Prezident İlham Əliyev: "Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır"
Azərbaycanın inkişaf və uğur perspektivləri ölkəmizin qüdrətini, onun gələcəkdə də əldə edəcəyi davamlı nailiyyətlərini indidən müəyyənləşdirməkdədir. Bu əhəmiyyətli faktor ötən ay Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında da vurğulanmışdır . Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etməkdədir və makroiqtisadi göstəricilər də bu amili təsdiq edir: "Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır".
Prezident İlham Əliyev qeyri-neft iqtisadiyyatına da toxunaraq bildirib ki, bu sahədə artım 10,3 faizi təşkil edib. Belə ki, ölkədə qeyri-neft sektorunun inkişafına daha çox önəm verilir. Çünki növbəti illərdə qeyri-neft sektorunun inkişafı ölkəmizin neft-qaz amilindən asılılığını aradan qaldırmalıdır: " Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin".
Söz yox ki, uğurlu iqtisadiyyat perspektivləri bölgələrin də müasir tələblərdəki inkişafına şərait yaradır. Regionlarımızda aparılan davamlı quruculuq-abadlıq işləri bunu deməyə əsas verir. Ölkə başçısının bildirdiyinə görə, qeyri-neft iqtisadiyyatı sahəsində əldə edilən uğurlar növbəti ildə də şaxələndirmə siyasətinin davamlılığına xidmət edəcək: " Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi sahədə şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin".
"Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunubdur"
Dövlət başçısı doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulduğunu da bildirərək, qeyd edib ki, bu, çox böyük rəqəmdir. Belə ki, ötən illə müqayisədə nisbətən daha böyük rəqəmdir. Prezident İlham Əliyev sözügedən amili belə izah edib ki, əgər nəzərə alınsa ki, ölkəyə hər il təxminən bu səviyyədə investisiya qoyulur, bu zaman Azərbaycan iqtisadiyyatına nə qədər böyük sərmayə qoyuluşunu görmək mümkündür: "Sərmayələrin əsas hissəsi daxili investisiyalardır, təqribən 70 faizə yaxın. Qalan hissə isə xarici investorların vəsaitidir. Hesab edirəm ki, bu balans da ən optimaldır. Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə, onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur".
Ölkə rəhbəri daxili investisiyaların böyük əksəriyyətinin dövlət xətti ilə qoyulan vəsaitlər olduğunu xatırladıb və vurğulayıb ki, dövlətlə yanaşı, sərmayə qoyuluşlarında özəl sektorun da uğurlu layihələri reallaşdırılır. Çünki yerli və xarici biznes cəmiyyətinin Azərbaycanın uğurlu iqtisadiyyatına inamları tükənməzdir: "Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı. Deyə bilərəm ki, bütövlükdə özəl sektor ümumi daxili məhsulda öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata görə ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində, göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunubdur".
Artan faiz göstəriciləri kənd təsərrüfatında da özünü göstərmişdir. Belə ki, bu sahədəki inkişaf 6,3 faiz artmışdır. Bunun da çox gözəl göstərici olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu sahə həmişəki kimi, prioritet sahə olaraq qalır və gələcəkdə bu sahəyə daha böyük diqqət göstərilməlidir: "Mən çox şadam ki, bir müddət əvvəl verdiyim tapşırıqlar yerinə yetirilir. Kənd təsərrüfatının inkişafı bizə imkan verəcəkdir ki, idxaldan daha da az asılı vəziyyətdə olaq. Eyni zamanda, iş yerlərinin açılması, bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ona görə, hesab edirəm ki, 6,3 faiz artım çox yaxşıdır. Çalışmalıyıq ki, gələcəkdə bu yüksək templəri saxlayaq".
"Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır"
Prezident İlham Əliyev strateji valyuta ehtiyatlarının artım tempinə toxunub və qeyd edib ki, ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir: "Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq, biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə, artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir, eyni zamanda, baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini aşağı salmışdır və bu vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük mənfəət əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlər artıq araşdırılır. Beləliklə, vəsaitimizin daha da səmərəli şəkildə mənfəət gətirmə əmsalı, əminəm ki, daha da yüksək səviyyədə olacaqdır".
Dövlətin apardığı siyasətin Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılması məqsədi daşıdığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, doqquz ayda əhalinin pul gəlirləri artmışdır: "Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir".
"Ölkəmizdə geniş sənayeləşmə prosesi gedir"
Sənaye istehsalında vəziyyətin o qədər də ürəkaçan olmadığını deyən ölkə rəhbəri fikirlərini belə izah edib ki, Azərbaycanda ümumi sənaye istehsalı azalır: "Mən istəyirəm bu barədə fikirlərimi bir qədər ətraflı bildirim və yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyəti də məlumatlı olsun. Artıq birinci dəfə deyildir ki, biz Nazirlər Kabinetinin toplantılarında sənaye istehsalı ilə bağlı o qədər də xoşa gəlməyən rəqəmlər səsləndiririk. Hər rübdən-rübə, ildən-ilə, xüsusilə, son bir neçə il ərzində Azərbaycanda ümumi sənaye istehsalı azalır. Bu vaxta qədər biz bunu, sadəcə olaraq, statistik göstərici kimi ifadə edirdik. Daha bunun izahatı ilə biz, demək olar ki, məşğul olmurduq. Hesab edirdik ki, bu, müvəqqəti bir prosesdir, müvəqqəti məsələdir və bu məsələ öz həllini tapacaqdır, sənaye istehsalı nəinki azalacaq, artacaqdır".
Doqquz ayın göstəricilərinə nəzər salan dövlət başçısı ümumi sənaye istehsalının 3,5 fazi azaldığını bildirib: "Azərbaycanda ümumi sənaye istehsalı 3,5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bir tərəfdən bu, yenə də bizim iqtisadi və sənaye sahələrində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki ölkəmizdə geniş sənayeləşmə prosesi gedir. Bir neçə il bundan əvvəl mənim tərəfimdən bu məsələ ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz bu tapşırıqların gözəl nəticələrini görürük. 7,7 faiz artan qeyri-neft sənayemiz böyük nailiyyətdir. Ancaq neft sənayesinin böyük dərəcədə aşağı düşməsi bizi, əlbəttə ki, narahat edir. Bu proses, yəni azalma, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatı ilə bağlıdır. Burada da biz məsələni iki yerə bölməliyik. Çünki Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə "Azəri" və "Çıraq" yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılmışdır, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilmişdir. O vaxtdan bu günə qədər neft strategiyamızın icrası sahəsində çox böyük uğurlar əldə edilmişdir".
Sözlərinə konkret rəqəmlər əlavə etmək istədiyini vurğulayan Prezident İlham Əliyev bildirib: "Belə ki, 2009-cu ildə "Azəri" və "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp "Azəri" və "Çıraq" yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir. Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq, görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir. Onu da deyə bilərəm və mən artıq bu barədə qeyd etdim ki, "Azəri" və "Çıraq" neft yataqlarına böyük investisiyalar qoyulmuşdur. Biz buna görə bütün investorlara minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. "Azəri" və "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulmuşdur. Bu günə qədər konsorsium 73 milyard gəlir götürmüşdür. Yəni, böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olmuşdur". Azərbaycan tərəfi də böyük mənfəət götürmüşdür. Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənmişdir. Dövlət Neft Fondu 1999-cu ilin sonunda - dekabr ayında yaradılmışdır. O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir. Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir".
"Əsas reytinq agentlikləri hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini artırırlar"
"Beləliklə, əgər iqtisadi sahədə bu xoşagəlməz hadisələri nəzərə almasaq, vəziyyət ümumiyyətlə çox müsbətdir və ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir" deyə bildirən ölkə başçısı keçən rübdə dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəlində Azərbaycanın 46-sı yerdə qərar tutduğunu xatırladıb: "Azərbaycan o siyahıda 46-cı yerdədir. MDB məkanında birinci, dünya miqyasında 46-cı. Keçən ilə nisbətən biz 9 pillə yuxarı qalxmışıq. Yəni, bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla bağlıdır və bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Yəni, dünya miqyasında bu sahədə 18-ci yerdə olmaq nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə lüzum yoxdur. Əsas reytinq agentlikləri ki, hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini artırırlar. "Fitch", "Standard & Poor's", "Moody's" - yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və bu da görülən işlər, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Yəni, bu iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır".
Orta aylıq əmək haqqlarının və orta aylıq pensiyaların artdığını və bu göstəricilərin MDB məkanında ən yüksək göstəricilər arasında olduğunu deyən Prezident İlham Əliyev bu amili belə dəyərləndirib: "Müqayisə aparmaq üçün daha çox dollarla hesablanır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əmək haqları ildən-ilə qaldırılır. Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir".
"2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir"
Regionlarda işlərin çox uğurla getdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, Onun regionlara səfərləri imkan verir ki, həm vəziyyətlə yaxından tanış olsun, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın: "Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.
Yenə də deyirəm, bütün başqa sahələrdə, tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır. İl ərzində 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir. Bu proses həm Bakıda geniş vüsət almışdır, həm də bölgələrdə. Bakı məktəblərinə gəldikdə, gələn tədris ilinə qədər nəinki qəzalı vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz məktəb qalmayacaqdır. Bölgələrdə də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni tam şəkildə həll etmək üçün bir qədər çox vaxt lazım olacaqdır".
"İdmanın inkişafı ölkənin ümumi inkişafını göstərir"
Keçən rübdə ölkə idmançılarının Azərbaycan xalqını sevindirdiklərini bildirən Prezident İlham Əliyev Olimpiyaçılarımızın və Paralimpiyaçılarımızın uğurlu çıxışlarına da yüksək münasibət bildirib: "Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında çox böyük nəticələr göstərmişdir. Olimpiyaçılarımız dünya miqyasında 30-cu yerə çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, islam ölkələri arasında 3-cü yerdədirlər. On medal qazanmışıq, ikisi qızıl, ikisi gümüş, altısı bürünc. Böyük tarixi qələbədir. Paralimpiyaçılarımız 27-ci yerə çata bilmişlər. On iki medal qazanmışlar ki, onlardan dördü qızıldır. Yəni bu, yenə də deyirəm, həm bizi sevindirir, həm fərəhləndirir, həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin potensialını göstərir. Çünki idman hər bir ölkənin ayrılmaz bir hissəsidir, çox mühüm bir amildir. İdmanın inkişafı ölkənin ümumi inkişafını göstərir. Adətən, iqtisadi tərəfdən güclü, siyasi sabitliyə malik olan ölkələrdə idman da sürətlə inkişaf edir. İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir".
"120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir"
Ümumiyyətlə, keçən rübün və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu deyən ölkə rəhbəri beynəlxalq arenada da böyük uğurlar əldə edildildiyini demişdir: "Biz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdiririk. Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə, həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz. O ki qaldı xalqların müqəddəratını təyinetmə prinsiplərinə, ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulubdur. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır".
Gələcək illərdə də bu meyillərin daha da güclənəcəyinə əmin olduğunu bildirən Prezident İlham Əliyev qazanılan hər bir qələbənin Ermənistan üçün faciə olduğunu qeyd edib: "Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır".
RÖVŞƏN NURƏDDİNOĞLU