PDF Oxu

Araşdırma

  • 1 091

Suriyanın aqibətinə dair

Suriyanın aqibətinə dair

Qərb mətbuatı bu günlərdə ABŞ müttəfiq ölkələrlə birlikdə Suriyaya müdaxilə etmək üçün hazırlaşdığını xəbər verməkdədir. Məhz Suriyada 21 aydır davam edən və 41 min şəxsin ölümü ilə nəticələnən vuruşmalar davam edərkən Bəşər Əsəd rejiminin kimyəvi silahlardan istifadə etmə ehtimalının ciddi olduğunu bildirən qərbli güclərin Suriyaya qarşı hərbi tədqiqatlara başlayacaqları reallıq qazanır. İddiaya görə Liviyadakı kimi müttəfiqlər hava hücumunu təşkil edərək Suriyanı vuracaqlar. Ümumiyyətlə, qərbli güclər indiyə kimi Orta Şərqdə hakimiyyətdən salınan rejimlərin haqqında kimyəvi silah arqumentindən istifadə etməyi bacarırlar. Səddam və Qəzzafinin aqibətini burada xatırlamaq olar.

Digər tərəfdən isə, suriyalı müxalifətin silahlı qruplarının komandirləri bu dəfə bir neçə gün əvvəl Antalyada beşulduzlu bir oteldə toplaşdılar. Təsadüfi deyildir ki, toplantıda masa başında Türkiyənin yanında ABŞ, Qətər, Fransa və Səudiyyə Ərəbistanından da təmsilçilər olub. Suriya müxalifəti bu toplantıda müttəfiq güclərdən ağır silahlar və xüsusilə, Əsəd rejiminin istifadə etdiyi hücum təyyarələrinə qarşı raketlərin verilməsini tələb etdilər. Bütun bunlar yaxın günlərdə və gələcəkdə Suriyada ciddi və ağır çarpışmaların olacağını bir daha təsdiq edir.

Məhz bu günlərdə ABŞ-ın ən böyük hərbi gəmilərindən "Eyzenhover" adlı gəminin Suriya sahillərinə doğru hərəkət etməsi də, Vaşinqtonun hərbi müdaxiləyə hazırlaşdığı iddialarına işarə edir. ABŞ Senatı da, öz növbəsində, Milli Müdafiə Səlahiyyəti Layihəsini təsdiq edərək, Obama hökümətinin Suriyaya müdaxiləsinə imkanlar yaratdı. Qeyd olunan gəmidə roketdən müdafiə sistemi də mövcuddur. Rusiya da, öz növbəsində, Qara dənizdəki bir neçə gəmisini Suriyanın Tarsus limanına göndərəcəyini açıqladı. Bundan əlavə bəzi mənbələrə görə Rusiya NATO-nun Türkiyəyə verdiyi "Patriot" raketlərinə qarşı "İsgəndər" adlı raketlərini Suriyadakı hərbi bazası vasitəsi ilə iqtidar ordusuna verməyi qərara almışdır. Həqiqətən də, bu iddialar və hərbi kontingetin Suriya sahillərində Aralıq dənizində toplaşması, Rusiya XİN rəhbəri Sergey Lavrovun ifadəsi ilə "Çexovun pyesində olduğu kimi, səhnə divarında asılmış tüfəngin, səhnənin sonunda açıla biləcəyi" ehtimalını qüvvətləndirir. Əlbəttə ki, bu regional təhlükəyə səbəb olacaqdır. Əksər siyasi ekspertlərə görə məhz Rusiya Liviyadan fərqli olaraq Suriyanın arxasından qaçacağı təqdirdə, İranı da satmış olacaqdır. Bu da Rusiyanın, nəticədə, Orta və Yaxın Şərqdəki nüfuzunu itirməsi mənasına gəlir.

Bu kontekstdə qeyd olunmalıdır ki, Qərb və digər media orqanlarının Bəşər Əsəd ilə bağlı yaydıqları xəbərlər, eyni zamanda, Suriya rejiminə qarşı tətbiq olunan psixoloji hücumun bir hissəsi mahiyyətində ola bilər. Çünki son günlərdə bu istiqamətlərdə meydana gələn xəbərlər bu aspektdən də qiymətləndirilməlidir. Bütun bu xəbərlər, hələ ki, öz təsdiqini tapmayaraq paradoksal mahiyyət də daşıyır. Almaniya da, öz növbəsində, Bəşər Əsədin sonunun yaxınlaşıdğını rəsmi olaraq bildirməkdədir. Bütün bunlar Suriya rejiminin ölüm-qalım ərəfəsində olduğunu göstərir. Ümumiyyətlə, Suriya ətrafında gedən proseslərdən belə bir nəticəyə gəlmək olar ki, hal-hazırda dünyanı idarə edən güclər arasında ciddi mənada anlaşmazlıqlar mövcuddur. Məhz Suriya problemində bu, özünü qabarıq tərzdə göstərir. Çin, İran və Rusiyanın Suriya rejimini dəstəkləməsi ilə ABŞ və müttəfiqlərinin anti-Əsədçi olmaları bu problemin əsas istiqamətlərini təşkil edir. Bir baxışa bu güclər arasında Bəşər Əsədin gedib-getməməsi deyil, regionda hansı tərəfin qalib gələcəyi və öz nüfuzunu daha da yayacağı ətrafında mübahisələr gedir.

Suriya rejimi isə, öz növbəsində, ABŞ və müttəfiq güclər tərəfindən Suriya Azadlıq Ordusuna kimyəvi silahlar verilə biləcəyini və bu minval ilə Suriya rejiminə qarşı vəziyyəti daha da gərginləşdirmək üçün təşviqat məqsədi ilə müxaliflərin bunlardan istifadə edə biləcəyini iddia edirlər.

Nəticədə, hal-hazırki Suriya rejimi süqut edəcəyi təqdirdə, həm Suriyanın daxilində, həm də regionda ciddi problemlər ortaya çıxacaqdır. Çünki məlum olduğu kimi, Suriya da İraq kimi etnik və məzhəbi müxtəlifliyi olan bir ölkədir. Beləliklə, rejimin çökməsi eyni zamanda parçalanmaya səbəb olacaqdır. Bu mənada, İraqdakı federal dövlət kimi Suriyanın da fedaral bir dövlət olma ehtimali güclü görünür.Bunun isə ən böyük təsiri Türkiyəyə olacaqdır.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər