisadiyyat dinamik inkşaf edib və müsbət nəticələr əldə olunub. Bütün bunlar nüfzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Deputat, elm sahəsində islahatların aparılmasının vacibliyini vurğuladı. F.Ağamalı da bankların kredit faizlərinin çox yüksək olmasını diqqqətə çatdırdı və qeyd etdi ki, bu vəziyyət əhalini narahat edir.

Deputat İlham Məmmədov büdcədən səhiyyə sahəsinə ayrılan vəsaitlərin artırıldığını diqqətə çatdırdı: "İlk dəfə Azərbaycanda dövlət büdcəsindən dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb. "Şəkərli diabet üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üçün isə 33,7 milyon manat vəsatin ayrılması çox müsbət haldır. Ümumiyyətlə, dövlət büdcəsi mükəmməl hazırlanıb".

Deputat Elmira Axundova isə təklif etdi ki, dövlət tərəfindən əhali üçün sosial mənzillərin tikintisi aparılarsın.

Deputat Qənirə Paşayeva Milli Məclisdə Uruqvay parlamentinin spikeri Xorxe Orikonun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etməsinə etirazını bildirdi: "Uruqvay parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünə çox böyük hörmətsizlik edib. Spiker orada separatçı rejimin rəhbəri ilə görüşüb və bu Azərbaycanın ərazi bütövlüyünə böyük bir hörmətsizlik olmaqla yanaşı, beynəlxalq təşkilatların qərar və qətnamələrinə ziddir".

Q.Paşayeva, həmçinin, ipoteka kreditləri barədə də danışdı: "Bu gün əsas problemlərdən biri evsizlikdir. Nə qədər ailələr arasında ev problemi gərginliyə səbəb olur. Jurnalistlər də ipoteka krediti ala bilmirlər. Ona görə də şərtlər yüngülləşdirilməlidir... Jurnalistlər orta təbəqə sayılır, ancaq onlar belə ipoteka kreditlərinin alınmasında çətinlik çəkirlər".

Aydın Mirzəzadə: "2013-cü ilin büdcəsi gələn ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaqdır"

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirdi ki, büdcə layihəsi gələn ilin dövlət büdcəsi 2013-cü ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaqdır. Bir neçə ildir ki, qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurub. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşüb, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşiblər. Azərbaycan isə dünya böhranından yan keçib. Onun fikrincə, bunun da əsas səbəbi odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirib və hökumət qabaqlayıcı tədbirlər görüb. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun 2013-cü ildə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaq. Həmin vəzifələrə uyğun olaraq 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq-mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının aylıq əməkhaqları və minimum əməkhaqqının həddinin artırılması diqqət mərkəzində olacaq.

Deputat Çingiz Qənizadə isə qeyd etdi ki, dünya iqtisadi böhranı bir çox ölkələrə ziyan vursa da Azərbaycan manatının məzənnəsinin stabil saxlanılması ölkə iqtisadiyyatının olduqca düzgün idarə olunmasından xəbər verir. Onun fikrincə, təhsil sahəsinə ayrılan vəsait alqışlanmalıdır.

Deputat Abel Məhrrəmov isə bildirdi ki, artıq bir çox inkişaf etməkdə olan ölkələr Azərbaycanın inkişaf modeli ilə maraqlanırlar. Bütün bunlar isə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin titanik fəaliyyətinin nəticəsidir. A.Məhərrəmov diqqətə çatdırdı ki, növbəti ilin büdcəsində təhsil xərcləri azalıb. Onun fikrincə, keçən il təhsil xərclərinə 544 milyon manat vəsait ayrıldığı halda, gələn il üçün bu rəqəm 445 milyon manat müəyyənləşdirilib.

Deputat İqbal Ağazadə, Azər Badamov, Kamilə Əliyeva, Leyla Abdullayeva, Yevda Abramov, Arif Əşrəfov çıxış edərək bəzi təkliflərini irəli sürdülər.

Milli Məclisin plenar iclasında bildirildi ki, əməkhaqlarının və sosial ödənişlərin artırılması üçün 2013-cü il dövlət büdcəsinin layihəsində üst-üstə 240 milyon manatdan çox vəsait nəzərdə tutulur. Bütövlükdə, 2013-cü il dövlət büdcəsinin layihəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 25,4 faiz olmaqla, 5 milyard 37,2 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2012-ci ilə nisbətən 7,1 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 16,1 faiz çoxdur. Deputatlar təhsil və səhiyyə sahəsində çalışanların əməkhaqlarının artırılmasını xahiş etdilər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər