PDF Oxu

Araşdırma

  • 1 472

Ştrasser indi də narkotik alverçilərini və radikal dini qruplaşmaları "hifz" edir

Almaniyalı deputatın yeni "siyasi məhbus" oyunu birmənalı qarşılanmır

Ştrasser indi də narkotik alverçilərini və radikal dini qruplaşmaları "hifz" edir

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi qismində fəaliyyət göstərən deputatı Kristofer Ştrasser artıq uzun müddətdir ki, Azərbaycana qarşı aşkar qərəzli münasiət göstərməklə müxtəlif siyasi dairələrin sifarişlərini həyata keçirməklə məşğul olduğunu nümayiş etdirməkdədir. Maraqlısı da odur ki, ictimai asayişin pozulmasından tutmuş, digər qanunsuz əməllərə görə həbs olunanları ucdantutma "siyasi məhbus" siyahısına salan almaniyalı deputat indi də narkomanları, narkotik alverçilərini və dövlətçiliyimizə zərər vura biləcək radikal dini qruplaşma üzvlərinin müdafiəsinə qalxıb ki, onun bu addımı ölkəmizdə birmənalı qarşılanmır.

Almaniyalı deputat qisas alır?

Onu da xatırladaq ki, K.Ştrasser hələ bir neçə ay öncə Azərbaycana buraxılmamasını iddia edərək, qəti addımlar atacağını deyirdi. Görünür, reallıqdan kənar atdığı həmin addımları da məhz sözügedən məsələnin onun tərəfindən qabardılmasıdır. Yəni vəhhabilərin və narkotik alverçilərinin "siyasi məhbus" siyahısına salınmasıdır.

Qeyd edək ki, K.Ştrasser həbsdə olan Qusar rayon sakinləri Rahib Pirəliyev və Şərafəddin Mahmudovun adını "siyasi məhbus" siyahısına daxil edib. Adıçəkilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Hər iki şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan şəxslərin istintaqı hələ yekunlaşmayıb. Lakin buna baxmayaraq, bu şəxslərin guya qanunsuz həbs edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. Həmin müraciətlər əsasında onların adı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi K.Ştrasserin "siyasi məhbus" siyahısına daxil edilib. Xatırladaq ki, adları siyasi məhbus siyahısına daxil edilən hər iki şəxs həm də radikal dini cərəyan qruplaşması kimi dağıdıcılıqla məşğul olan vəhhabi təriqətinin üzvləridir.

Eləcə də, sonuncu məsələ ilə bağlı da almaniyalı deputatın hazırladığı qərəzi siyahı özündə heç bir reallığı əks etdirmir. Lakin haqlı etirazlara, dəlil və sübutlara rəğmən, Ştrasser bu istiqamətdə öz siyasətini davam etdirir. Çünki AŞPA-nın Azərbaycandan olan nümayəndə heyəti konkret olaraq öz mövqeyni Avropa Şurasına bildirib. Vurğulanıb ki, ölkəmizdən olan nümayəndə heyəti Azərbaycanda insan haqları ilə bağlı problemləri obyektiv və qərəzsiz formada müzakirə etməyə hazırdır və Azərbaycanda insan haqları ilə bağlı məsələyə qeyri-obyektiv yanaşmaq qəbuledilməzdir.

Yeri gəlmişkən, onu da xatırladaq ki, AŞPA-da siyasi məhbus kriteriyalarına dair qərar qəbul olunub. Bu kriteriyaları da məhz K.Ştrasser hazırlayıb. Həmin sənəddə indiyədək tərifi olmayan "siyasi məhbus" termininin kimlərə şamil olunması əksini tapıb. Burada dini, irqi və siyasi fəaliyyətinə görə həbs olunanların "siyasi məhbus" adlandırılması əksini tapıb (?-R.R.)

Ştrasser Avropa məkanında baş verən dini və irqi problemlərə münasibət bildirməlidir

Və belə çıxır ki, uzun illərdir, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunan "siyasi məhbus" məsələsinin tərifi hələ indi müəyyənləşib və dərhal da K.Ştrasser Azərbaycana qarşı növbəti qərəzli addımlar atmağa başlayıb.

Lakin onu da qeyd etmək vacibdir ki, əslində Ştrasserin hazırladığı bu kimi "siyasi kriteriyalar" Avropa ölkələri üçün tədbiq olunmalıdır. Çünki məhz Avropa dövlətlərində, eləcə də, Ştrasserin vətəni Almaniyada dini və irqi problemlər hələ də çözülməmiş qalmaqdadır. Ona görə də hər hansı dairənin sifarişlərini həyata keçirməyə səy göstərən K.Ştrasser Azərbaycanda həbs edilən narkotik alverçilərini və radikal dini qruplaşmaları "hifz" edərək, onları "siyasi məhbus" hesab etməmişdən qabaq, ilk öncə yaşadığı Avropa məkanındakı davamlı siyasi, irqi, dini olayları dərindən öyrənməlidir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər