Qərbin multikulturalizmin böhranından sonrakı strategiyası
Qərbsayağı multikulturalizmin bu mərhələsini bir vaxtlar Sovetlər İttifaqında formalaşdırılmağa çalışılan beynəlmiləlçilik ideologiyası ilə müqayisə edirlər. Məlumdur ki, Sovetlər İttifaqında dövlət siyasəti milli mədəniyyət və ideologiyanın məhv edilməsinə yönəlmişdi. Süni yaradılmış xalqların qardaşlığı meyarına xidmət, dini, tarixi, mədəni ənənələrdən imtina və əvəzində vahid sovet cəmiyyəti və vətəndaşı yaradılması siyasəti özünü doğrultmadı. Çünki bu ideologiyada fərqli milli, mədəni, dini dəyərlərin birgəyaşayışına hörmət prinsipi gözlənilmirdi. Universal dəyərlər sistemi milli-mədəni mentaliteti nəzərə almadan formalaşdırılmağa çalışılırdı.
Vahid mədəni məkanın yaradılması üçün isə ilk növbədə tolerant münasibət zəruridir. Bu mənada beynəlmiləlçilik və Qərbsayağı multikulturalizmin arasında müəyyən oxşarlıqların olduğu görünür. Beynəlmiləlçilik ideologiyası özünü doğrultmadı, fərqli mədəniyyətləri öz mədəni dəyərlərinə təhlükə hesab edən multikulturalizmin "Avropa" modeli isə böhran yaşayır.Qərbin multikultural dəyərlərinin formalaşmasında böhrandan sonrakı dövr üçün yeni tendensiya müşahidə olunur. Qərb böhranla qarşılaşdıqdan sonra çıxış yolu kimi Qərb dəyərlərinin bəşəri ideya olaraq qlobal miqyasda qəbul etdirilməsinə çalışır. Bu mərhələni Qərb modelinin universal bəşəri dəyərə çevrilməsi istiqamətində cəhd kimi qiymətləndirmək olar. Yəni, Avropaya yeni gələn miqrantlara Qərb dəyərlərinin qəbul etdirilməsi onlar hələ miqrasiya etməmişdən əvvəl öz ölkələrində ikən başlanır. Bununla da Qərb Avropa cəmiyyəti daxilində miqrantlara münasibətdə həll edə bilmədiyi problemləri qlobal miqyasda milli-mədəni mentalitetdən kənar kosmopolit dəyərlər hesabına həll etməyi düşünür. Bu gün qloballaşma prosesi multikulturalizm müstəvisində mədəni dəyərlərin universal modelini yaratmağa yönəlmişdir. Bu yeni tendensiyada əsas xarakterik xüsusiyyət ondan ibarətdir ki, Qərb mədəniyyəti təkcə öz mədəni dəyərlərini diktə etməklə kifayətlənmir, həm də başqa mədəniyyətlərin dəyər meyarlarının formalaşmasına nəzarət edir.Qərb həyat tərzinin qlobal miqyasda dominant təsir mexanizminin yaradılması taktikası Qərbin mədəniyyətlərin qarşıdurmasından çıxış strategiyası kimi nəzərdən keçirilir. Bu gün siyasi, iqtisadi, mədəni həyatda qloballaşma prosesləri, tolerantlıq, çoxmədəniyyətlilik kimi gündəlik həyatımızı zəbt edən proseslər bu istiqamətə yönəldilir. Beynəlxalq hüquq və universal normalar, mətbuat, internet, kino, musiqi, kulinariya, brend məhsullar və daha ağla gəlməyən hər bir şey bu məqsədlə istifadə olunur. Misal üçün, gününümzdə sırf Qərbə məxsus ənənə olaraq "Cadılar bayramı" (Halloween) adlı bir mərasimi kütləviləşdirmək və qlobal miqyasda, xüsusən də İslam dünyasına təqdim etmək üçün "Macdonalds" restoranlar şəbəkəsindən istifadə olunur. Müsəlman ölkələrdə "Macdonalds" restoranlarında bu bayramın təmtəraqla keçirilməsi yeni nəslin hafizəsində qalmaqdır. Çünki məlum olduğu kimi bu restoranlar ən çox uşaqların sevimli məkanıdır.Hollivud kino industriyası da Qərb dəyərlərinin bəşərilik qazanması üçün xüsusi rola malikdir. Bu kinolarda təqdim olunan Qərb həyat tərzinin cazibədarlığı heç də reallığı əks etdirmir. Bir tərəfdən güclü texnologiyaya əsaslanan hərbi qüdrət, ədalət uğrunda mübarizə, gündəlik həyatda lüks avtomobillər, restoranlar, zərif cinsin ehtiraslı libidosunun təqdimatı izləyicilərdə fərqli təsəvvürlər yaradır. Uşaqlar üçün multfilm qəhrəmanlarının da yaradıcıları onlardır. Mickey Mouse, Tom və