PDF Oxu

Araşdırma

  • 1 281

Azərbaycan beynəlxalq aləmdə əhəmiyyətli dövlətdir

Konfrans iştirakçıları Azərbaycanla bağlı yüksək təəssüratlarını bölüşdülər

Azərbaycan beynəlxalq aləmdə əhəmiyyətli dövlətdir

Məlum olduğu kimi, noyabrın 22-23-də "Gülüstan" Sarayında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası keçirildi. Qeyd edək ki, 35 ölkənin 210-dan çox nümayəndəninin qatıldığı və iki gün davam edən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələr aparıldı. Artıq Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası öz işini uğurla başa vurmuşdur. İCAPP-ın VII Baş Assambleyasında iştirak edən nümayəndələr xoş təəssüratlarını bölüşməkdə davam edirlər.

Xose de Venesia: "Dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasi xəttinin cənab İlham Əliyevin davam etdirməsi nəticəsində əldə olunan uğurlar Azərbaycanı dünyada tanıdır"

Filippin parlamentinin sabiq spikeri, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesia Bakıya ilk gəlişinin ötən il Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransla əlaqədar olduğunu diqqətə çatdırdı. Həmin səfərindən öncə ölkəmiz haqqında müəyyən qədər məlumata malik olduğunu vurğulayan Xose de Venesia qeyd etdi ki, səfərindən sonra təəssüratlarını daha da zənginləşdirmək imkanı əldə edib: "Məktəb illərində Cənubi Qafqaz bölgəsi barədə müəyyən məlumata malik idim. Amma bu gün böyük fəxrlə deyirəm ki, Azərbaycan Cənubi Qafaz bölgəsinin ən dinamik inkişaf edən, bu regiona böyük uğur gətirən ölkəsidir. Azərbaycan ötən dövr ərzində çox əhəmiyyətli uğurlara imza atıb. Dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasət ölkənizin bütün sahələrdə böyük inkişaf yolu keçməsinə zəmin yaradıb. Bu gün Onun siyasi xəttinin cənab İlham Əliyev tərəfindən uğurla davam edtirilməsi uğurların miqyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlar Azərbaycanı dünyada tanıdır. Müasir Azərbaycan dövləti sürətlə inkişaf edir, güclü iqtisadiyyat nəticəsində ölkənizdə yoxsulluq ən aşağı səviyyəyə çatıb. Bu uğurların fonunda Prezident İlham Əliyevi təbrik edir, uğurlar arzulayıram."

Xose de Venesia Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də xüsusi diqqət yönəldərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyirik: "Münaqişənin bu prinsip əsasında sülh yolu ilə həllini istəyirik. Ümid edirəm ki, siyasi partiyalar mövcud siyasi problemlərin həllinə səy göstərəcək, müsbət nəticələr əldə edəcəklər".

Mehmet Kasım Gülpınar: "Azərbaycanın İCAPP kimi nüfuzlu bir təşkilatın toplantısına ev sahibliyi etməsi bu ölkənin getdikcə nüfuzunun artması deməkdir"

Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasından olan millət vəkili, parlamentin Avropa Birliyi ilə əməkdaşlıq üzrə komissiyasının üzvü Mehmet Kasım Gülpınar Azərbaycanın İCAPP kimi nüfuzlu bir təşkilatın toplantısına ev sahibliyi etməsini Azərbaycanın getdikcə nüfuzunun artması kimi dəyərləndirib: "Azərbaycanın İCAPP kimi nüfuzlu bir təşkilatın toplantısına ev sahibliyi etməsi, qardaş ölkənin dünyada getdikcə artan nüfuzunun göstəricisidir. Bu, həm də, Azərbaycanın güclü bir dövlət olmaq yolunda nə qədər irəlilədiyini bir daha təsdiqləyir. Azərbaycanın bütün potensialı vardır - həm təbii sərvətlərlə zəngin bir ölkədir, həm də, bu nemətlərdən müdrikcəsinə, səmərəli istifadə etməyi bacaran bir hakimiyyəti vardır".

