PDF Oxu

Araşdırma

  • 1 092

Rusiyanın Qəbələ RLS-dən imtinası

Bu, strateji tərəfdaşlıq münasibətlərinə təsir göstərməyəcək

Rusiyanın Qəbələ RLS-dən imtinası

Azərbaycanın Qəbələ Radiolokasiya Stansiyasının icarəsi ilə bağlı bir ilə yaxın davam edən danışıqlardan sonra Rusiya satansiyanın istismarını dayndırmağı qərara alıb. Tərəflər yeni müqavilə şərtləri, icarə haqqı ilə bağlı məsələlərdə razılığa gələ bilməyiblər. Artıq rəsmi Moskva Azərbaycan tərəfinə bununla bağlı nota da təqdim edib. Notada "Azərbaycan və Rusiya hökumətləri arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşdüyü bildirilir. Məsələyə münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bunun Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə təsir göstərməyəcəyini vurğulayıb: "Azərbaycan müstəqillik qazandığı gündən dost, qonşu və bir tərəfdaş kimi Rusiya ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirib, bu istiqamətdə heç bir səyini əsirgəməyib. Hansı sahəni götürürsünüz götürün, biz çox uğurlu əməkdaşlıq etmişik. Eyni zamanda, bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdiririk.

Qəbələ informasiya stansiyasına gəlincə, bununla bağlı da neçə il idi ki, Rusiya ilə Azərbaycan arasında hər iki tərəfin qəbul etdiyi əməkdaşlıq formatı var idi. Azərbaycan Rusiya ilə olan bütün bu münasibətləri nəzərə alaraq bu illər ərzində bir simvolik qiymətə Qəbələ informasiya stansiyasını Rusiyaya icarəyə verirdi. Münasibətlər bu istiqamətdə davam edirdi. Lakin 2012-ci ilin əvvəlindən iki ölkə arasında bu stansiya ilə əlaqədar danışıqlar gedirdi, danışıqların məqsədi də ondan ibarət idi ki, sözügedən məsələdə əməkdaşlıq davam etsin. Ancaq bu əməkdaşlığın bir qədər yeni formatda və yeni şərtlər çərçivəsində davam etdirilməsini istəyirdik. Çünki Rusiyanın icarə haqqı kimi ödədiyi məbləğ, doğrudan da, çox simvolik xarakter daşıyırdı. Bununla bağlı mövqeyimizi dəfələrlə Rusiyaya bildirmişdik. Biz Rusiya ilə iqtisadi əməkdaşlıq əlaqələrini ən yüksək tələblər çərçivəsində qururuq. İstədik ki, Rusiya da Qəbələ informasiya stansiyası məsələsində əməkdaşlığı yeni şəraitə uyğun qursun və bizim əməkdaşlığımız davam etsin. Onlar bununla razılaşmadılar və bu, onların öz işidir. Hesab edirəm ki, biz əlimizdən gələni etdik, ona görə də bu məsələnin bizim ikitərəfli münasibətlərə hər hansı formada təsir göstərə biləcəyi barədə heç düşünmürəm".

Məsələnin parlament səviyyəsində - Milli Məclisdə açıq müzakirəsi də onun ictimai-siyasi gündəmdə kifayət qədər aktuallıq kəsb etdiyini söyləməyə əsas verir. Müvafiq müzakirələrin gedişində vurğulanıb ki, Rusiyanın Qəbələ RLS-dən imtina etməsi iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək.

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, stansiyanın yerləşdiyi ərazinin gələcəkdə hansı məqsədlə istifadə olunacağı dövlətin qərarından asılıdır. Ola bilər ki, burada turizm məkanı yaradılsın. O, bəzi media qurumlarını RLS ətrafında yersiz hay-küy yaratmaqda qınayıb: "Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirən, həmçinin, əhali arasında xof yaradan yazılara yer verilir. Bu hadisənin Azərbaycana təhlükə törədəcəyi barədə yalan məlumatlar yayılır. Azərbaycan üçün hansısa bir təhlükə mövcud deyil. Azərbaycan Cənubi Qafqazda böyük və güclü bir dövlətdir. Özünün təhlükəsizliyini təmin etməyə də qadirdir. Bu, Rusiya ilə münasibətlərimizə təsir etməyəcək. Dövlətlərarası münasibətlərimiz olduğu qaydada davam edir".

Qəbələ RLS SSRİ zamanında yaradılıb və uzun müddət Sovet İttifaqının raketlərdən müdafiə kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 1985-ci ildə istismara verilib. Mütəxəssislərin hesablamalarına görə, RLS 6 min km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bununla da İran, Türkiyə, Hindistan da daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı yaranır. Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilər.

Sabiq dövlət müşaviri Vəfa Quluzadə bu məsələ ilə bağlı KİV-ə açıqlamasında söyləyib ki, Rusiya artıq "Voronej" tipli, yeni texnologiya ilə işləyən RLS-lər tikib: "Artıq onun "Qəbələ"yə ehtiyacı yoxdur. Azərbaycanın torpağına, əhalisinə bu qədər ziyan vuran stansiya daha işləməyəcək və ləğv olunur. Azərbaycan bu stansiyanı Moskvanın strateji maraqlarına görə ərazisində saxlayıb, işləməsi üçün əlindən gələni edib".

Qəbələ RLS-in icarə müddəti 2012-ci ildə başa çatırdı. Bir ilə yaxındır ki, icarə haqqı ilə bağlı danışıqlar aparılırdı. Sovet İttifaqı dağılandan sonra stansiya Azərbaycanın mülkiyyətinə keçib. Rusiya isə 2002-ci ildə 10 illiyə bu stansiyasını icarəyə götürmüşdü. Hətta bir müddət öncə Moskva RLS-i ABŞ-la birgə istismar etmək haqda təklif də səsləndirmişdi. "8-lər"in bir neçə il öncə keçirilən zirvə görüşündə Rusiya prezidenti Vladimir Putin müvafiq təşəbbüslə çıxış etmişdi. Bununla bağlı müəyyən müzakirələr, məsləhətləşmələr aparılsa da, sonradan rəsmi Vaşinqtonun konkret münasibət bildirməməsi səbəbindən, məsələ açıq qalmışdı. Stansiyada 1400 Rusiya hərbiçisinin qulluq etdiyi bildirilirdi.

Rusiyanın hərbi ekspertləri yerli mediaya verdikləri açıqlamalarda bildirirlər ki, gələn il istifadəyə veriləcək "Voronej" radarı texniki parametrlərinə görə Qəbələ stansiyasını əvəz etməyə qadirdir. Rusiya müdafiə nazirliyinin nümayəndəsi, polkovnik Aleksey Zolotuxin isə 2013-cü ildə bir neçə yeni nəsil stansiyanın tikiləcəyini qeyd edib: "2013-cü ilin ilk rübündə Krasnodar vilayətində zavod hazırlığı texnologiyası üzərində qurulan yeni nəsil Voronej stansiyası hərbi növbətçiliyə başlaycaq". Bundan öncə daha bir stansiya Rusiyanın şimal anklavında - Kalininqrad vilayətində yerləşdirilib.

Rusiyanın Xarici Müdafiə Şurasının İdarə Heyətinin sədri Feodor Lukyanov bildirir ki, Azərbaycan Rusiya üçün həmişə enerji tərəfdaşı kimi əhəmiyyətli olub: "Qəbələ RLS-in istismarı ətrafında mübahisə Armavirdə eyni gücə malik yeni stansiyanın tikintisi bitəndən sonra yarandı. Belə ki, əvvəllər icarəhaqqı Rusiya üçün əlçatımlı idi. Qiymət ucuz idi deyə, RLS-i saxlamaq Rusiyaya sərf edirdi. Lakin Azərbaycan tərəfi qiyməti qaldırandan sonra Qəbələ RLS-in saxlanılması öz aktuallığını itirdi. Strateji nöqteyi-nəzərdən, Qəbələ RLS-dən imtina Rusiyaya heç bir ziyan vurmur. Burada söhbət yalnız nüfuzdan gedir. SSRİ-nin süqutundan 20 ildən çox vaxt keçib və o vaxtki nüfuz anlayışına yenidən baxmaq lazımdır".

Göründüyü kimi, həm Azərbaycan, həm də Rusiyada məsələnin həllinə, Qəbələ RLS-in Rusiya tərəfindən istismarının dayandırılmasına kifayət qədər praqmatik və rasional yanaşılır. Hər iki tərəf bu məsələdə qarşılıqlı anlaşma və suveren hüquqların gözlənilməsi prinsiplərindən çıxış edir. Bu, eyni zamanda, Azərbaycanın xarici əlaqələrdə kifayət qədər mobillik, səmərəli fəallıq nümayiş etdirdiyini, öz təbii, qanunauyğun maraqlarını yüksək səviyyədə qoruduğunu bilavasitə təsdiqləyir.

Naib NİFTƏLİYEV

Digər xəbərlər