Ceri, Superman, Betman kimi personajlar Qərb dəyərlərinin təqdimatına öz töhfələrini verirlər. Bu gün kino mütəxəssisləri də həyəcan təbili çalırlar ki, artıq multfilmlər uşaqların vaxtından əvvəl böyüməsinə səbəb olur və ümumilikdə yaş kateqoriyasına uyğun deyil. Beləliklə, hələ uşaqlıqdan insanların hafizəsinə sevimli əyləncə kimi daxil olan media imperiyalar bütün sonrakı həyatı boyu insanlara təqdim etdiyi informasiyaya inandırmaq üçün bünövrə hazırlayırlar.Musiqi də bəşəri dəyər ola bilmək üçün güclü təsirə malikdir. İslam ölkələrində Qərb musiqisi mühüm təsir vasitəsi hesab olunur. Belə ki, bəzi islam ölkələri vardır ki, yerləşdiyi çətin coğrafi şəraitə görə Qərb üçün əlçatmazdır. Bu mənada Əfqanıstanı xüsusi fərqləndirmək lazımdır. Lakin maraqlıdır ki, bir neçə yüz ildir Qərbə silahla təslim olmayan Əfqanıstana da Qərb dəyərləri musiqi vasitəsilə nüfuz etmək iqtidarındadır. 2011-ci ildə Kabildə keçirilən rok festivalı öz ətrafında əfqan gənclərini, hətta qadınları da toplaya bilməsi maraq doğurur.Bu gün insan hüquqlarının müdafiəsi altında atılan addımlarda belə Qərbin sinxron münasibət tələb etməsi müəyyən maraqlara xidmət edir. Belə ki, Avropanın xüsusən islam ölkələrində ən həssas yanaşdığı məsələlər gender bərabərliyi, cinsi azlıqların müdafiəsi, kənd yerlərində maarifləndirmə kimi demoqrafik struktura təsir edə biləcək məsələlərdir. Avropa İttifaqının islam ölkələrinə yardım proqramlarında da qeyd edilən istiqamətlər prioritet təşkil edir. Göstərilən sahələrdə islam ölkələrinin minillərdir formalaşmış ənənələri, əxlaq normaları heç bir halda nəzərə alınmır və Qərbdə tətbiq olan normalar islam ölkələrinin qarşısında insan hüquqları standartı olaraq qaldırılır. Məsələnin görünməyən tərəfi isə bundan ibarətdir ki, bu yanaşma Qərbin demoqrafik siyasətinə xidmət edir. Belə ki, məlum olduğu kimi, Avropada əhalinin təbii azalması və eyni zamanda yaşlaşması prosesi gedir. Əsas səbəb kimi isə ailə dəyərlərinin tənəzzülə uğraması, müxtəlif cinsi azlıqların sayının artması, boşanmalar, qadınların karyeranı ailədən üstün tutması, urbanizasiya səviyyəsi və digər amilləri sadalamaq olar.Bütün bunların fonunda Qərb inkişafı təmin edə biləcək insan resursları çatışmazlığını işçi miqrantlar hesabına doldurur. Bu miqrantların yeni gəldikləri ölkələrdə öz ənənəvi əxlaq və ailə normaları çərçivəsində həyatlarını davam etdirməsi isə onların say olaraq xüsusi çəkisinin artmasına səbəb olar. Belə olan halda, Qərb əvvəlcədən müsəlman ölkələrində cinsi azlıqları müdafiə etməklə, ailədə və işdə sərbəst qadın tipajı yaratmaqla, kənd yerlərində şüurlara təsir etməklə İslam ölkələri ilə demoqrafik balansı tənzimləmək istəyir.Beləliklə, Qərbin multikulturalizm böhranından çıxa bilmək üçün bəşəri ideyalar adı altında qlobal müstəvidə universal dəyərlər yaratmaq niyyəti əvvəlcədə uğursuzluğa məhkumdur. Doğrudur, atılan addımlar təsirsiz də deyil. Çünki hazırda islam ölkələrində cəmi 40-50 il əvvəl tabu kimi görünən bir çox xarakterik xüsusiyyətlər transformasiya olunmuş və ya adiləşmişdir. Ailə dəyərləri sürətli şəkildə deqradasiyaya uğrayır. Mətbuatda, televiziyada ənənəvi olmayan cinsi münasibətlər həyat tərzi olaraq təqdim olunur. Əhalinin müəyyən təbəqəsi üçün bütün bunlar adiləşmişdir və maraqlıdır ki, Avropa bu qismi mühacir olaraq heç bir şərtsiz qəbul edir. Bütün bunların islam ənənələrinə uyğun gəlməməsinə isə dözümsüzlük kimi baxılır. Belə olan halda Qərbsayağı multikulturalizmin gələcəyi dumanlı görünür və hansı trendlərə səbəb olacağını proqnozlaşdırmaq çətinlik yaradır.