M.Gülpınar, İCAPP-ın keçirilən toplantısında iştirak edən Ermənistanın keçmiş xarici işlər naziri, "İrs" partiyasının sədri Raffi Ovennesyanın səsləndirdiyi əsassız iddialara toxunaraq bunu bədnam qonşularımıza xas olan bir xüsusiyyət kimi dəyərləndirdi: "Bu, ermənilərin xislətidir. Qatıldıqları bütün toplantılarda, - istər yerli əhəmiyyətli olsun, istər beynəlxalq, - tarixdə baş verməyən, sadəcə uydurma, xəstə bir təxəyyülün məhsulu olan qondarma "erməni soyqırımı" məsələsini mütləq ortaya atırlar. Məqsəd həqiqətləri dünya ictimaiyyətindən gizlətməkdir. Gizlətmək istədikləri həqiqətlər isə heç də onların xeyirlərinə deyil. Biz bu niyyətimizdən vaz keçməyəcəyik. Bunun üçün ilk növbədə güclü dövlət olmaq lazımdır. Azərbaycan və Türkiyə nə qədər güclü dövlət olarsa, dünya onların səsini bir o qədər tez eşidər. Odur ki, bu istiqamətdə səylərimizi birləşdirməli və öndərlərimizin dediyi kimi, bir millətin iki dövləti olan Azərbaycan və Türkiyənin daha da güclü olması üçün çalışmalıyıq".

Ercan Candan: "Öndərlərimiz Azərbaycan və Türkiyənin iki qardaş ölkələr olduğunu deyiblər. Biz isə deyirik ki, iki qardaş ölkəni qardaş partiyalar idarə edirlər"

Türkiyə Böyük Millət Məclisində AKP-dən olan Ercan Candan Bakıda təşkil olunan tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu görüşün Asiya regionu siyasi partiyaları arasında əməkdaşlığın daha da gücləndirilməsinə imkan verəcək: "Azərbaycan paytaxtında keçirilən bu görüşün hər bir iştirakçı üçün yaddaqalan olacaq. Xüsusi olaraq vurğulamaq istərdim ki, iki qardaş ölkə -Azərbaycan və Türkiyənin hakim partiyaları arasında çox yüksək səviyyədə əlaqələr qurulub. Öndərlərimiz Azərbaycan və Türkiyənin iki qardaş ölkələr olduğunu deyiblər. Biz isə deyirik ki, iki qardaş ölkəni qardaş partiyalar idarə edirlər".

Azərbaycandakı inkişafı yüksək qiymətləndirən Ercan Candan Bakının memarlıq üslubuna heyran qaldığını deyib: "Avropanın bütün şəhərlərində olmuşam. Amma Bakı tam fərqli bir şəhərdir. Burada keçmişlə müasirlik vəhdət təşkil edir. Şəhərin inkişafı göz qabağındadır və bir neçə yarımçıq tikililər tamamlandıqdan sonra Bakının bu bölgənin ulduzu olacağına əminəm. Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi iqtisadi, sosial və s. islahatlar nəticəsində bu gün Azərbaycan bölgənin lider dövlətinə çevrilib. Hesab edirəm ki, bu uğurlar bundan sonra da davam edəcək və qardaş Azərbaycan xalqı layiq olduğu rifahına qovuşacaqdır".

Ai Pinq: "Azərbaycanın son bir neçə il ərzində keçdiyi uğurlu inkişaf yolu bizi heyrətləndirir"

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr departamentinin müdir müavini Ai Pinq bildirmdi ki, Bakı bütün dünyada gözəlliyi ilə tanınmış tarixi şəhərdir: "Azərbaycanın son bir neçə il ərzində keçdiyi uğurlu inkişaf yolu bizi heyrətləndirir. Bakının inkişafı bizim təsəvvür etdiyimizdən də yüksəkdir. Ümumilikdə, Azərbaycanın son bir neçə il ərzində keçdiyi uğurlu inkişaf yolu bizi heyrətləndirir".

Mövlana Fəzl-ür-Rəhman: "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı göz qabağındadır"

Pakistan parlamentinin Kəşmirə dair işlər üzrə xüsusi komitənin başçısı, "Camiat Üləmai-İslam-Fəzl" partiyasının əmiri Mövlana Fəzl-ür-Rəhman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiklərini bildirdi: "Pakistan" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. Bu məsələdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı göz qabağındadır. Siz Ermənistanı tanıdığınız halda, Pakistan onu bir dövlət kimi ümumiyyətlə tanımır. Pakistan bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Bakıya hərtərəfli yardım göstərməyə hazırdır".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər