Türkiyə sadəcə Türksoylu Respublikalar ilə deyil, Rusiya, Ukrayna, Gürcüstan və Belarus kimi dövlətlər ilə də əməkdaşlığı inkişaf etdirməkdədir. Beləliklə Türkiyə qısa bir zamanda postsovet ölkələri ilə ticarət, iqtisadiyyat, enerji, turizm kimi sahələrdə əməkdaşlıq əlaqələri qurmuşdur. Buna əlavə olaraq Türksoylu Respublikalar ilə mədəni əlaqələr də genişlənməkdədir. Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin hazırladığı hesabatda Türkiyənin postsovet respublikaları ilə olan münasibətləri tədqiq olunur. Hesabat 3 dildə (rus, ingilis və türk) dillərindədir.
Hesabat, ilkin olaraq Türkiyə xarici işlər naziri pr.Əhməd Davudoğlunun ortaya atdığı "sıfır problemi" siyasi xəttinə işarə edərək "sıfır problem" mövzusu ilə başlayır. Bu mənada, Türkiyə Qərb ilə Şərq arasında körpü olaraq qiymətləndirilməkdədir. Belə ki, Sovet İttifaqının dağılmasından və MDB ölkələrinin yaranmasından 20 il keçmişdir. Məhz müasir dövrdə Türkiyənin keçmiş sovet respublikaları ilə inkişaf etdirdiyi əməkdaşlıq haqqında bir çox nəticələr əldə etmək mümkündür. Hesabatın növbəti mövzularında, Türkiyə-Rusiya, Türkiyə-Ukrayna, Türkiyə-Belarus, Türkiyə-Cənubi Qafqaz və Türkiyə-Orta Asya münasibətlərindən bəhs edərək, nəticə və mənbələr ilə hesabat tamamlanmaqdadır. Bizi burada maraqlandıran, ümumiyyətlə, Türkiyə-Cənubi Qafqaz fəslindəki, xüsusilə, Türkiyə-Azərbaycan mövzusunun işlənməsidir.
Hesabatda Türkiyə-Azərbaycan münasibətləri ilkin olaraq Türkiyənin Ermənistanla olan əlaqələri kontekstində qiymətləndirilir. Belə ki, Türkiyə-Ermənistan arasında bağlanan protokolların əsasında Ermənistan ilə Türkiyə arasında ticarət əlaqələrinin inkişafı labüd olacaqdı. Ancaq bir çox daxili səbəb kimi qardaş ölkə olan Azərbaycana türk xalqının yaxın olması, Ermənistana qarşı "sıfır problemi" siyasətinin tətbiq olunmasına maneə yaratdı.
Hesabata görə Türkiyə-Azərbaycan əlaqələrindəki inkişafın özünəməxsus tərəfləri vardır. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməkdədir. Məhz bu əlaqələrin gücləndirilməsi nəticəsində, 2010-cu ildə Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Memorandumu imzalanmışdır. Digər tərəfdən 2011-ci ildə Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 3,5 milyard dollara çatmışdır. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə artıq "romantizmin" yerini "praqmatizm" almışdır.
Təqdim olunan hesabatda qısa şəkildə Türkiyə-Azərbaycan əlaqələrindəki inkişafa maraqlı aspektlərdən toxunulmuşdur. Ancaq bu əlaqələrin təsvir və təhlili daha geniş şəkildə, məsələn, Türkiyə-Rusiya münasibətləri adı altında olduğu kimi təqdim oluna bilərdi.
Rəşad İlyasov,
fəlsəfə doktoru