Multikulturalizm – həyat tərzi
Beləliklə, mədəniyyətlərarası münasibətlərdə bir modelin hökmranlığı özünü doğrultmur. Qərbsayağı multikulturalizmin qarşılaşdığı böhran da bunu bir daha təsdiq edir. Yalnız Qərb dəyərləri üzərində qurulan universal dəyərlərin heç bir mill-mədəni xüsusiyyətləri nəzərə almadan qlobal arenada qəbul olunması mümkünsüzdür.Lakin bu heç də o demək deyil ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Biz qənaətimizə görə, multikulturalizmin bu günü də, gələcəyi də vardır. Hər bir regionun və hətta bəzən ayrılıqda götürülmüş hər bir ölkənin özünəməxsus multikultural dəyərləri mövcuddur. Min illərdir yanaşı yaşayaraq sərbəst qarşılıqlı təsir hesabına zəngin mədəni mühit formalaşdırılması bəşəriyyətin təbii inkişaf yolunu əks etdirir. Belə məkanlardan biri də Azərbaycandır. Şərqlə Qərbin, Şimalla Cənubun, xristianlıqla islamın, müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan multikulturalizmin əbədiyaşar olduğunu təsdiqləyir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bildirdiyi kimi "Multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar." Multikulturalizmin uğurunun başlıca şərti bəşəri və milli ideyaların birgə mövcudluğu, eləcə də multikultural dəyərlər sisteminin əhatə dairəsində olan xalqların milli identikliklərinin qorunmasıdır. Başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz dəyərlərinə olan hörmətdən başlamalıdır.Beləliklə, maraqlı mənzərə yaranır. Necə olur ki, dünyanın ən inkişaf etmiş regionu hesab olunan Qərbdə multikulturalizm böhran yaşayır, digər əksər yerlərdə isə multikulturalizm inkişaf üçün əsas prinsip hesab olunur. Fikrimizcə, əsas fərq bu anlayışa ideologiya yaxud həyat tərzi olaraq baxılmasından yaranır. Qərbsayağı multikulturalizm dünyada universal model kimi təqdim olunmağa çalışılır, eyni zamanda digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Buna görə özünü doğrultmur. Halbuki qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı olmadan mümkün deyil. Bu gün dünyada monoetnik dövlətlər çox az qalıb. Eyni zamanda beynəlxalq münasibətlərdə də istər siyasi, istərsə iqtisadi və ya mədəni sahə olsun hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər.Lakin Qərb təcrübəsinin uğursuzluğu multikulturalizmin tənəzzülü və ya süqutu demək deyil. Fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsini həyat tərzi kimi qəbul etmək bəşəriyyətin nicat yoludur. Multikulturalizmin "Azərbaycan modeli" də sübut edir ki, fərqli millətlərin və dinlərin təmsilçiləri öz identikliklərini qorumaqla və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarındadırlar. Sadəcə olaraq bunu fərqlilikləri assimilyasiya etməyə çalışan ideologiya deyil, əsrlər boyu davam edən gündəlik həyat tərzi kimi qəbul etmək lazımdır. Əslində bəşəriyyətin gələcək inkişaf üçün başqa yolu da yoxdur. Ona görə də, bəşəriyyət var olduqca multikulturalizm da mövcud olacaqdır. Bu dəyərlərdən standart meyar yaratmağa yönəlmiş ideologiya isə nəinki böhrandadır, hətta yaşamaq hüququnu itirmişdir.
Newtimes.az